Azərbaycanın 8 şirkəti məhsullarını Qazaxıstanın Almatı şəhərində təşkil olunan “KazBuild 2025” – 31-ci Beynəlxalq Tikinti və İnteryer Sərgisində “Made in Azerbaijan” adlı vahid ölkə stendində təqdim edir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları, boyalar, su filtrləri, tikinti kimyəviləri və müxtəlif digər məhsullar nümayiş etdirilir. Ziyarətçilərə Azərbaycan istehsalının keyfiyyətini, müasir texnologiyalara əsaslanan istehsal imkanlarını və ixrac potensialını əks etdirən tanıtım materialları təqdim olunur.
Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında görüşlər keçirilib, əməkdaşlıq perspektivləri və ixrac imkanları müzakirə edilib. Qeyd edək ki, “Made in Azerbaijan” stendi sərgi təşkilatçıları tərəfindən “Ən yaxşı kollektiv ekspozisiya” nominasiyasında qalib seçilib.
XQ