AMEA Naxçıvan Bölməsində 2 yeni elmi nəşrin – AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan şivələri”( II cilddə) kitablarının təqdimatı keçirilib.
Mərasimdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların əhəmiyyətindən danışıb. Təqdim olunan nəşrlərin türkologiya və dialektologiya sahələrinə mühüm töhfə olduğunu vurğulayan, onları ümumi təhlil edən İsmayıl Hacıyev çıxışının sonunda müəllifləri ərsəyə gətirdikləri yeni kitablar münasibətilə təbrik edib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Naxçıvan şivələrinin öyrənilməsində yeni səhifə”, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “Türkologiya elminə yeni töhfə”, həmin institutun əməkdaşı Ülviyyə Aslanova “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat” mövzularında çıxış ediblər.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov təqdim olunan əsərlərin yalnız dilçilik və ədəbiyyat deyil, eyni zamanda ümumtürk mədəniyyətinin öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonda müəlliflər Əbülfəz Quliyev və Nuray Əliyeva kitablar üzərində iş və təqdim edilən materiallar barədə danışıblar, mərasimin təşkilinə və yaradıcılıqlarına göstərilən diqqətə görə minnətdarlıq ediblər.
Səbuhi HƏSƏNOV