Heydər Əliyev fenomeni: siyasi portretin miqyası və şəxsiyyətin missiyası

post-img

(əvvəli qəzetin 7 may 2026-cı il tarixli sayında)

Elmlər Akademiyasının 1975-ci ildə keçirilən 25 illik yubileyində Sovet Azərbaycanının lideri Heydər Əliyevin şəxsən iştirak etməsi və dərin məzmunlu nitq söyləməsi Akademiyanın inkişafında nadir tarixi hadisə olmaqla bərabər, ümumiyyətlə, ölkəmizdə azərbaycançılıq ideyasının və elmin inkişafında çox mühüm rol oynamışdır. Bu münasibətlə “Xalqlar Dostluğu” ordeninin Elmlər Akademiyasına təqdim olunması elmə, Akademiyaya, ziyalılara göstərilən ən yüksək dövlət qayğısının elmi ifadəsi idi. Azərbaycan Yazıçılar, Bəstəkarlar, Rəssamlar İttifaqlarının qurultaylarında iştirak və çıxışlar etməsi də milli-mənəvi dəyərlərin dərinləşdirilməsinə, azərbaycançılıq ideyasının ümummilli hərəkat səviyyəsində inkişaf etdirilməsinə təkan vermişdir. Bu proses Azərbaycanın Rusiyaya birləşdirilməsinə işğal hadisəsi kimi baxan Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun, XX əsrin əvvəllərində ölkəmizin ikiyə parçalanması haqqında “Gülüstan” adlı poema yazmış Xalq şairi Bəxtiyar Vahabzadənin, Naxçıvan Muxtar Respublikasına Ermənistanın tərkibinə verilməsinə etiraz bəyanatı ilə çıxış edən AMEA-nın müxbir üzvü Abbas Zamanovun və başqalarının müxtəlif yollarla müdafiə edilməsi ilə bir daha möhkəmləndirilmişdir. Azərbaycandan mərkəzə – Kremlə müxtəlif yollarla məlumat sızdıranlar, anonim məktublar göndərənlər prosesə mane ola, məqsədlərinə çata bilməmişlər.

Heydər Əliyev sonralar jurnalistlərə müsahibəsində Azərbaycanın rəhbər orqanlarında yüksək vəzifə daşıdığı illərdə “antisovet təbliğat apardıqlarına görə heç bir dissidentin, heç kəsin cəzalandırılmadığını” xüsusi olaraq diqqətə çatdırmışdır. Heydər Əliyev özü də Moskvada jurnalistlərə müsahibə verərkən sovet cəmiyyətində süni şəkildə dissident obrazı yaratmaq səylərinə tənqidi münasibətini aşağıdakı kimi ifadə etmişdir: “Bir dəfə 1989-cu ildə Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, sizdə, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi. Dedim ki, yox idi. Dedi, nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir ki, əgər axtarsaydıq çox dissident çıxarmaq olardı. Məsələn, əgər o illər, 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi.

Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Hətta ... Mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət ovaxtkı kommunist ideologiyasına zidd idi.

...Maqsud İbrahimbəyov və Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar.

...Əgər o vaxtlar onlar təqib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə məhrum etməyiblərsə, demək bu, bizim nailiyyətimizdir, …bizim o vaxtlar, çətin dövrlərdə apardığımız siyasətin nəticəsidir.

