Bu, MDB məkanında bərpaolunan enerji sektoru üzrə ilk layihədir
Azərbaycanın enerji sektoru yeni mərhələyə qədəm qoyub. Ölkədə bərpaolunan enerji mənbələrinin sürətli inkişafı üçün böyük miqyasda batareya saxlanc sistemlərinin yaradılmasına başlanılıb. Bu barədə XQ-yə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, paytaxta yaxın ərazidə 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində, ümumilikdə, gücü 250 meqavat, tutumu 500 meqavat-saat olan batareya saxlanc sistemləri yaradılır. Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə, MDB məkanında ilk olacaq.
Batareya saxlanc sistemlərinin yaradılması enerjisistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, bərpaolunan enerji mənbələrində kəsintilərinin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.
Qeyd edək ki, 2027-ci ilə qədər ölkədə yaradılacaq 2 qiqavat gücündə günəş və külək stansiyalarını şəbəkəyə inteqrasiya etmək məqsədilə “AzərEnerji” tərəfindən hazırda genişmiqyaslı proqram həyata keçirilir. Proqram çərçivəsində enerji saxlanc texnologiyalarının tətbiqi ilə yanaşı, əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün ölkənin ən böyük yarımstansiyalarından biri – 500/330 kilovoltluq “Nəvahi” Enerji Qovşağı tikilir. Oradan ölkənin müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir, rəqəmsallaşma və şəbəkə idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə kompleks işlər görülür.
XQ