Ölkəmizin beynəlxalq aləmə verdiyi növbəti mesaj
Yola salmaqda olduğumuz aprel ayı Qəbələdə yüksək səviyyəli rəsmi qəbulların və görüşlərin keçirilməsi ilə yadda qaldı. Bəri başdan deyək ki, belə mötəbər təmaslar üçün bu bölgənin seçilməsi təsadüfi deyil və məsələyə sonda diqqət yetirəcəyik. Hələlik isə Azərbaycanda Qəbələnin timsalında Bakıdan kənar diplomatik mərkəzin formalaşdığını söyləyə bilərik. Hər halda, buna dair fikir yürütmək mümkündür.
Qəbələdəki qəbullar və görüşlər Azərbaycan dövlətinin sabitlik mesajıdır. Yəni sabit olan yalnız Bakı deyil. Amma bu mesajda, bütövlükdə, Cənubi Qafqaza köklənmə payı da var. Başqa sözlə desək, regionun yalnız paytaxt şəhəri deyil, ümumən, hər yeri əmin-amanlıq və rifah içindədir. Əlbəttə, yüksək səviyyəli tədbirlərin təşkili potensialı ayrıca vurğulanmalıdır. Nəzərə alaq ki, son illər Azərbaycanın bütün regionları inkişaf dinamikası ilə seçilsələr də, Qəbələnin mövcud ampluadakı öncüllüyü vurğulanmalıdır. Paytaxta ən yaxın beynəlxalq hava limanının məhz bu rayonda olması da həmçinin.
Bilavasitə paytaxtdan kənar diplomatik mərkəz statusuna ayrıca diqqət yetirək. Məsələ ondadır ki, Bakı dünyanın Azərbaycanla bağlı təsəvvüründə xüsusi yerə və rola malikdir. Hətta beynəlxalq aləmdə bəzən Azərbaycan adının Bakı ilə assosiasiya olunduğunu görürürük. Durumun bir sıra obyektiv səbəbləri var. Əlbəttə, ilk növbədə, neft amili vurğulanmalıdır. Yəni “qara qızıl”a sahiblik paytaxtımızı tanınıb. Neftin isə bəşəri əhəmiyyətindən söz açmağa ehtiyac yoxdur. Necə deyərlər, görünən dağa nə bələdçi...
Bəli, dünyadan Azərbaycana baxanda Bakı görünür. Ancaq regional gündəmi formalaşdıran əsas aktor kimi, ölkəmizin bütün bölgələrinin paytaxt qədər əhəmiyyəti var. Qəbələ gündəmi ilə dövlətimizin beynəlxalq aləmə verdiyi müstəsna mesaj məhz budur. Mesaj isə kifayət qədər zəngindir. Diqqət yetirək, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski, ayın 27-də Çexiya Respublikasının Baş naziri Andrey Babiş, 28-də isə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələdə Prezident İlham Əliyev tərəfindən qəbul edildilər.
Dövlətimizin başçısı Ukrayna Prezidenti ilə Bakı-Kiyev münasibətləri və əməkdaşlıq məsələləri ətrafında müzakirə apardı. Prezident İlham Əliyevin Baş nazir Babişlə görüşündə ölkələrarası iqtisadi əməkdaşlıq və enerji məsələləri diskussiya predmetinə çevrildi ki, bu kimi məqamlar liderlərin mətbuata birgə bəyanatlarında da geniş əksini tapdı. BƏƏ-dən təşrif buyurmuş nümayəndə heyəti ilə təmasın mövzusu da bəllidir: ikitərəfli əməkdaşlıq, enerji, investisiya və regional məsələlər. Yeri gəlmişkən, gələn ayının ilk günlərində İtaliyanın Baş naziri Corcia Meloninin də Qəbələyə təşrif buyuracağı bildirilir. Bakı-Roma əməkdaşlığı da hazırda ən yüksək səviyyədədir. Yəni Azərbaycan və İtaliya liderlərinin müzakirə aparacağı çox mətləblər var.
Nəzərə alaq ki, Ukrayna ilə əməkdaşlıq Qara dəniz marşrutları və alternativ enerji təchizatını gündəmə gətirir. Çexiya kimi Avropa İttifaqı ölkələri üçün Azərbaycan qazı strateji əhəmiyyət daşıyır. BƏƏ isə investisiya və “yaşıl enerji” layihələri baxımından əsas tərəfdaşımızdır. Deməli, Qəbələ bütün bu məsələlərlə bağlı mühüm mesajların verildiyi məkan statusu qazanır.
Bir vacib məqamı da yada salaq. Aprelin 11-də Qəbələdə “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa da keçirildi. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qatıldığı toplantıda iştirakçılarla fikir mübadiləsi aparıldı. Dövlətimizin rəsmisi erməni nümayəndə heyətinin suallarını cavablandırdı.
Ən başlıcası isə görüşdə rəsmi Bakının Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha vurğulandı, həmçinin iki ölkə arasında ticərət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edildi, TRIPP-in həyata keçirilməsi və layihənin bölgədəki ab-havanı, bütün regionun nəqliyyat mənzərəsini dəyişəcəyi bildirildi.
Prezidentin köməkçisi dünyada baş verən yeni təlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatının olduqca vacib olduğunu diqqətə çatdırdı, vətəndaş cəmiyyətləri arasındakı fikir mübadilələrinin və etimad quruculuğu tədbirlərinin əhəmiyyətini önə çəkdi.
Sonda əvvəldə anonsunu verdiyimiz məqama keçid alaq və yenidən belə bir sual verək: Nə üçün Qəbələ? Əslində, cavabı diqqətə çatdırdıq. Əlavə edək ki, Qəbələnin indiyədək keçdiyi yol var. Şəhərdə 2009-cu ildən etibarən Beynəlxalq Musiqi Festivalı kimi mühüm mədəniyyət hadisəsinin təşkili ənənə halını alıb. Festivallarda ABŞ, Fransa, İsrail, İtaliya, Rusiya və digər ölkələrdən məşhur musiqiçilər və orkestr kollektivləri iştirak edirlər və bu, Qəbələni beynəlxalq mədəni dialoq platformasına çevirən əsas tədbir sayılır.
Bu füsunkar bölgəmizdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təşkili üzərində də dayanmaq mümkündür. Festival, adından da göründüyü kimi, qış mövsümündə keçirilir və klassik musiqi tədbirlərinin davamı kimi xarakterizə olunmaqla, beynəlxalq və yerli musiqiçiləri bir araya gətirir. Qəbələdə, həmçinin qastronomiyayönümlü Beynəlxalq Mürəbbə Festivalı da keçirilir ki, burada müxtəlif ölkələrdən olan iştirakçılar milli şirniyyat növlərini təqdim edirlər.
Ümumi mənzərə onu deməyə əsas verir ki, Qəbələdə təşkil olunan sadaladığımız tədbirlər şəhəri beynəlxalq mədəniyyət mərkəzinə çevirib. Mövcud trayektoriyadakı müstəsna nüans şəhərin “yumşaq güc” (soft power) alətlərindən istifadə məkanı olaraq özünü təsdiqləməsidir. Musiqi festivalları və beynəlxalq tədbirlərlə tanınan Qəbələnin Azərbaycanın “yumşaq güc” siyasətində ön plana çıxması bu gücün ölkəmiz üçün diplomatiya meydanı baxımından da prioritet əhəmiyyətini vurğulayır. Nəticə etibarilə isə ölkəmizin sülh və dialoq platforması imici güclənir.
Ə.CAHANGİROĞLU
XQ

