Çox yaşayan çox bilməz, çox oxuyan çox bilər

post-img

Oxucular kitabsız, kitablar oxucusuz qalmasın!

Böyük fransız yazıçısı Viktor Hüqo deyirdi: “Bəşəriyyətin ən dəyərli kəşfi məhz kitabdır.” Bu sözlərin zamanın axarında dəyəri azalmayıb, əksinə, qloballaşan dünyada daha dərin məna qazanıb.

Kitab insan ruhunun sirdaşı, düşüncənin pəncərəsi, qaranlıq yolların işığıdır.Təəssüf ki, müasir cəmiyyətdə insanların əklsəriyyəti kitabdan uzaqlaşır. İndi əlində kitabla saatlarla vaxt keçirən insanla nadir hallarda rastlaşırıq. Gəlin, məsələ ilə bağlı sosial, psixoloji və texnoloji amilləri nəzərdən keçirək.

Sürətlə dəyişən dünyada fasiləsiz informasiya axını və üstün texnoloji vasitələr diqqətimizi yayındırır, dərin düşünmə və təhlil üçün vacib olan zamanı əlimizdən alır. Kitab oxumaq vaxt, səbr və daxili maraq tələb etdiyi üçün sosial baxımdan arxa planda qalır. Nəticədə, oxu vərdişlərinin formalaşmasına və intelektual-mədəni inkişafın sürətlənməsinə əngəl yaranır.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov XQ-yə bildirdi ki, müatilə cəmiyyətin tərbiyəsində əsas vasitədir:

– Çap kitablarına nostalji bağlılığı olan, kağızın qoxusunu və toxunuşunu sevən oxucuların sayı azalıb. Uzun, diqqət tələb edən oxu prosesindən uzaqlaşan insan səthi məlumatla kifayətlənir və analiz qabiliyyəti zəifləyir. Lakin kitab oxumaq vərdişi heç vaxt tamamilə itmir, sadəcə, dövrün tələblərinə uyğun olaraq dəyişir. Bu, kitaba marağın azalması deyil, əksinə, onun fərqli müstəvilərdə inkişafıdır. Çünki kitab – istər toxunula bilən səhifələrdə, istərsə də virtual ekranda yenə də insanın düşüncə sərhədlərini genişləndirən vasitələrdəndir. Milli Kitabxananın həm real, həm də virtual oxucularının sayının ildən-ilə artması da təsdiqləyir ki, insanın mütaliə ehtiyacı dəyişmir, yalnız ifadə formaları yenilənir. Sadəcə məqsəd öyrənmək, anlamaq, inkişaf etmək olmalıdır.

Çap kitablarına marağın azalması insan ruhuna gözəgörünməz, amma kəskin zərbə vurur. Dərin düşüncələrə dalmaq, sözlərin sehrinə qapılmaq əvəzinə, qısa, səthi və sürətli məlumatla kifayətlənən insanın xəyalı, sanki, boşluğa yönəlir. Səbəb dəyişən zamandır, yoxsa susqun laqeydlikdir?

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu bu sualın cavabında qeyd etdi ki, oxu mədəniyyətinin zəifləməsi sırf zəmanənin reallığı ilə əlaqələndirilə bilməz:

– Ümumi əhali miqyasında baxanda, əlbəttə, kitab oxuyanların sayı nisbətən azdır. Rayon və ucqar bölgələrdə sərgilərin təşkili, kitabların əhəmiyyəti barədə müzakirələrin aparılması, ictimaiyyətdə kitaba olan marağın formalaşdırılması gərəkdir. Gəncləri oxumağa cəlb etmək üçün onların toplandığı məkanları nəzərə almaq lazımdır: universitetlər, məktəblər və digər təhsil müəssisələri bu prosesin mərkəzi olmalıdır.

Həmin müəssisələrdə kitabxana infrastrukturu tam funksional, rahat və maneəsiz xidmət göstərməlidir. Təəssüf ki, hətta universitet kitabxanalarının qapıları illərlə bağlı qalır, bu isə gənclərin kitablara olan marağını söndürür. Əslində məqsəd sadədir: oxumaq üçün heç bir praktiki və psixoloji əngəl qalmasın, hər gənc kitabın sehrli aləminə rahatlıqla qovuşa bilsin.

Son illərdə kitabxanaların fəaliyyəti müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində xeyli təkmilləşdirilib. Elektron kataloqlar və məlumat bazaları oxuculara sürətli, sistemli və avtomatlaşdırılmış xidmət göstərməyə imkan verir. Bu yeniliklər sayəsində oxucu istədiyi kitabı bir neçə dəqiqə ərzində sifariş edə bilir. Elektron bilet sistemi vasitəsilə avtomatik qeydiyyatdan keçərək kitabın yerləşdiyi zalı müəyyənləşdirir ki, bu da kitabxana xidmətlərinin əlçatanlığını xeyli artırır və resursların səmərəli istifadəsini təmin edir.

Əslində, problem isə daha mürəkkəbdir: cəmiyyətin intellektual fəaliyyətləri qiymətləndirmə meyarları, vizual və sürətli informasiya kanallarına üstünlük verməsi kitaba marağı öldürür. Bu məqamda ailələrin rolu ön plana çıxır. Valideynlər övladlarına oxumağın vacibliyini anlatmasa, onları kitab dünyasına aparmasa elektron kataloqların imkanları da yetərli olmur, kitab sevgisi texnologiya vasitəsilə yox, ən çox sevdiklərinlə birgə seçilən səhifələrdə formalaşır.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərlinin sözlərinə görə, valideynlərin kitaba münasibəti, evdə yaradılan oxu mühiti və uşağın kitabla ilk tanışlığı onun gələcək oxu vərdişini müəyyən edir:

– Təsəvvür edin ki, bir ailədə valideynlər qiraət məsələsinə böyük diqqət ayırır, uşağa daim oxumağın vacib olduğunu izah edir, onları kitabxanaya aparır, həvəslə kitab seçirlər. Başqa ailədə isə heç zaman kitab haqqında danışılmır evdə böyük kitabxanaları var. Necə düşünürsüz, hansı ailədə uşaq kitabı daha çox sevəcək? Cavab mübahisəsizdir, evdə mütləq kitabxana olmalı və mütləq kitab oxunmalıdır.

Sürət, səs-küy bizi kitabların bilik və hikmətlə dolu dünyasından aralı salsa da, bu mənəvi xəzinədən uzaq düşməməliyik. Bu yerdə Çingiz Aytmatovun deyimi yada düşür: “Yoxsulların evində böyük televizor, zənginlərin evində böyük kitabxana var”.

Fidan ƏLİYEVA
XQ

Mədəniyyət