Təmizlik fabrikinin saf məhsulları

post-img

“Azərsun” Kağız Karton İstehsalat Korporasiyasının nəzdində fəaliyyət göstərən təmizlik vasitələri fabriki istehsal prosesini getdikcə genişləndirir. 2022-ci ildən fəaliyyətə başlayan müəssisə qısa müddət ərzində ölkəmizdə təmizlik vasitələri sahəsində aparıcı mövqeyə yüksəlib.

İllik istehsal gücü 22 min ton təşkil edən fabrikdə “Crystalex”, “Wipelex”, “Pure Sense”, “OxyWhite”, “Praxi” və “Biodax” kimi geniş çeşiddə məhsul istehsal olunur. Həmin məhsullardan qabyuyucu şampunlar, maye sabunlar, şüşə təmizləyicilər, ağardıcılar, dezinfektantlar və səth təmizləyiciləri gündəlik həyatımızda geniş istifadə olunur.

Yüksək keyfiyyət standartları əsasında istehsal olunan məhsullar istehlakçılar tərəfindən razılıqla qarşılanır. Hazırda fabrikin müasir texnologiyalarla təchiz olunmuş istehsal xəttində İtaliya və Türkiyədən gətirilmiş ən qabaqcıl avadanlıqlardan istifadə edilir. Müəssisənin laboratoriyasında isə bütün məhsullar keyfiyyət nəzarətindən keçir. Bu, istehsal olunan məhsulların yüksək standartlara cavab verməsinə və müştəri məmnuniyyətini təmin etməsinə zəmin yaradır.

Müəssisədə təmizlik məhsullarının seçilməsində dayanıqlılıq və ətraf mühitə təsir amillərinə xüsusi diqqət edilir. Dayanıqlı məhsullar yenidən emal oluna bilən materiallardan hazırlanır və tərkibində ətraf mühitə zərər verə biləcək kimyəvi maddələr minimuma endirilir. Ekoloji cəhətdən təmiz məhsullar təbiətə zərər vermədən parçalanır və su hövzələrini çirkləndirmir. Eyni zamanda, bu növ məhsullar ev təsərrüfatlarında təhlükəsiz istifadə olunmaqla yanaşı, ekosistemin qorunmasına da töhfə verir.

 

İqtisadiyyat