Heç şübhəsiz, Heydər Əliyevin sovet rejiminin sərt tələblərinə baxmayaraq, həyata keçirdiyi azərbaycançılıq siyasətinin, vətənpərvər Azərbaycan ziyalılarını qoruyub saxlaya bilməsinin mühüm əsasları var idi: hər şeydən əvvəl, Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarda geniş yayılan “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın” adı ilə cəmiyyətdəki haqsızlıqları, çatışmazlıqları açıq tənqid edən müsahibə dərc etdirən Heydər Əliyevin tutduğu ədalətli mövqe, respublika rəhbərinin yorulmaz və məqsədyönlü fəaliyyəti, özünə və xalqına bəslədiyi dərin inam seçilmiş yolun uğurla davam etdirilməsində əsas istinad nöqtəsi olmuşdur. Bundan başqa, Heydər Əliyevin SSRİ-nin rəhbəri Leonid Brejnevlə və Dövlət Təhlükəsizlik naziri, Siyasi Büronun üzvü Yuri Andropovla yaratdığı etibarlı münasibətlər də aparılan siyasətin, tutduğu azərbaycançılıq yolunun dönmədən davam etdirilməsinə təminat vermişdir. Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid Brejnevin 30 sentyabr 1970-ci il tarixdə Azərbaycana səfər etməsi və 24-27 sentyabr 1982-ci ildə ikinci dəfə Bakıya gəlməsi, Sovet Azərbaycanının rəhbəri tərəfindən yüksək səviyyədə qarşılanmasının təşkili, həmin münasibətlə bir sıra düşünülmüş tədbirlərin həyata keçirilməsi dövrünə görə Azərbaycanın İttifaq miqyasındakı nüfuzunu göstərən mühüm siyasi-tarixi hadisələrdən biri idi. Eyni zamanda, görkəmli dövlət xadimi Heydər Əliyevin 5 mart 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvlüyünə namizəd, 22 noyabr 1982-ci ildə Siyasi Büronun üzvü seçilməsi, SSRİ Ali Soveti Rəyasət Heyətinin 24 avqust 1979-cu il tarixli Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi onun SSRİ-yə daxil olan müttəfiq respublikaların rəhbərləri arasında xüsusi nüfuza malik olduğunu göstərirdi. Hansı ictimai quruluşda baş verməsindən asılı olmayaraq, hər biri ölkəmiz və xalqımız üçün qürur mənbəyi olan bu tarixi hadisələr həm görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinə və fəaliyyətinə bəslənilən xüsusi ehtiramın, həm də Azərbaycan Sovet Sosialist Respublikasında qazanılan böyük nailiyyətlərə verilən yüksək qiymətin ifadəsi idi. Yuxarıda qeyd etdiyimiz Siyasi Büronun üzvü və Sosialist Əməyi Qəhrəmanı adını SSRİ-in tərkibində olan 15 respublikadan yalnız üçünün – Ukrayna, Azərbaycan və Qazaxıstanın rəhbərləri qazana bilmişdilər. Bütün bunlara görə, Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illər xalqımızın və ölkəmizin tarixinin xüsusi bir inkişaf dövrüdür.

Görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halında yeni mərhələ onun SSRİ Nazirlər Sovetində fəaliyyətini davam etdirilməsi ilə başlanmışdır. Belə ki, Heydər Əliyev SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 noyabr 1982-ci il tarixli fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu, müttəfiq respublikanın başçısının SSRİ adlanan dövlətin rəhbərliyində qazandığı mühüm nailiyyət idi. Tarixçilərin haqlı olaraq yazdıqları kimi “Heydər Əliyev SSRİ-nin müsəlman respublikalarının rəhbər işçiləri arasında belə yüksək vəzifəyə qalxan ilk şəxs idi”. Heydər Əliyev Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Sovetlər İttifaqının nəqliyyat sahəsinə rəhbərlik etmiş, eyni zamanda, həm də təhsil, səhiyyə və mədəniyyət sahələrinə də nəzarət etmək funksiyasını həyata keçirmişdir. O, SSRİ-nin Uzaq Şərq ərazilərinin inkişaf etdirilməsi üçün salınan Baykal-Amur magistralı ilə əlaqədar problemləri həll edərək, faktiki olaraq, çəkilişi dayandırılan bu nəhəng magistralın tikintisini başa çatdırmışdır. Sovet dövlətində idarəçiliyin təkmilləşdirilməsi sahəsində də Heydər Əliyev yeni təşəbbüslərə şərait yaradılmasını zəruri saymışdır. Sovetlər İttifaqının rəhbəri Yuri Andropovun təklifi ilə o, dövlət idarəçiliyində əmək kollektivlərinin səlahiyyətlərinin və rolunun artırılması yolları haqqında qanun layihəsi hazırlayıb müzakirəyə çıxarmışdır. Bundan başqa, 1984-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri” haqqında qanun layihəsi hazırlanmış və o, bu məsələ ilə əlaqədar SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında məruzə ilə çıxış etmişdir. Heydər Əliyev sovet səhiyyə sisteminin təkmilləşdirilməsi işi ilə də məşğul olmuşdur. SSRİ Nazirlər sovetinin 1987-ci ildə və 2000-ci ilə qədər olan dövrdə əhalinin sağlamlığının qorunmasının inkişafı və SSRİ səhiyyəsinin “Yenidən qurulmasının əsas istiqamətləri” haqqındakı qərarının da əsas müəlliflərindən biri Heydər Əliyev idi. Siyasi Büronun üzvü kimi Heydər Əliyev sovet dövlətinin Şərq siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdir. O, Hindistan, Suriya, Şimali Koreya, Vyetnam, Laos və Anqolaya səfər edən sovet nümayəndə heyətinə rəhbərlik etmiş və həmin ölkələrlə SSRİ-nin əlaqələrinin daha da genişləndirilməsi üçün müvafiq tədbirlərinin həyata keçirilməsinə nail olmuşdur. Bundan başqa, “Admiral Naximov” gəmisinin batması ilə yaranan sensasiyalı faciəli hadisənin araşdırılması üzrə Dövlət Komissiyasına rəhbərlik etmək kimi məsuliyyətli vəzifəni də Heydər Əliyev bacarıqla həyata keçirmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin tərcümeyi-halının Kreml mərhələsinin birinci dövrü uğurlu keçmişdir. SSRİ-nin rəhbəri Yuri Andropov Heydər Əliyevin “partiyanın və sovet dövlətinin görkəmli xadimi” kimi xidmətlərinə yüksək qiymət vermişdir. Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Kommunist Partiyası və sovet dövləti qarşısındakı böyük xidmətlərinə görə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Bütün bunlarla bərabər, Mixail Qorbaçov 11 mart 1985-ci il tarixdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi vəzifəsinə seçildikdən sonra Kremldə Heydər Əliyevə qarşı münasibət dəyişmişdir. SSRİ-nin yeni rəhbərinin yenidənqurma siyasətinin bir çox məqamlarının uğursuz olacağını, onun alkoqolizmə qarşı mübarizə adı altında ölkə üzrə möhkəm iqtisadi bazası olan üzümçülük təsərrüfatlarını dağıtmasını bildirməsi Mixail Qorbaçov – Heydər Əliyev münasibətlərində gərginlik yaratmışdır. Ən başlıcası isə dövlət idarəetməsi sahəsindəki səriştəsizliyi ilə siyasi imicini itirən Mixail Qorbaçov SSRİ rəhbərliyində, bütövlükdə Sovet İttifaqında və beynəlxalq miqyasda böyük nüfuza malik olan görkəmli dövlət xadimi Heydər Əliyevə qısqanc münasibət bəsləmişdir. Elmdə etiraf edildiyi kimi, “Heydər Əliyev Siyasi Büroda öz ədalətliliyi, obyektivliyi, ağlı, prinsipiallığı ilə fərqlənirdi. Mixail Qorbaçov onun cəsarətli çıxışları qarşısında çox vaxt qorxuya düşürdü. Nəticədə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyev 21 oktyabr 1987-ci ildə Mixail Qorbaçovun idarəetmə siyasətinə etiraz əlaməti olaraq öz xahişi ilə tutduğu vəzifədən və Siyasi Büronun üzvlüyündən istefa vermişdir. Heydər Əliyevin tutduğu vəzifədən azad edilməsində Moskvada Mixail Qorbaçovun ətrafında olan erməni separatçılarının Sovet dövlətinin rəhbəri ilə olan yaxın münasibətləri də mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Heydər Əliyev sovet dövlətinin rəhbərliyindən kənarlaşdırıldıqdan az sonra Kreml dairələrinə yaxın olan ermənilər tərəfindən Azərbaycanın qədim ərazisi olan Dağlıq Qarabağın Ermənistana verilməsi haqqında bəyanatlar səsləndirilmiş və Mixail Qorbaçovun və onun tərəfdarlarının dəstəyi ilə qızışdırılan Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqları işğal edilmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə həmişə Azərbaycana xüsusi diqqət və qayğı göstərmişdir. O, Azərbaycan SSR-in dövlət büdcəsinin artırılmasını diqqətdə saxlamış, respublikada bir sıra obyektlərin tikilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasını təmin etmişdir. Gənc Tamaşaçılar Teatrının yenidən qurulması, Gəncə şəhərində Avtomobil Zavodunun tikilməsi, Xəzər dənizi sahillərində kurort mərkəzlərinin yaradılması SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin doğma respublikaya qayğıkeş münasibətinin əməli ifadəsi idi.

Keşməkeşli və şərəfli taleyə malik olan Heydər Əliyevin tərcümeyi-halının ən məsuliyyətli dövrü görkəmli dövlət xadiminin Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad edilməsindən sonrakı 1987-1990-cı illərə aiddir. Məlum olduğu kimi, İttifaq əhəmiyyətli fərdi təqaüdçü bu dövrdə Heydər Əliyev sovet rəhbərliyi tərəfindən Moskva ətrafındakı dövlət bağ evində nəzarətdə saxlanılmışdır. Mixail Qorbaçovun diktəsi ilə “Pravda” qəzetində və digər mərkəzi mətbuat orqanlarında süni şəkildə Heydər Əliyevin əleyhinə yönəldilmiş “Əliyevşina” kampaniyasına start verilmiş, qəzetlərdə saxta məqalələr çap edilib yayılmışdır. Təəssüf ki, həmin illərdə Azərbaycan Respublikasına rəhbərlik etmiş Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov kimi doğma xalqına deyil, Kremlin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətə dəstək verən yarıtmaz, səriştəsiz rəhbərlər də Mərkəzin həyata keçirdiyi böhtan kampaniyasını qızışdırmaq və genişləndirmək yolunu tutmuşlar. Həm SSRİ rəhbərliyi, həm də Azərbaycana rəhbərlik edənlər Heydər Əliyevin Moskvadan vətənə qayıtmasına maneçilik törətmək üçün müxtəlif tədbirlər həyata keçirmişlər. Heydər Əliyevin Azərbaycana qayıtmasına maneələr yaratmaq SSRİ rəhbərliyinin və onların dəstək verdikləri erməni separatçılarının ölkəmizi parçalamaq, torpaqlarımızın işğalına nail olmaq və xalqımızı sarsıtmaq kimi planlarının tam həyata keçirilməsinə nail olmaq məqsədi daşımışdır. Bütün çətinliklərə və maneələrə baxmayaraq, Heydər Əliyev bu illər ərzində daim Azərbaycana qayıtmaq, doğma xalqının milli azadlıq mübarizəsində iştirak etmək üçün səylər göstərmişdir. O, həyatını böyük təhlükə qarşısında qoyaraq 21 yanvar 1990-cı ildə Moskva ətrafındakı xüsusi nəzarətdə saxlanan bağ evindən Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək, 20 Yanvar faciəsi haqqında sərt bəyanat səsləndirmiş, baş vermiş faciəli hadisə haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün qətiyyətli addım atmışdır. Heydər Əliyev əsl cəsarət nümunəsi olaraq 20 Yanvar faciəsinin törədilməsinin əsas səbəbkarlarının SSRİ rəhbərliyi və Azərbaycan Respublikasının rəhbər şəxsləri olduğunu bildirməklə doğma xalqının milli azadlıq mübarizəsinə haqq qazandırmışdır. Eyni zamanda, “müstəqillik uğrunda mübarizənin başlandığı gündən ideyaları və meydanlarda ucaldılan portretləri ilə azadlıq hərəkatında təmsil edilən Heydər Əliyev Moskva Bəyanatı ilə bu məsuliyyətli və şərəfli mübarizədə, iştirak etdiyini qəti şəkildə bəyan etmişdir”. (Bax: Azərbaycan Respublikasının tarixi, 3 cilddə, I cild. Bakı, “Elm”, 2022, s.165)

