Xasıyevlərin xas sənəti

post-img

Onların üçü də aktyordur: ata – Əməkdar artist Nadir Xasıyev, oğullar – Səməd və Elay Xasıyevlər. Nadir müəllimlə Səməd Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Elay isə Sumqayıt Dövlət Dram Teatrında çalışırlar və aparıçı sənətçilər sırasındadırlar. Amma Xasıyevlərin haqqında bu qeydləri yazmağıma bir səbəb də hər üçünün gözəl səslə mahnılar ifa etməsidir. Həm teatr səhnələrində, həm də müxtəlif məclislərdə oxumalarının dəfələrlə şahidi olmuş və heyran qalmışam.

Nadir Xasıyevi 30 ildən çoxdur ki, tanıyıram. Dövlət televiziyasının Ədəbi-dram verilişləri baş redaksiyasında işlədiyim vaxtlarda onu hazırladığım verilişlərə dəvət edirdim ki, gəlib şairlərin şeirlərini səsləndirsin. İfaları verilişi daha da maraqlı və sanballı edirdi. Əvvəl Sumqayıt teatrında, sonra isə “Muzkomediya”da Nadirin oynadığı tamaşalara da çox baxmışam. Oğullarını isə son onillikdə tanımışam.

İstedadlar ailəsinin televiziya ekranlarında verilən və sosial şəbəkələrdə paylaşılan mahnı ifaçılığı ayrı bir aləmdir. Nadir Xasıyevin məşhur Aşıq Şakir üslubunda “Şirvan şikəstəsi”, eləcə də “Evləri var xana-xana”, “Bağçada güllər”, Səmədin “Şükriyyə”, “Gözəlim sənsən”, Elayın “Küçələrə su səpmişəm”, “Alagöz” və sair çoxsaylı mahnıları saf, duru səsləri ilə canı-könüldən oxumaları ilk notlarından adamı heyran edir. Xasıyevləri hər dəfə dinləyəndə istər-istəməz, yan-yörəmdəkilərə deyirəm: “Baxın, papaq altda necə oğullar var!”

Bu qeydləri yaza-yaza yenə də “Şirvan şikəstəsi”ni dinləyirəm. “Segah” üstündə sevənlərin haqq harayı, naləsi adamı havalandırır:

Bülbül fəğan eylər gül həvəsindən,
Qoşa nar asılıb yar sinəsindən.
Elə gəl, elə get, bağ bərəsindən,
Bülbüllər hürküşüb, gül inciməsin...

Nadir Xasıyevlə söhbətimdə ondan bu gözəl səslərin haradan qaynaqlandığını soruşdum. Dedi ki, müəllim ailəsində doğulub, ona qədər nəsillərində oxuyan olmayıb. Bircə molla babası rəhmətlik İzzətullanın avazla “Qurani-Kərim”dən ayələr oxuması, İlahi melodik səslənmələr onu qanadlandırıb. Ərəbcəni bilmədiyi üçün babasını sadəcə anlaşılmaz səslərlə təqlid edib, buna görə evdə danlanıb da. Bununla bərabər, bir qaynaq da Şirvan elindən olması, məclislərdə əsrlərdən üzü bəri süzülüb gələn el mahnılarını dinləyə-dinləyə səs sənətinə ömürlük “yoluxması”dır.

İnişil Akademik Musiqili Teatrında quruluşçu-rejissoru və libretto müəllifi Samir Qulamov olan “Leyli və Məcnun” tamaşasında Nadir Xasıyev Leylinin atasının obrazını ustalıqla yaradıb. “Şur” üstündə oxuduqları çox təsirli səslənir:

Qürbün, bilirəm, mənə şərəfdir,
Əmma xələfin əcəb xələfdir.
“Məcnun” – deyə tən edir xəlayiq,
Məcnuna mənim qızım nə layiq?..

Onu da deyim ki, Nadir Xasıyev və oğlu Səməd “Xarıbülbül” musiqi festivallarında dəfələrlə iştirak ediblər. Səməd “Xalq ulduzu–3”, Elay isə “Xalq ulduzu–4” layihəsi üzrə yarışların iştirakçısı olublar. İstedadları ilə bərabər, ədəb-ərkanları, böyük-kiçiyə hörmətləri ilə də tanınırlar.

...Bir neçə il əvvəl yubileyimlə əlaqədar Sumqayıtdakı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzindəki görüşə gedirdim. Binanın qarşısında harasa tələsən Elay Xasıyevlə rastlaşdım. Məsələni bilən kimi geri qayıtdı və aparıcının icazəsi ilə səhnəyə qalxaraq gözəl bir mahnı oxudu, axırda da məni xoş sözlərlə təbrik edəndən sonra səhnəni tərk etdi. Dostumun övladları, bax, belə əxlaq sahibləridir.

Yeri gəlmişkən, hələ məktəbli ikən Elay musiqi məktəbinin kamança sinfində oxuyub, sonra teatr sənətinə keçib. Səməd isə həm də musiqi istedadına görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinə qəbul olub. Geniş vokal imkanı, eyni zamanda aktyorluğu ona səhnədə yaddaqalan obrazlar yaratmağa kömək edir. Hazırda Prezident təqaüdçüsüdür. Ondan əvvəl həmin təqaüdə layiq görülmüş səhnə ustası Nadir Xasıyev isə Mədəniyyət və İncəsənət Universitetini, bir müddət sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib. Nəvəsi Əlibəy məharətlə tarzənlik edir, Nadir müəllimin ad günündə bir “Bayatı kürd” çaldı ki, baba üçün ən gözəl hədiyyə oldu. Banu isə istedadını fortepiano sahəsində sınayır.

Bəli, beləcə istedadlar ailəsi Azərbaycan mədəniyyətinə xidmət göstərir. Teatr və musiqi qanadlarında pərvaz edən Xasıyevlər özlərinə xas ustalıqla sənətlərində seçilir, necə deyərlər, xaslar xası sayılırlar.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət