Ölkəmiz “ağıllı şəhər” və “ağıllı kənd” modelini dünyaya təqdim edəcək
Gələn il Bakı daha bir tarixi məsuliyyəti öz üzərinə götürəcək. Azərbaycanın paytaxtı 2026-cı ildə dünyanın urbanizasiya sahəsində ən nüfuzlu tədbirlərindən biri olan 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Azərbaycan hökuməti ilə BMT arasında imzalanan saziş Bakının bu qlobal missiyanı üzərinə götürməsini rəsmiləşdirdi. Həmin gündən etibarən hazırlıqlar başlayıb və artıq BMT-nin məskunlaşma üzrə ixtisaslaşmış təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində forumun proqramı, məzmunu və təşkilati məsələləri üzərində işlər aparılır. Mayın 18-dən 22-dək Bakının ev sahibliyi edəcəyi bu forum dünyanın müxtəlif qitələrindən gələcək mütəxəssisləri, dövlət nümayəndələrini, urbanistləri və ekoloqları bir araya gətirəcək.
Azərbaycan həm ekoloji, həm də şəhərsalma sahəsində öz liderlik iddiasını ardıcıl olaraq nümayiş etdirir. COP29-un Bakıda keçirilməsi ilə ekoloji gündəmi önə çəkən ölkəmiz WUF13 vasitəsilə davamlı şəhərlərin qurulması ideyasını da dünyaya təqdim edəcək. Bu iki qlobal platforma bir-birini tamamlayaraq Azərbaycanın strateji vizionunu ortaya qoyur.
Bakı isə bu vizionun canlı nümunəsidir. Tarixi İçərişəhəri müasir göydələnlərlə yanaşı, qorumağı bacaran paytaxtımız “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə yeni dövrün urbanizasiya modelini təqdim edir. 2026-cı ildə bütün dünyanın diqqəti məhz bu şəhərə – tarixin nəfəsini və müasirliyin ritmini birləşdirən Bakıya yönələcək.
Sentyabrın 4-də Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev İzmir şəhərində təşkil edilən Azərbaycan–Türkiyə IV Enerji Forumunda çıxış edərkən bildirdi ki, Azərbaycan 2026-cı ilin mayında Bakıda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) bütün dünyanı dəvət edir: “Biz ölkə olaraq bütün dünyanı bu mühüm tədbirdə iştirak etməyə çağırırıq. Məqsəd dayanıqlı urbanizasiya sahəsində yeni əməkdaşlıq imkanları yaratmaqdır. Türkiyənin dövlət qurumlarının, iş adamlarının və vətəndaş cəmiyyətinin bu forumda geniş təmsil olunması bizim üçün böyük qürur olacaq. Tədbir şəhərlərin qurulması və inkişafında yeni enerji həllərinin təqdim edilməsi üçün mühüm platforma olacaq”.
Keçmişə ekskurs etsək görərik ki, 2022-ci ildə keçirilən Ümumdünya Şəhərsalma Forumu Polşanın Katovitse şəhərində “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” devizi ilə reallaşdırılıb (“WUF11”). Forum bundan əvvəl Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və digər şəhərlərdə də baş tutub. Ayrı-ayrı illərdə iştirakçıların sayı 23 min nəfərə qədər yüksəlib. 2024-cü ildə isə Misirin paytaxtı Qahirədə (“WUF12”) tədbir reallaşdırılıb.
Xatırladaq ki, forum Bakı Olimpiya Stadionunda keçiriləcək. Burada şəhərsalma, urban inkişaf və dayanıqlı şəhərlər mövzusunda dünyanın aparıcı mütəxəssisləri bir araya gələcək. İştirakçılar innovativ layihələri, müasir texnologiyaları və urban inkişaf təcrübələrini müzakirə etmək imkanı qazanacaqlar. Bununla yanaşı, 2026-cı ildə keçiriləcək qlobal tədbirə ev sahibliyinə hazırlıq ölkəmizin mövqeyini gücləndirir. Artıq Azərbaycanın söz sahibi olduğu istiqamətlər arasında ekologiya, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf da yer alır. Bu sahədə atılan addımlar və qəbul edilən qərarlar isə gələcək üçün önəmlidir.
Elbay QASIMZADƏ,
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri
Bu gün dünyada əhalinin 52 faizi şəhərlərdə yaşayır. Proqnozlara görə, 2040-cı ildə bu göstərici 70 faizə çatacaq. Bu isə, ilk növbədə, qida təhlükəsizliyi baxımından ciddi təhlükədir. Çünki kənd təsərrüfatında, yəni qida istehsalında çalışan insanların sayı ildən-ilə azalır. Halbuki 19-cu əsrin əvvəllərində dünya əhalisinin cəmi 15 faizi şəhərlərdə, 85 faizi isə kəndlərdə yaşayırdı. Bu səbəbdən urbanizasiyanın idarə olunmasına böyük ehtiyac var.
Məhz buna görə də gələn il Bakıda keçiriləcək Şəhərsalma Forumu bu məsələlərin müzakirəsinə həsr ediləcək. Sual yaranır: niyə məhz Azərbaycanda? Çünki ölkəmiz bu sahədə artıq müəyyən təcrübə qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı həyata keçirilir, məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar. 30 ildən artıq işğal dövründə onların böyük qismi Bakıda, Gəncədə və Sumqayıtda məskunlaşmışdı. İndi isə dövlətin genişmiqyaslı proqramı çərçivəsində həmin bölgələrdə yeni şəhərlər, qəsəbələr salınır, müasir infrastruktur qurulur, məktəblər, xəstəxanalar, uşaq bağçaları və iş yerləri yaradılır.
Bu proses sürətləndikcə şəhərlərdə müvəqqəti məskunlaşmış əhali öz yurdlarına qayıdacaq. Hazırda Azərbaycanda şəhərlərdə yaşayanların payı 54 faizdir ki, bu da dünya üzrə göstəricidən bir qədər yüksəkdir. Ancaq proqram tam icra olunduqdan sonra bu rəqəmin azalacağı, təbii balansın bərpa ediləcəyi gözlənilir. Çünki kənd təsərrüfatında çalışan insanların sayı əhalinin qida təminatı baxımından həlledicidir. Ən azı şəhərlərdə yaşayanlarla bərabər, hətta bir qədər üstün olmalıdır. Məsələn, 40 faiz şəhərlərdə, 60 faiz kəndlərdə yaşayan əhali daha optimal sayılır.
Azərbaycan bu istiqamətdə artıq mühüm təcrübə toplayıb və həmin təcrübə inkişaf etməkdədir. Ona görə də qarşıdakı forumun keçirilməsi üçün məhz ölkəmiz seçilib.
Nurlan ABDALOV
XQ