Sentyabrın 6-da Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan COP29 Sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Afrika qitəsinin iqlim çağırışları: Afrikanın xüsusi vəziyyəti və ehtiyaclarına cavab verilməsi” adlı yüksəksəviyyəli nazirlər iclası baş tutub.
Tədbirdə 50-yə yaxın ölkə, eləcə də müxtəlif beynəlxalq təşkilat və fondlardan ümumilikdə 200-dən artıq nümayəndə iştirak edib.
İclasın açılış mərasimində COP29 Sədri Muxtar Babayev, COP30-un müəyyən edilmiş sədri Andre Korrea do Laqo, Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela, Afrika İttifaqının Komissiyası sədrinin nümayəndəsi səfir Amr Alcovaili və UNFCCC Afrika danışıqçılar qrupunun sədri Riçard Muyunqi çıxış ediblər.
Çıxış zamanı M.Babayev Afrikada iqlim dəyişmələrindən irəli gələn mövcud çağırışların mənfi təsirlərini azaltmağa qitə ölkələrinin qadir olduğuna və bu xüsusda, COP29-da qəbul edilmiş qərarların əhəmiyyətinə vurğu edib. O, COP29 Sədrliyinin bütün tərəflərin, o cümlədən Afrika qitəsinin maraqlarını nəzərə aldığını və bu istiqamətdə fəaliyyətin davam edəcəyini iştirakçıların diqqətinə çatdırıb.
Plenar müzakirələrdə dövlətlər, habelə beynəlxalq qurum nümayəndələri və maraqlı tərəflər mövzu ətrafında fikir mübadiləsi apararaq beynəlxalq səviyyədə fəaliyyətlə yanaşı, Afrikanın öncülük edəcəyi həll yollarının əhəmiyyətli olacağına diqqət çəkiblər.
XQ