Azərbaycan–BƏƏ: investisiya əməkdaşlığı genişlənir

post-img

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qarşılıqlı investisiyaların artırılması imkanları nəzərdən keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həsən Əl Suveydi ilə görüşündə bu barədə müzakirələr aparılıb. Görüşdə Azərbaycanla BƏƏ arasında dostluq və qardaşlıq əlaqələri vurğulanıb, iqtisadi-ticarət tərəfdaşlığının genişləndiyi qeyd olunub. BƏƏ-nin Azərbaycanın bərpa olunan enerji sahəsinə qoyduğu investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb.

Söhbət zamanı nazir M.Cabbarov ölkəmizin əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi, zəngin resursları, həmçinin qeyri-neft sənayesinin sürətlə inkişafı investorlar üçün cəlbedici imkanlar yaratdığını diqqətə çatdırıb. Qeyd olunub ki, bu imkanlardan səmərəli istifadə etməklə investisiya əlaqələrinin təşviqi, biznes subyektləri arasında tərəfdaşlığın genişləndirilməsi vacib əhəmiyyət kəsb edir.

Tərəflər iki ölkə arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçiriblər.

İqtisadiyyat