Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə edilən uğurlar insanların rifahının daha da yaxşılaşmasına, paytaxtın və bölgələrin simasının müasirləşməsinə, infrastrukturun yenilənməsinə müsbət təsir göstərir. Təbii ki, belə bir şəraitdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpası da diqqət mərkəzində saxlanılır.
Bununla bağlı dövlət tərəfindən zəruri addımlar atılır, investisiyalar müəyyənləşdirilir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və infrastrukturun yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsait ilbəil artırılır. Bu məqsəd üçün ötən illə müqayisədə cari il 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulması məsələnin prioritetliyindən xəbər verir.
Vətən müharibəsi başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə bərpa layihələrinin icrasına başlanılıb. Həmin yaşayış sahələrində fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. Qarabağ və Şərqi Zəngəzur elektrik enerjisi ilə tam təmin edilib, bu iqtisadi rayonlar ölkənin vahid enerji şəbəkəsinə qoşulub.
Bundan başqa, region üçün mühüm önəm daşıyan Tərtər‒Çaylı‒Suqovuşan‒Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yollarının (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ magistralın tikintisi artıq başa çatdırılıb. Digər yol infrastrukturunun qurulmasının 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılıb. Btün bunlarla bərabər, işğaldan azad olunan ərazilərin su ilə təminatı məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Ötən müddətdə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması da diqqət mərkəzində saxlanılıb, elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilib. Ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilib. Xüsusilə də, həmin ərazilərdə kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi önəm verilib. Bu isə keçmiş məcburi köçkünlərin məşğulluğunun reallaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu məqamda onu da qeyd edək ki, erməni faşizminə qarşı aparılan müharibə parlaq qələbə ilə başa çatandan indiyədək düşmənin xarabalığa çevirdiyi ərazilərdə gerçəkləşdirilən bərpa və infrastruktur layihələrinin genişmiqyaslı xarakteri Azərbaycan dövlətinin iqtisadi qüdrətini aydın göstərir.
Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma prosesinin daha da sürətləndirilməsi məqsədilə hökumət bir sıra addımlar atıb. Məsələn, Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli qərarına əsasən, işğaldan azad olunan ərazilərdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlər və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulub. Həmin şəxslərə aylıq vəzifə maaşlarına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət verilməsi, həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olmaları nəzərdə tutulub.
Artıq vurğulanan birdəfəlik müavinətlər verilir. Belə ki, peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirən və son 5 il ərzində azı 2 il əmək stajı olan, eyni zamanda, işğaldan azad edilən ərazilərdə əmək müqaviləsi əsasında işləyən hər bir işçi həmin müavinəti ala bilir.
Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.
Erməni faşizmindən təmizlənən yaşayış sahələrində məskunlaşma prosesinin daha da sürətləndirilməsi məqsədi daşıyan digər bir yeniliyi də xatırladaq. Belə ki, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 10 dekabr 2021-ci il tarixli sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi qərara alınıb.
Emin BAĞIROV,
ETN Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları müasir texnoloji təcrübəyə əsaslanan inzibati idarəçilik əsasında bərpa edilir. Bununla bağlı işğaldan təmizlənən yaşayış sahələrində Prezidentin xüsusi nümayəndəlik institutu tərəfindən üç ərazidə artıq rəqəmsallaşma, texnoloji inkişaf və idarəçilik modelləri uğurla həyata keçirilir.
Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında işğal zamanı Ermənistanın Azərbaycan ərazilərində vandal əməllər törətməsini, yaşayış məntəqələrini, maddi-mədəni abidələri yer üzündən silməsini, həmçinin ermənilərin qanunsuz olaraq məskunlaşdıqları kəndlərin 30 il ərzində dağıdılmış vəziyyətdə saxlanılmasını vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti, abadlıq layihələrinin əsasən, ilk növbədə, o torpaqlarda məskunlaşmanın ləyaqətli icrasına yönəldildiyini bildirib. “Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq. Ola bilsin ki, bir gün Zəngilan hava limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda, bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı, həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək” – deyə, ölkə rəhbəri sözlərinə əlavə edib.
Zəngilan hava limanı hazırda Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzinə çevrilir. Bu rayonda dəmir yolunun tikintisi davam etdirilir, yaxın vaxtlarda Ermənistan sərhədinə çatacağı gözlənilir. Füzulidəki hava limanından da artıq həm yerli, həm də xarici qonaqlar tərəfindən fəal şəkildə istifadə olunur. Bununla bərabər, Laçında salınan hava limanının isə xüsusi əhəmiyyətə malik olacağı, bunun dağlıq relyefə malik olan Laçın və Kəlbəcərə gediş-gəlişi asanlaşdıracağı bildirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına ilk günlərdən həssaslıqla yanaşılır və bu, münasibət hazırda da davam etdirilir. Məsələn, 2023-cü ildə qarşıya qoyulan əsas vəzifələrdən başlıcası düşməndən təmizlənən ərazilərin bərpası, Böyük Qayıdışın təmin edilməsidir. Ölkəmizin maliyyə imkanlarının ildən-ilə artması Qarabağın dirçəldilməsinə, o torpaqlarda iqtisadi fəaliyyətin canlandırılmasına maliyyə xərclərinin daha da artırılmasına təminat verir.
Onu da xatırladım ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və 2022-2026-cı illər üçün nəzərdə tutulan Sosial İqtisadi İnkişaf Strategiyasında qeyd edilən vəzifələr çərçivəsində maliyyələşdirilir.
Bütün bunlarla bərabər, Qarabağda fəaliyyət göstərən rezidentlərdən 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergi tutulmaması qərara alınıb. Bununla yanaşı, işğalçıdan təmizlənən ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi və bir sıra digər güzəştlər nəzərdə tutulub.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”