MDU-da elmi konfrans

post-img

Mingəçevir Dövlət Universiteti, Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Müasir Azərbaycan Psixoloqları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Psixologiyada multidisiplinar elmi-tədqiqatlar” mövzusunda konfrans keçirilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məclisin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müasir dövrdə psixoloji rifahın təmin olunması, ailə institutunun möhkəmləndirilməsi və cəmiyyətin dayanıqlı inkişafı baxımından elmi tədqiqatların rolu getdikcə artır. O, multidisiplinar yanaşmanın müxtəlif sahələr arasında inteqrasiyanı gücləndirdiyini, praktiki həllərin formalaşmasına töhfə verdiyini diqqətə çatdırıb və konfransın elmi nəticələrinin bölgənin sosial inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransa 27 müəssisə və təşkilatdan, ümumilikdə, 265 elmi məqalə təqdim edildiyini və bunun psixologiya sahəsinə elmi marağın genişlənməsindən xəbər verdiyini vurğulayıb. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev qeyd edib ki, belə toplantılar ali təhsil müəssisələri arasında elmi dialoqun inkişafı, təcrübə mübadiləsinin genişlənməsi və ortaq tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm daşıyır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Elnur Rüstəmov diqqətə çatdırıb ki, regionda belə genişmiqyaslı tədbirin keçirilməsi psixologiya elminin inkişafı, elmi ictimaiyyətin bir araya gətirilməsi və aktual problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. “Narınc Psixologiya Mərkəzi” MMC-nin təsisçisi, psixoloq Narınc Rüstəmova isə psixologiya elminin müasir cəmiyyət üçün artan əhəmiyyətindən bəhs edib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat