İspaniyanın Kadis şəhəri yaxınlığında dənizin dibində aşkar olunan gəmi qalıqlarının XVI əsrə aid Genuya ticarət gəmisinə məxsus olduğu müəyyən edilib. Alimlərin qənaətinə görə, bu gəmi 1587-ci ildə məşhur ingilis dənizçisi Frensis Drekin Kadisə hücumu zamanı batırılıb.
Qalıqlar ilk dəfə 2012-ci ildə Kadis limanında yeni konteyner terminalının tikintisi ilə əlaqədar aparılan arxeoloji işlər zamanı aşkar olunmuşdu. Həmin vaxt dəniz dibində üç batmış gəmi tapılmış və onlara şərti olaraq “Delta I”, “Delta II” və “Delta III” adları verilmişdi.
Andalusiya Tarixi İrs İnstitutunun mütəxəssisləri son araşdırmalar nəticəsində “Delta II” gəmisini identifikasiya ediblər. Məlum olub ki, bu gəmi genuyalı sahibkar Pyetro Paolo Vassalloya məxsus “San-Corco və Sant-Elmo Buonaventura” adlı ticarət gəmisidir. Gəmi İspaniya kralı II Filippin təşkil etdiyi dövlət missiyası çərçivəsində Kadisə gəlmiş və “Yenilməz Armada”nın hazırlanması üçün hərbi sursat, eləcə də bürünc toplar daşıyırmış.
1587-ci il aprelin 29-da gəmi Kadis körfəzində lövbərdə olduğu vaxt Frensis Drekin komandanlığı altında ingilis eskadrası şəhərə hücum edib. Həmin hücum nəticəsində gəmi batıb.
Qalın lil təbəqəsi gəmi qalıqlarını örtərək bir çox nadir materialların bu günədək qorunmasına şərait yaradıb. Ən maraqlı tapıntılardan biri Mərkəzi Amerikada yaşayan və karmin boyasının alınmasında istifadə olunan koşenil həşəratları olub. XVI əsrdə bu məhsul qızıl və gümüşdən sonra Amerikadan Avropaya ixrac edilən ən qiymətli mallardan biri sayılırdı.
Araşdırmalar zamanı duzlu suda saxlanılan zeytun dolu keramika qablar, Vest-Hind adalarından gətirilmiş sərt ağac parçaları, Amerikadan daşınan zəncəfil yeşikləri və digər yüklər də aşkar olunub. Bu tapıntılar Kadisin XVI əsrdə geniş beynəlxalq ticarət mərkəzi olduğunu göstərir.
Gəmidə insan qalıqları da tapılıb. Onlardan biri 25–35 yaşlarında gənc qadına aid kəllə sümüyüdür. Antropoloqlar onun alnında mərmi və ya iti üçbucaqlı predmet zərbəsinə uyğun travma izi müəyyən ediblər.
Tədqiqatçılar, həmçinin gəmidə mal-qara, donuz, keçi və toyuq sümükləri aşkarlayıblar. Ehtimal olunur ki, bu heyvanlar dənizçilərin ərzaq ehtiyatı üçün saxlanılırmış.
Tarixçilər bildirirlər ki, bu gəminin batırılması Frensis Drekin Kadisə hücumunun yalnız bir hissəsi idi. 1587-ci ildə həyata keçirilən həmin əməliyyat İspaniyanın İngiltərəyə planlaşdırdığı dəniz yürüşünü ən azı bir il gecikdirib. Növbəti il yola çıxan “Yenilməz Armada” isə İngiltərə qarşısında ağır məğlubiyyətə uğrayıb.
Hazırladı:
S.ELAY
XQ

