Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün növbə

post-img

Macarıstanın XİN rəhbərinin dediklərinə sözardı

“15 il əvvəl Macarıstanla Azərbaycan arasında qarşılıqlı hörmət əsasında tərəfdaşlıq qurulanda bəzi Avropa liderləri bu təşəbbüsə istehza ilə yanaşıb. Bu gün isə həmin liderlər Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar”.

Bu fikri Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Azərbaycan-Macarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiyanın 11-ci iclasında dilə gətirib. Nazir əlavə edib ki, Bakı ilə əməkdaşlıq Budapeştə enerji, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində böyük nəticələr qazandırıb: “Mərkəzi və Şərqi Avropanın aparıcı inteqrasiya olunmuş neft və qaz korporasiyası MOL Group və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında səhmlərə sahibdir və beynəlxalq bazarda sadə alıcıdan enerji istehsalçısına çevrilib”.

Əlbəttə, cənab Siyartonun bildirdikləri Macarıstanın zamanında düz yol tutduğunun, strateji davrandığının uca səslə bəyan edilməsidir. Onun söylədikləri, habelə, Avropanın lider institutundakı geniş düşüncə sisteminin kasadlığının, rasional və proqmatik siyasət yürütmək qabiliyyətinin zəifliyinin, bəzən isə tamamilə mövcudsuzluğunun göstəricisidir. Ən başlıcası isə nazirin dilə gətirdiyi sözlər Azərbaycan dövlətinin beynəlxalq xarici siyasət uğurunun növbəti dəfə vurğulanmasıdır. Uğurun müəllifi isə Prezident İlham Əliyevdir.

Bəli, cənab İlham Əliyevin həyata keçirdiyi kurs dünyanı Azərbaycanla hesablaşmağa məcbur edən dönməz trayektoriyaya malik son dərəcə ciddi alətdir. Əlbəttə, hazırda beynəlxalq müstəvidə, o cümlədən “köhnə qitə”də ölkəmizə qarşı hədyan yağdıranlar tapılır. Ancaq yekunda belələrinin miskinlikləri və rəzillikləri, yalnız qərəzə kökləndikləri üzə çıxır. Çox tez-tez Prezident İlham Əliyevin Avropaya bir səfəri ilə onların mənfi yüklü ritorikalarının regionun ictimai rəyində heç bir önəm daşımadığının şahidi oluruq. Ölkəmizin lideri sanki onları tarimar edir.

Dövlətimizin başçısı getdiyi ölkələrdə elə yüksək səviyyədə qarşılanır ki, bir anlıq sual edirsən: Yəni, bəziləri rüsvayçılıqla üzləşməkdən həzz alırlar? Görünür, əvvəl rüsvay olub sonra Prezident Əliyevlə şəkil çəkdirərək düşdüyü acınacaqlı duruma rəng qatanlar da var. Hər halda, cənab Siyarto nə dediyinin, hansı mesajı verdiyini yaxşı fərqindədir.

Qeyd edək ki, cənab Siyartonun səsləndirdiyi fikirlər, eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda ciddi tərəfdaş simasının da növbəti dəfə vurğulanmasıdır. Macarıstanın XİN rəhbəri 15 il əvvəlki dövrü yada salır. O dövrü ki, onda cənab İlham Əliyev yeddi il idi ölkəmizə rəhbərlik edirdi. Deməli, düşünülmüş kurs üzərindən 15 il keçdikdən sonra Avropa liderlərini ölkəmizin başçısı ilə şəkil çəkdirmək üçün növbəyə düzüb. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasi kursun uzaqgörənliyini bildirəndə məhz bunu nəzərdə tuturduq. Həqiqətən, ortada qürur duyulacaq mənzərə var.

Bəli, cənab Siyartonun bildirdikləri, ümumən, dəfələrlə özünü göstərən reallığın növbəti dəfə səslənməsi idi. Reallıq isə İlham Əliyev şəxsiyyətinə yüksək dəyər parametrlərinə malikdir. Bu yerdə Serbiya Prezidenti Aleksandr Vuçiçin Prezident İlham Əliyevlə bağlı fikirlərini yada salaq. Cənab Vuçiç 2022-ci il oktyabrın 1-də Sofiyada keçirilmiş Cənub-Şərqi Avropa Ölkələrinin Dövlət Başçılarının görüşü və Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi səciyyəli toplantıda bunu demişdi: “Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm, o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”.

Yeri gəlmişkən, Prezident İlham Əliyev Sofiyadakı toplantıya fəxri qonaq qismində dəvət olunmuşdu. Mərasimdə, həmçinin, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen, Bolqarıstan, Yunanıstan, Serbiya, Şimali Makedoniya və digər ölkələrin dövlət başçıları iştirak etmişdilər. IGB interkonnektorunun istifadəyə verilməsi isə Avropa üçün strateji hadisə idi. Çünki Azərbaycan qazının Bolqarıstan və digər Balkan ölkələrinə nəqlinin başlanması qitənin enerji təhlükəsizliyi baxımından dönüş nöqtəsi sayılırdı və bu dönüşün müəllifi ölkəmizdir.

Yəni, cənab Vuçiç açıqlamasa da, İlham Əliyev prezidentliyinin sirrinin nədən ibarət olduğunu gözəl bilir və əslində, o, indi Siyartonun açıq formada səsləndirdiyi fikirləri o zaman bir qədər diplomatik tərzdə dilə gətirmişdi. O, Avropa liderlərinə, təxminən, bunu demişdi: Siz İlham Əliyevin siyasəti qarşısında yenik düşməyə məhkum oldunuz, mən isə onunla dostam. Axı Serbiya Prezidentinin dövlətimizin başçısına dostluqdan qaynaqlanan münasibətini ifadə edən başqa fikirlər də var. Məsələn, o, 2022-ci il noyabrın 23-də dövlətimizin başçısı Belqradda olarkən demişdi: “Prezident Əliyev etibarlı tərəfdaşdır. Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Mən, həqiqətən, şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib. Ölkəmizin təhlükəsizliyini təmin edəcəyik, ən azı cənab Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını edəcəyik”.

Deməli, cənab İlham Əliyevin Azərbaycan üçün etdiklərinin yarısını etmək. Macarıstanın XİN rəhbərinin təbirincə desək, hazırda dövlətimizin başçısı ilə şəkil çəkdirmək üçün növbəyə duran Avropa liderlərinin neçəsinin düşüncəsində öz ölkəsinə xidmət amalının mövcudluğunu demək çətindir. Axı kosmopolit zamanda yaşayırıq. Eyni zamanda, həmin liderləri də görürük. Tutaq ki, Fransa Prezidenti Emmanuel Makronu. Heç şübhəsiz, avantürist obraza malik Makronun ağlının ucundan belə Fransa xalqına xidmət keçmir. O, sadəcə özünütəsdiq barədə düşünür, hakimiyyət kreslosundan möhkəm yapışmağın dərdindədir. Təəssüf ki, Avropada Makron kimilər kifayət qədərdir və “köhnə qitə”nin böhranın şərtləndirən amil həm də budur. Məhz buna görədir ki, ABŞ Prezidenti Donald Tramp region liderlərini qarşısında otuzdurub onlara dərs keçər kimi davranır. Ağ Ev rəhbəri, sanki, balaca uşaqlara nə isə öyrədir. Birləşmiş Ştatlar Prezidentinin dövlətimizin başçısına necə yüksək münasibət göstərdiyini isə ötən ay bütün dünya gördü.

Prezident İlham Əliyevin fəaliyyətinə dəyər və rəğbət baxımından dilə gətirilmiş fikirlərin sayı-hesabı yoxdur və məqsədimiz heç də onların hamısını diqqətə çatdırmaq deyil. Həm də ona görə bu məqsəddə deyilik ki, həmin fikirləri bir yazıya sığışdırmaq mümkünsüzdür. Ümumiləşdirmə apararaq sonda deyək ki, dövlətimizin başçısının ölkəmiz naminə gerçəkləşdirdiyi fəaliyyətin miqyası çox böyükdür və ona dünyada rəğbət formalaşdıran başlıca amil də məhz budur. Nəzərə alaq ki, Prezident İlham Əliyev şəxsiyyətinə rəğbət müasir müstəqil Azərbaycana, Azərbaycan xalqına rəğbətdir.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət