Ələt Azad İqtisadi Zonası fəaliyyətini genişləndirir

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Nazirlikdən verilən məlumata əsasən, tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov layihənin ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, Azərbaycanda qeyri-neft sektorunun davamlı artımına, yerli istehsala və məşğulluğun təmin edilməsinə töhfə verəcəyini qeyd edib.

Nazir, eyni zamanda, qarşılıqlı səmimi münasibətlərə əsaslanan Azərbaycan–Macarıstan əlaqələri­nin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi-ticarət əməkdaşlığının ge­nişləndiyini, həmçinin bu ölkə ilə ticarət, sənaye, enerji, o cümlədən bərpaolunan enerji, investisiya və digər istiqamətlər üzrə əməkdaş­lığın inkişafı üçün böyük perspek­tivlər olduğunu bildirib. Mikayıl Cabbarov çıxışında Ələt Azad İq­tisadi Zonasının imkanlarının yerli və xarici iş adamları, o cümlədən Macarıstan investorları üçün geniş imkanlar açdığını bildirərək, bun­dan sonra da yeni birgə layihələ­rin həyata keçiriləcəyinə əminliyini diqqətə çatdırıb. 

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azər­baycanın etibarlı tərəfdaş olduğu­nu vurğulayaraq, iki ölkə arasında siyasi–iqtisadi əlaqələrin davamlı inkişafının, işgüzar dairələr ara­sında tərəfdaşlığın, birgə layihələ­rin həyata keçirilməsinin önəmini vurğulayıb, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə gücləndirilməsi barədə fikirlərini bildirib.

Azərbaycanın İnvestisiya və Macarıstanın “Hell Energy” şirkət­ləri arasında imzalanan Birgə İşti­rak Müqaviləsinə görə, Ələt Azad İqtisadi Zonasının ərazisində Avro­pa ölkələrinin qabaqcıl texnologi­yalarına əsaslanan, illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək (ilkin mərhələdə illik doldurma gücü 415 milyon ədəd alüminium içki qutu­su) yeni zavodun tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 211 mil­yon dollar olan layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır.

Birgə müəssisənin Azərbay­can tərəfindən həmtəsisçisi olan “Azərbaycan İnvestisiya Şirkəti” ötən dövrdə sənaye, kənd təsər­rüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdı­rılan layihələrdə payçı qismində iştirak edib. Xatırladaq ki, sənaye sahəsində dəyəri 300 milyon av­roya çatan və quru istehsal texno­logiyasına əsaslanan yeni sement müəssisəsi, ümumi dəyəri 470 milyon ABŞ dolları olan Bakı Gə­miqayırma Zavodu səmərəli fəaliy­yəti ilə daim diqqət çəkib. 

Bakı Gəmiqayırma Zavodu yeni gəmilərin və iri tonnajlı tan­kerlərin tikintisi və təmiri üzrə Xəzər dənizi hövzəsində ən müa­sir müəssisədir. Artıq burada bir sıra gəmilər, o cümlədən “Xankən­di” sualtı tikinti gəmisi inşa edilərək istifadəyə verilib. Dünyada yalnız 10 ədəd olan və mürəkkəb mühən­dislik həlləri tələb edən “Xankəndi” gəmisinin tikintisinin Azərbaycan­da reallaşdırılması ölkəmizin bu sahədə mühüm uğurudur.

Qazaxıstanda yerləşən Azərbaycanın xarici ölkədəki ilk Logistika Mərkəzi, “Milk-Pro” za­vodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir. 

Ələt Azad İqtisadi Zonasına gəldikdə isə qeyd edə bilərik ki, 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar və bundan bir il sonra mü­vafiq qanun qəbul edilməsi ilə bu sahədə real addımların atılmasına başlanılıb. 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə sözügedən iqtisadi məkanın təmə­li qoyulub. Cari il iyunun 9-da isə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsi istifadəyə verilib. Azər­baycanın iqtisadi həyatı üçün son dərəcə əlamətdar hadisə sayılan bu tədbirdə dövlətimizin başçısının iştirakı ölkəmizdə iqtisadi inkişafa göstərilən dövlət qayğısının bariz nümunəsi kimi diqqət çəkib və Tə­sadüfi deyil ki, iqtisadi zona ölkə rəhbərinin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və da­yanıqlı, şaxələndirilmiş və ixracyö­nümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməli kimi dəyər­ləndirilib.

Prezident İlham Əliyevin “Ələt azad iqtisadi zonasının fəaliyyəti­nin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2022-ci il tarixli sərəncamında adıçəkilən iqtisadi zonanın ərazisi qismində müəyyənləşdirilən tor­paq sahəsinin dövlət mülkiyyətinə aid 60 hektar təşkil edən hissəsinin birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə səlahiyyətli quruma ve­rilməsi öz ifadəsini tapıb. 

Ələt Azad İqtisadi Zonası daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir. İn­vestisiyaların cəlb olunması bu­rada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycanın tranzit ölkə olaraq öz imkanlarını genişləndirməyə şərait yaradır və ölkə ərazisinə daha çox yükdaşı­maların artırılmasını şərtləndirir. 

İqtisadi zona dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin, ha­belə investisiyaların artımasına, ehtiyatda olan məhsulların bir qis­minin daxili bazara çıxarılmasına, idxaldan asılılığın aradan qaldırıl­masına, bir sözlə, Azərbaycan iq­tisadiyyatının inkişafına da müsbət təsir göstərib. 

Xatırladaq ki, bu gün əcnəbi hüquqi və fiziki şəxslərin iqtisadi zonada mülkiyyət sahibi olması­na heç bir məhdudiyyət qoyulmur, burada investorların əmlakı heç bir halda milliləşdirilmir, bilməz zo­nanın səlahiyyətli qurumu inves­torların əmlakının bu və ya digər məhdudiyyətlərdən, eləcə də onla­rın əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Azərbaycanın Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit poten­sialı yaratmaqla ölkəyə daxil olan və ölkədən çıxan, habelə tran­zit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı–Tbi­lisi–Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axın­larının yeni liman kompleksində cəmlənərək buradan Bakı–Tbili­si–Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər va­sitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

İqtisadiyyat