Yevlaxda damazlıq toyuqçuluq

post-img

Azərbaycan İnvestisiya Şirkətinin dəstəyi ilə Yevlax Aqroparkında müasir texnologiyalarla təchiz edilən damazlıq yumurta istehsalı zavodunun inşası davam edir.

Şirkətdən verilən məlumatına görə, layihə Azərbaycanda və beynəlxalq miqyasda fəaliyyət göstərən “Moonwake” investisiya şirkəti, ölkədə kənd təsərrüfatı və qida istehsalı sahələrində fəaliyyət göstərən “LUMUN” investisiya şirkəti və aqro-sənaye layihələri üzrə qlobal inteqrator olan İsrailin “Agri-Go” şirkətinin tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

İllik 22 milyon ədəd istehsal gücünə malik olan müəssisə, ölkənin yerli istehsal imkanlarını genişləndirməklə idxaldan asılılığı azaltmağı və qida təhlükəsizliyini gücləndirməyi hədəfləyir. Müəssisə üç əsas istehsalat sahəsindən ibarət olacaq. Cücələrin saxlanıldığı ərazi artıq istifadəyə verilib və burada ilkin mərhələdə gətirilmiş cücələr saxlanılır. 2025-ci ilin fevral ayında zavoda gətirilmiş 62 min cücənin sağlam inkişafını təmin etmək üçün nəzərdə tutulan beş peyvəndləmə mərhələsindən üçü artıq həyata keçirilib. Digər iki mərhələnin yaxın aylarda icra olunması planlaşdırılır. Zavodun digər iki əsas sahəsinin tikintisi isə davam edir. Bu sahələrin də cari ilin iyul və dekabr aylarında istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda zavodda 56 nəfər işçi çalışır. Gələcəkdə müəssisənin tam istismara verilməsi ilə bu sayın artırılması və bölgədə əlavə iş yerlərinin yaradılması gözlənilir. Yevlax və ətraf rayonlar üçün mühüm sosial-iqtisadi əhəmiyyət daşıyan bu layihə, həm də kənd təsərrüfatı sahəsində texnoloji yeniliklərin tətbiqi və davamlı inkişafı baxımından mühüm addımdır. Belə ki, layihə həm regionun iqtisadi inkişafına, həm də kənd təsərrüfatı məhsullarının keyfiyyətli və davamlı istehsalına töhfə verəcək. Eyni zamanda, yerli resurslara əsaslanan bu təşəbbüs kənd təsərrüfatı sektorunun dayanıqlığını və rəqabətqabiliyyətini artırmağa xidmət edir.

 

İqtisadiyyat