“Şahdəniz” yatağı: Azərbaycan qaz sənayesinin şöhrət tacı

post-img

24 il öncə, 1999-cu il iyulun 12-də Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının açılması rəsmən elan olunub. Bu münasibətlə ölkə prezidenti, ulu öndər Heydər Əliyevin iştirakı ilə təntənəli təqdimat mərasimi keçirilib. 

Açılışda ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev, Şahdəniz konsorsiu­munun prezidenti, “BP-AMOKO Eksploreyşn–Azərbaycan şirkətinin rəhbəri Endi Honvud, “Statoyl” şirkətinin maliyyə nəzarəti meneceri İnge Layf Rulendsholm, əfsanəvi neftçi-geoloq, akademik Xoşbəxt Yusifzadə, eləcə də Böyük Britaniya, ABŞ, Norveç, Rusiya, İtaliya, Türkiyə, Fransa və İranın ölkəmizdəki səfirləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyev bu əlamətdar hadisə münasibə­tilə neftçiləri və ölkə ictimaiyyətini təbrik edərək deyib: “Şahdəniz” yatağı Azərbaycanın Xəzər dəni­zindəki sektorunda, demək olar ki, ən böyük və ən zəngin neft və qaz yataqlarından biridir... “Şahdəniz” konsorsiumunun prezidentinin və başqa natiqlərin burada verdikləri məlumatlar bizi həddən artıq se­vindirir və güman edirəm ki, bu, dünya miqyasında böyük bir ha­disəyə çevriləcəkdir”.

Xatırladaq ki, “Şahdəniz” yata­ğı uzun illərdir ki, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Burada qazma işlərinə 1990-cı ildə başlanılsa da, vəsait çatış­mazlığı səbəbindən işlər yarımçıq dayandırılıb. Yalnız 1996-cı ilin iyun ayında Bakıda “Şahdəniz” qaz-kondensat yatağının kəşfiy­yatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandıq­dan sonra neft ölkəsi kimi tanınan Azərbaycan, eyni zamanda, iri qaz təchizatçısı kimi də dünyanın ma­raq dairəsinə daxil olub. Bu saziş dünyanın transmilli neft şirkətlə­rinin “Əsrin müqaviləsi”nin imza­lanması ilə təməli qoyulmuş Azər­baycanın yeni neft strategiyasının hədəflərinin dəqiqiliyinə inamı bir qədər də artırıb. 

Məlumat üçün bildiririk ki, “Şahdəniz” yatağı Bakıdan 70 ki­lometr cənub-şərqdə, suyun də­rinliyinin 50-600 metr arasında dəyişdiyi ərazidə yerləşir. Dün­yanın ən böyük qaz-kondensat yataqlarından biri sayılan “Şahdə­niz”in sahəsi 140 kvadratkilometr­dən çoxdur. Bu həm də layihənin operatoru olan BP şirkətinin kəşf etdiyi ən böyük qaz yatağıdır. Belə ki, “Şahdəniz” yatağının təsdiqlən­miş ehtiyatı 1 trilyon kubmetr qaz və 240 milyon ton kondensatdan ibarətdir. Bu da Azərbaycanın qaz potensialının, təxminən, 50 faizini təşkil edir. 

“Şahdəniz-1” layihəsi çərçi­vəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin fevral ayında start verilib. Bu mərhələdə suyun 105 metr dərinliyində 15 quyunun qa­zılması üçün nəzərdə tutulmuş nəhəng hasilat, qazma və yaşayış platforması inşa olunub, hər biri 100 kilometr uzunluğunda olan iki sualtı boru kəməri çəkilib. “Şah­dəniz” yatağından həmin kəmər­lər vasitəsilə nəql olunan qaz və kondensatın qəbulu üçün Sən­gəçal terminalında lazımi infrast­ruktur yaradılıb. Bundan əlavə, “Şahdəniz” qazının Gürcüstana və Türkiyəyə ixracını təmin etmək məqsədilə 690 kilometrlik Cənubi Qafqaz boru kəməri tikilib istisma­ra verilib. 

2013-cü il dekabrın 17-də isə konsorsium iştirakçıları tərəfin­dən “Şahdəniz-2” layihəsinin iş­lənməsi üçün yekun investisiya qərarı qəbul olunub. Bununla da, “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qə­dəm qoyub. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cə­nubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıs­tan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə imkan yaradıb. 

“Şahdəniz-2” layihəsi çərçi­vəsində mövcud platformaya kör­pü ilə birləşdirilmiş iki yeni hasilat platforması inşa olunub, suyun 550 metrədək dərinliyi ilə 500 ki­lometr uzunluğunda sualtı boru kəmərləri çəkilib, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycan­da 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə ildə daha16 mil­yard kubmetr qazın qəbulu üçün iki kompressor stansiyası tikilib, Səngəçal terminalında əlavə ge­nişləndirmə işləri aparılıb. 

“Şahdəniz” yatağının ikinci mərhələsi üzrə hasilata 2018-ci ildə başlanılıb. Bütövlükdə isə, hasilata başlanıldığı 2007-ci ilin əvvəlindən 2023-cü il iyulun 1-dək “Şahdəniz” yatağından təqribən 196 milyard kubmetr qaz çıxarı­lıb. Bunun da 58 milyard kubmetri Azərbaycanın daxili bazarında isti­fadə olunub. Energetikamızın inci­si sayılan “Şahdəniz” yatağı indən belə daha 100 il Azərbaycan və tərəfdaş ölkələr üçün əsas tədarük bazası olacaq.

İlham ŞABAN, 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri

“Şahdəniz” yatağının Azərbaycan üçün əhəmiyyətli olduqca böyükdür. Hər şeydən əvvəl qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azər­baycan müstəqilliyini əldə edən za­man, ölkədə il ərzində təqribən 7,5 milyard kubmetr qaz hasil olunurdu. Ancaq ondan 10 il öncə, yəni 80-ci illərin əvvəlində respublikamızda il­lik qaz hasilatı 15 milyard kubmetr­dən çox idi. Göründüyü kimi, sonrakı 10 il ərzində qaz hasilatı təqribən iki dəfə azalmışdı. Bu səbəbdən də SSRİ dağılanda Azərbaycan qaz idxal edən ölkə olmuşdu. 

2000-ci illin sonundan biz Rusi­yadan qaz idxalına başladıq. Azər­baycan ilk əvvəllər ildə 2 milyard kubmetr qaz idxal edirdisə, sonrakı il­lərdə bu rəqəm 4,5 milyard kubmetrə çatdı. Yəni 2005-2006-cı illərdə biz 4,5 milyard kubmetr qaz idxal edir­dik. Əgər “Şahdəniz” yatağı olmasay­dı, biz bugünədək də qaz idxal edə­cəkdik. Eyni zamanda, Dövlət Neft Şirkəti üzrə hasilatın aşağı düşdüyü indiki şəraitdə (illik hasilat 5 milyard kubmetr) 13 milyard kubmetrlik illik daxili tələbatımızın 8 milyard ku­bmetrini idxal qazı hesabına təmin etmək məcburiyyəti qarşısında qa­lacaqdıq. Həmin qazı isə ya Rusiya, ya da İrandan almalıydıq ki, bu vari­antların da hər ikisinin öz çətinlikləri var. Yaxud da Rusiyadan il ərzində idxal edəcəyimiz 8 milyard kubmetr qaza görə mövcud qiymətlərlə (təqri­bən min kubmetri üçün 160 dollar ) 1,2 milyard dollar xərcləyəcəkdik. Bu da olduqca böyük məbləğdir. 

“Şahdəniz” yatağının istismara verilməsi ilə Azərbaycan dünyanın potensial qaz ixracatçısına çevril­məklə yanaşı, ölkə sənayesinin qaz­laşdırılması üçün də imkan yarandı. Ötən müddətdə Azərbaycan metanol, karbomid, eləcə də bir sıra qaz-kim­ya zavodları kimi sənayedə əlavə dəyər yaradan sahə əldə etdi. Əgər həmin müəssisələr idxal qazı hesa­bına işləsəydi, istehsal olunan məh­sullar baha başa gəldiyindən rəqabət qabiliyyətli olmayacaqdı. Yeri gəl­mişkən, hazırda öz qazımız hesabına istixanalarda yetişdirdiyimiz tərəvəz məhsullarının xeyli hissəsini Rusiya bazarına ixrac etməkl ölkəmizə xeyli məbləğdə valyuta gətiririk. 

Bu gün Azərbaycan “Şahdəniz” qazının ixracı üçün dünyanın ən uzun enerji dəhlizinə malikdir. Belə ki, hazırda 3500 kilometrlik Cənub Qaz Dəhlizi Bakıdan İtaliyaya qədər uzanmaqla Azərbaycanı birbaşa ola­raq Avropa İttifaqı ilə bağlayır. Bu da ölkəmizin etibarlı enerji tərəfdaşı kimi mövqeyini xeyli gücləndirib. “Şahdəniz” layihəsi ölkəmizə xarici kapitalın axınını xeyli sürətləndirdi. Məlum olduğu kimi, sözügedən la­yihənin birinci mərhələsinə 5,5 mil­yard dollar vəsait qoyulmuşdursa, növbəti mərhələ çərçivəsində xərc­lənmiş kapitalın həcmi 24 milyard dollar təşkil edib. Bura kəmərlərin çəkilişinə sərf olunmuş vəsait daxil deyil. Sonda onu da qeyd etmək istə­yirəm ki, “Şahdəniz” layihəsi XXI əsr ərzində faktiki olaraq Azərbay­canın qaz ixracının əsas resurs baza­sı kimi qalacaq. Çünki orada hələ 1 milyard kubmetr qaz var...

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”





İqtisadiyyat