Lalələrlə yazılan dostluq hekayəsi

post-img

Hər bahar Ottava rənglərin sehrinə bürünür. May ayının ilk günlərində Kanadanın sakit və soyuq paytaxtı milyonlarla lalənin nəfəsi ilə oyanır, küçələrə baharın ən incə ətri yayılır. Dünyanın ən möhtəşəm yaz bayramlarından biri sayılan Kanada Lalə Festivalı şəhəri iki həftə boyunca əsl nağıla çevirir.

Bu lalələr, sadəcə, çiçəklər deyil. Onlar minnətdarlığın, dostluğun və yaddaşın canlı simvoludur. İkinci Dünya müharibəsinin qaranlıq illərində Kanada faşizmdən qaçan Niderland kral ailəsinə qucaq açmışdı. Hətta Ottavadakı xəstəxananın bir otağı xüsusi qərarla Niderland ərazisi elan edilmişdi ki, burada dünyaya gələn şahzadə Marqriet taxtın qanuni varisi sayılsın. Müharibə bitdikdən sonra şahzadə Yuliana minnətdarlıq əlaməti olaraq Ottavaya yüz min lalə soğanağı göndərdi. O gündən etibarən lalələr Kanada ilə Niderland arasında əbədi dostluğun rəmzinə çevrildi.

Bu gün hər may ayında şəhər sonsuz rəng dənizinə bənzəyir. Parklar, meydanlar, küçələr və kanal sahilləri qırmızı, sarı, bənövşəyi və çəhrayı lalələrlə bəzənir. Beş milyondan çox lalənin çiçəklədiyi günlərdə dünyanın dörd bir yanından milyonlarla insan Ottavaya üz tutur. Soyuq iqlimi ilə tanınan şəhər həmin günlərdə sanki baharın ürəyinə çevrilir.

Festival ənənəvi Lalələr Balı ilə başlayır. Şüşədən və işıqdan qurulmuş güzgülü pavilyonda keçirilən gecədə musiqi, rəqs və zəriflik bir araya gəlir. Modellər lalələrdən hazırlanmış geyimlərlə podiuma çıxır, salonu isə kabare ruhunda canlı çıxışlar və beynəlxalq mətbəxin qoxuları doldurur.

Festival günlərində şəhərin hər guşəsi başqa bir mənzərə təqdim edir. Xüsusilə “The Loop” adlanan marşrut ziyarətçiləri heyran qoyur. Lalələrdən yaranmış nəhəng rəng halqasının içində Parliament Hill, Peace Tower və Fairmont Château Laurier kimi şəhərin simvolları yüksəlir. Sanki tarix və təbiət eyni tablonun içində birləşir.

Rideau Canal boyunca isə lalələrin əksi suda rəqs edir. Qışda dünyanın ən uzun buz meydançasına çevrilən kanal yazda çiçəklərin axarına bənzəyir. Sahillərdə açan minlərlə lalə Ottavanı rəng, gözəllik və həyatla dolu bir bahar simfoniyasına çevirir.

Kanada Lalə Festivalı, sadəcə, bir çiçək bayramı deyil. O, müharibədən doğan dostluğun, insanlığın və ümidin hər bahar yenidən çiçək açan hekayəsidir.

XQ

Maraqlı