Buenos-Ayresdə Azərbaycan və Argentina arasında müxtəlif sahələrdə iqtisadi işbirliyinin möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Argentinanın İqtisadiyyat Nazirliyində maliyyə katibi Pablo Quirno və istehsalat koordinasiyası katibi Pablo Lavigne ilə görüş keçirib.
Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanmış sənədlər və həyata keçirilən tədbirlər mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən Azərbaycan-Argentina Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün əhəmiyyətli platforma kimi çıxış edir.
XQ xəbər verir ki, görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, bu sahədə qanunvericilik bazasının yenilənməsi, bir çox ölkələrlə imzalanmış sərmayələrin təşviqi və qarşılıqlı qorunması, o cümlədən preferensial ticarət sazişləri, həmçinin ölkəmizin tərəfdaş olduğu beynəlxalq investisiya alətlərinin təqdim etdiyi imkanlar haqqında məlumat verilib, Argentinanın biznes nümayəndələri fəal işbirliyinə dəvət olunub.
Tərəflər ikitərəfli ticarət və investisiya münasibətlərinin gücləndirilməsi, potensial birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Argentinanın dövlətə məxsus YPF enerji şirkətinin strategiya, yeni bizneslər və kontrol üzrə vitse-prezidenti Maksimilano Vesten və kəşfiyyat və hasilat üzrə icraçı vitse-prezidenti Matias Farina ilə görüşdə Azərbaycanın enerji potensialı və təşəbbüsləri, yaşıl enerji gündəliyi, bu istiqamətdə həyata keçirilən əməkdaşlıq və tətbiq edilən texnologiyalar haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, ölkəmizin Argentina ilə ənənəvi və alternativ enerji üzrə əməkdaşlığı üçün geniş imkanlar var.
Görüşdə enerji üzrə işbirliyi, potensial birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.