“Bakı Marafonu 2025”ə start verilib

post-img

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”ə start verilib.

AZƏRTAC xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarış üçün 28 minədək iştirakçı qeydiyyatdan keçib.

Artıq 8-ci dəfədir təşkil olunan Bakı Marafonuna tanınmış siyasi-ictimai, incəsənət xadimləri, ziyalılar, ümumilikdə, 200-dən çox rəsmi və fəxri iştirakçı qatılıb.

Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələr - Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukraynadan və digərlərindən qoşulanlar var.

Marafondan öncə yürüşdə fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar iştirak ediblər.

2016-cı ildən təşkil edilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhval-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edir.

İdman