Marketlər çeşid-çeşid...

post-img

Rahatlıq–məmnunluq, nöqsanlar–narazılıq doğurur

Şəhərimizin siması sürətlə dəyişir, köhnə tikililər müasir memarlıq nümunələri ilə əvəz olunur. Bu inkişaf fonunda yeni supermarket şəbəkələri də genişlənir. Ənənəvi bazarlar və kiçik dükanların yerində yeni marketlər açılır.

Bu geniş, işıqlı və səliqəli məkanlar həyatımızı asanlaşdırır. Marketlərin gətirdiyi ən önəmli yeniliklərdən biri isə vaxta qənaət və çeşid bolluğudur. Artıq insanlar günlərini müxtəlif bazarlarda keçirmir, daha sürətli və rahat alış-veriş edə bilirlər. Bir marketdə yüzlərlə fərqli, əvvəllər tapa bilmədiyimiz yerli və idxal məhsullarını görmək mümkündür. Marketlər xüsusi kampaniyalar və endirimlərlə də alış-verişi daha cəlbedici edir. Bu da, sözsüz ki, büdcəmizə müsbət təsir göstərir.

Lakin bu rahatlığın fonunda müəyyən uyğunsuzluqlar da ortaya çıxır. Məsələn, bəzi marketlərdə, kiçik məhəllə dükanlarında çörək, un məmulatları və digər açıq qida məhsullarının gigiyenik vəziyyəti narahatlıq yaradır. Rəflərdə yerləşdirilən yuyucu vasitələrin kəskin qoxusu ani olaraq mağazadakı çörək, un məmulatları və digər qablaşdırılmamış ərzaqlara hopur. Bu, həm məhsulun dadını və keyfiyyətini aşağı salır, həm də təhlükə yaradır.

Bunula bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov XQ-yə bildirdi ki, ən çox rast gəlinən problemlərdən biri malların sıx yığılması və qida məhsullarının kimyəvi mallarla yanaşı qoyulmasıdır:

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 saylı qərarında ticarət və xidmət sahələrinin təşkili, o cümlədən marketlərdə malların qonşuluğu barədə geniş məlumat verilir. Buna baxmayaraq, marketlərdəki anormal vəziyyətlə bağlı çoxsaylı şikayətlər daxil olur. Qənd, duz və digər qoxu çəkən qida məhsullarının təmizləyici vasitələrlə eyni yerdə olması insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Təəssüflər olsun ki, belə hallara tez-tez rast gəlinir. Bununla belə, ölkədə malların geniş və düzgün şəkildə yığıldığı nümunəvi supermarketlər də mövcuddur.

Açıq şəkildə sərgilənən məhsullara hər kəsin toxunması da sağlamlıq üçün qorxuludur. Bir məhsula neçə insanın əlinin dəyməsi mikrobların yayılmasına səbəb olur. Bu, cəmiyyətimizdə hələ də həllini tam tapmamış problemlərdir. Bunun qarşısını almaq üçün həm marketlərin, həm də alıcıların ehtiyatlı olması vacibdir. Marketlərdə açıq məhsullar xüsusi şüşə vitrinlərdə və ya qapalı səbətlərdə təqdim olunmalı, çörək və digər un məmulatları üçün isə birdəfəlik əlcək və ya xüsusi tutacaqlar qoyulmalıdır. Beləcə, müştərilərin məhsullara əllə toxunmasının qarşısı alınar. İstehlakçılar da öz növbəsində, gigiyena qaydalarına riayət etməli və məhsulları toxunmadan seçməlidirlər.

Digər bir problem isə bəzən məhsulun üzərindəki qiymətlə kassada görünən rəqəmin uyğun gəlməməsidir. Bu da istehlakçıda narazılıq yaradır. Sabunçu rayonunda yerləşən marketlərin birində alıcı Quliyeva Tamilla bildirdi ki, bəzən alıcıları cəlb etmək üçün “endirim” adı altında aldadıcı kampaniyalar keçirirlər:

– Marketdə alış-veriş zamanı ən çox qarşılaşdığım problem qiymət fərqidir. Məhsulu rəfdən götürürəm, üzərində bir qiymət yazılıb, kassaya gələndə isə başqa bir qiymətlə rastlaşıram. Kassirdən soruşanda isə deyir ki, “qiymət dəyişib, etiket yenilənməyib”. Məsələn, bir məhsulun qiyməti 5 manatdır. Həmin gün qiymət etiketinin üzərinə 10 manat yazılır, üstündən xətt çəkilir və endirimli qiymət kimi yenə 5 manat göstərilir. Beləliklə, müştəri elə bilir ki, böyük endirimdən yararlanır, amma əslində heç nə dəyişməyib. Bu cür problemlər hər bir kəsdə haqlı narazılığa səbəb olur.

Satıcıların müştərilərlə davranışı da önəmlidir. Təbii ki, gülərüz, nəzakətli və suallara dolğun cavab verən satıcılarla rastlaşanda alış-verişdən məmnun qalırıq. Lakin bəzən satıcılar bilərəkdən köhnə məhsulları təqdim edirlər. Həmçinin kobud davranan satıcılarla da qarşılaşmaq olur. Bu cür hallar insanın əhvalını korlayır. Marketlər və alıcılar arasındakı qarşılıqlı hörmət və məsuliyyətli davranış alış-verişi hər iki tərəf üçün daha rahat və xoş edə bilər.

Artıq marketlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlar bizə müasir ticarətin imkanlarını təqdim etməklə yanaşı, bəzi çatışmazlıqlarla da qarşılaşdırır. Bütün bunların aradan qaldırılması üçün məsuliyyət yalnız marketlərin üzərinə düşmür. Biz istehlakçılar hüquqlarımızı bilməli və ticarət mədəniyyətini inkişaf etdirməliyik. Ölkəmizdə kifayət qədər geniş, rahat və hər bir məhsulun xüsusi yerinin olduğu supermarketlər istənilən qədərdir. Bu da xidmət səviyyəsinin keyfiyyətindən xəbər verir. Odur ki, bu kimi məsələlərdə biz alıcılar da çox həssas davranmalıyıq. Çünki sağlamlığımız böyük önəm daşıyır. Məhsullara toxunarkən ehtiyatlı olmalı, gigiyena qaydalarına riayət etməli və yalnız keyfiyyətli məhsulları almağa çalışmalıyıq.

Arzu ƏLİYEVA
XQ



Sosial həyat