Ona görə də Heydər Əliyevin 21 yanvar 1990-cı il Moskva Bəyanatı haqlı olaraq “Azərbaycan Respublikasının Müstəqillik Aktının birinci parolu” adlandırılmışdır.

Bundan başqa, Kreml rəhbərliyi tərəfindən nəzarətdə saxlanılan Heydər Əliyev doğma Azərbaycana qayıtmaq üçün yollar axtarmışdır. SSRİ rəhbərliyində, Kreml Aparatında məsul vəzifədə çalışaraq, orada baş verən prosesləri izləmək və Siyasi Büro üzvlərini yaxından tanımaq imkanlarına malik olan Nikolay Zenkoviç “Tale yolları” kitabında Heydər Əliyevin Azərbaycana qayıtmaq haqqında tam qərarlı olduğunu qeyd edərək yazır: “Siyasətdən kənarlaşdırılmasına baxmayaraq, həmişə olduğu kimi, Heydər Əliyevi öz xalqının taleyi naminə məsuliyyət hissi heç vaxt tərk etməmişdir. Öz Vətəni üçün taleyüklü olan günlərdə Heydər Əliyev onun üçün xoşagəlməz halların, dramatik vəziyyətlərin baş verə biləcəyinə baxmayaraq, riskli addımlar atmağa hazır olmuşdur”.

Nəhayət, qəlbinin dərinliklərindən gələn Vətən hissi qalib gəlmiş və o, 20 iyul 1990-cı ildə Kremlin icazəsi olmadan təyyarə ilə Azərbaycana qayıtmışdır. Kremlin tapşırığı ilə konkret olaraq Ayaz Mütəllibov Heydər Əliyevin Bakı şəhərində yaşamasına razılıq verməmişdir. Heydər Əliyev növbəti maneələrə və qarşıdurmalara yol verməmək üçün 22 iyul 1990-cı il tarixdə heç kəsə xəbər vermədən təyyarə ilə Naxçıvan şəhərinə gəlmişdir. Naxçıvan Muxtar Respublikasının əhalisi görkəmli dövlət xadiminin gəlişini əsl bayram əhvali-ruhiyyəsi ilə qarşılanmışdır. Heydər Əliyevin gəlişi ilə əlaqədar Naxçıvan şəhərinin baş meydanında keçirilən mitinqdə 80 min nəfər iştirak etmiş və xalqın böyük oğluna tam dəstək verdiklərini bildirmişlər.

