İqtisadi artım proqnozları nikbinlik doğurur

post-img

Niderlandın “ING” bank qrupu Azərbaycanda növbəti illər üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu açıqlayıb. Sənədə əsasən, ölkə iqtisadiyyatının 2025 və 2026-cı illərdə 2,5 faiz artacağı, 2027-ci ildə isə artım tempinin 2 faizə enəcəyi gözlənilir.

Bank qrupunun Azərbaycanın 2025-ci ilin son iki rübünə dair proqnozları da nikbindir. Qurumun hesablamalarına görə, ölkəmizin ÜDM artımı bu ilin üçüncü rübündə 2,5 faiz, dördüncü rübdə isə 4 faizə yüksələcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard manatdan çox ÜDM istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,9 faiz artıb.

ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; avtonəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4 faizi kənd, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 21,7 faizi digər sənaye sahələri, 10,4 faizi isə məhsula və idxala xalis vergilərin payına düşür.

XQ

İqtisadiyyat