SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətinin yaydığı məlumata görə, şirkətin ümumi dövriyyəsi 2021-ci ilin müvafiq dövri ilə müqayisədə 53,8 faiz artaraq 119,23 milyard manata yüksəlib.
Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Qlobal enerji bazarlarında müşahidə edilən kəskin rəqabət mühitinə və neft-kimya sənayesində gəlir marjalarının azalmasına baxmayaraq, inteqrasiyalı fəaliyyət nəticəsində yaradılan güclü sinerji ilə STAR neft emalı zavodunda istehsal potensialından istifadə əmsalı 113 faizə yüksəlib, Petkim müəssisəsinin ümumi dövriyyəsi isə 70,3 faiz artıb. Bununla yanaşı, “SOCAR Karbamid” zavodunun ümumi istehsal həcmi və ixrac gəlirləri müvafiq olaraq 51,2 faiz və 75,9 faiz yüksəlib. Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi əməliyyat effektivliyinin, nəticədə gəlirlərin yüksəlməsinə təsir göstərib.
“Xalq qəzeti”