Heydər Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikasında gedən milli azadlıq mübarizəsində doğma xalqı ilə birlikdə olmuş, Azərbaycanın bu qədim diyarının Ermənistan tərəfindən işğal edilməsinin qarşısını almışdır. Naxçıvan Muxtar Respublikasının əhalisinin iradəsi ilə Heydər Əliyev 1990-cı ilin 30 sentyabrında keçirilən seçkilərdə Nehrəm dairəsindən Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan şəhərindəki M.F.Axundov dairəsindən isə Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci iclasına sədrlik edən Heydər Əliyev 17 noyabr 1990-cı ildə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi olan rəsmi bayrağı kimi qəbul edilməsi haqqında qərarın qəbul edilməsinə nail olmuşdur. Bu, Azərbaycan xalqının milli azadlıq mübarizəsinin ən böyük tarixi hadisəsi idi. Eyni zamanda, Heydər Əliyevin sədrlik etdiyi həmin iclasda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin bundan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması qərara alınmışdır. Bu, Heydər Əliyevin hələ Mixail Qorbaçovun hakimiyyətdə olduğu dövrdə SSRİ-nin dağılacağını qabaqcadan görə bilməsinin əyani sübutu idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarın qəbul edilməsi və Azərbaycanın ali hakimiyyət orqanları qarşısında həmin bayrağın ölkəmizin dövlət rəmzlərindən biri kimi qəbul edilməsi haqqında vəsatət qaldırması Heydər Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısındakı tarixi xidmətidir. Bundan başqa, 19 iyul 1991-ci ildə Heydər Əliyevin Kommunist Partiyası sıralarından çıxmaq haqqında SSRİ Nazirlər Sovetinin partiya təşkilatına rəsmi şəkildə ərizə ilə müraciət etməsi və buna nail ola bilməsi də nəinki Azərbaycanda, bütövlükdə Sovetlər İttifaqında milli azadlıq hərəkatının genişlənməsinə əhəmiyyətli dərəcədə təkan vermişdir. Çox keçmədən, SSRİ-nin dağılması və 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının özünü müstəqil dövlət elan etməsi ilə Heydər Əliyevin uzaqgörənliyi özünün təsdiqini tapmışdır.

Bundan başqa, Naxçıvan MR Ali Məclisinin 14 mart 1991-ci il tarixli sessiyasında Mixail Qorbaçovun tapşırığı ilə SSRİ-nin saxlanılmasına dair yeni ittifaq müqaviləsinin bağlanması üçün referendumun keçirilməsinə dair Azərbaycan SSR Ali Sovetinin qərarının muxtar respublikada icra olunmaması qərara alınmışdır. Bu addım da SSRİ-nin dağılmasına və Azərbaycanda müstəqil dövlətin qurulmasına görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətidir.

Vətənə qayıdışında hər hansı bir vəzifə tutmaq üçün heç bir niyyətinin olmadığını dəfələrlə bəyan edən Heydər Əliyev, eyni zamanda, həm də ən çətin məqamlarda xalqın iradəsinə ehtiramla yanaşmışdır. O, Muxtar Respublika əhalisinin təkidi və tələbi ilə 3 sentyabr 1991-ci ildə Ali Məclisin sessiyasında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilmişdir. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sessiyasında dörd dəfə çıxış edərək, vəzifəyə seçilməkdən imtina etsə də, muxtar respublika üzrə 77 deputatın yekdil səsverməsi ilə Ali Məclisin sədri vəzifəsini qəbul etməli olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyev Azərbaycanın bu ayrılmaz tərkib hissəsi olan qədim diyarını Ermənistanın işğalından xilas etmişdir. O, sovet ordusunun Naxçıvanda xidmət edən hissələrini dinc yolla muxtar respublikanın ərazisindən çıxarmışdır. Heydər Əliyev 21 noyabr 1991-ci ildə Azərbaycanın gələcək dövlətçilik tarixində müstəsna rolu olan Yeni Azərbaycan Partiyasını təsis etmişdir. Azərbaycanın Qarabağ bölgəsində müxtəlif qurumlar və ya ayrı-ayrı şəxslər tərəfindən idarə olunan partizan dəstəsinə bənzəyən hərbi qruplaşmaların olduğu bir dövrdə Heydər Əliyev 7 sentyabr 1991-ci il tarixdə qəbul etdiyi qərarla Naxçıvan Muxtar Respublikasında Dövlət Müdafiə Komitəsi yaratmışdır. Azərbaycanda ilk dəfə olaraq kolxoz və sovxozların ləğv edilməsi və torpaq islahatlarının aparılması da 1992-ci ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmişdir.

(ardı var)

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti,
akademik

Siyasət