Digər Mərkəzi Asiya və Qafqaz (CCA) ölkələri ilə müqayisədə Azərbaycanın dövlət borcu aşağı səviyyədədir. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Tanos Arvanitis deyib.
Hazırda CCA ölkələrinin fiskal konsolidasiya yoluna qədəm qoyduqlarını xatırladan qurum rəsmisi bunu borc yükünün orta səviyyədə saxlanması baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Doğrudan da, biz görürük ki, Qazaxıstan və Azərbaycanda borc yükü nisbətən aşağı səviyyədədir. Region ölkələrinin əksəriyyətində bu göstərici ÜDM-in 30-40 faizi civarındadır. Ermənistanda bu göstərici bir qədər yüksəkdir. Ümumilikdə isə, regionun fiskal mövqeyi idarəolunandır”.
Xarici sektora gəldikdə isə, BVF rəsmisi bildirib ki, son illərdə bu sahənin iqtisadi artımda çox güclü rol oynadığı müşahidə edilib. O deyib ki, əksər ölkələrdə artım tempinin əvvəlki illə müqayisədə bir qədər zəifləməsinə baxmayaraq, ixracın artması ötən il də davam edib. “Ümumilikdə, ixrac, pul köçürmələri və maliyyə axınları güclü olaraq qalır və iqtisadiyyatı dəstəkləməkdə davam edir. Bu tendensiyanı CCA ölkələrində də müşahidə edirik”, – deyə o əlavə edib.