Elə ki Yeni Yasamala gedirəm, gözüm rəssam dostum Taryeri axtarır, evdə olmayanda onun necəliyini soruşuram. O da biləndə ki, mən gəlmişəm, mütləq əmioğlugilə baş çəkir. Sonra da yaxınlıqdakı bağa çıxıb söhbətləşirik. Respublikanın Əməkdar rəssamı, Milli Xalça Muzeyinin şöbə müdiri Taryer Bəşirov Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Bir müddət görkəmli xalçaçı-rəssam Lətif Kərimovun rəhbərliyi altında sənətin sirlərinə yiyələnib.
Taryerin əsərləri dəfələrlə xarici ölkələrdə sərgi salonlarının bəzəyi olub və hazırda bir çox müzeylərdə göstərilir. Elə öz xalça muzeyimizə gedib onun əsərlərinə baxsanız, necə istedadlı sənətkar olduğunu yaxşı duyarsınız. Taryer həm də bu sənətin tarixini dərindən bilir və daim araşdırmalar aparır. Onun söhbətləri hər zaman tərəf-müqabilini bilgilərlə zənginləşdirir, duyğulandırır...
Əməkdar rəssam T.Bəşirov illərdir ki, yurdumuzun əsrarəngiz gözəlliyini, tarixini, abidələrini, görkəmli insanlarının portretlərini əlvan boyalarla xalçalara köçürür. Onun “Qarabağ Azərbaycandır – Zəfər” xalçası son illərdə işlədiyi çoxsaylı əsərləri arasında xüsusi yer tutur. Nadir xalça sənətkarın ordumuzun 44 günlük müharibədə möhtəşəm qələbəsinə hədiyyəsidir. Bu “xəritə”də Qarabağın hər bölgəsinin məşhur xalça fraqmengləri al-əlvan rənglərdə əksini tapıb. Əsərə baxdıqca ana-bacılarımızın ilmə diliylə sanki Vətən haqqında ürəklərində böyütdükləri arzularını görür və dinləyirsən.
“Tarixin salnaməsi” xalçası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilib və dərin mənalıdır. Xalçanın baş hissəsində H.Əliyevin məşhur “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri verilib və bu fikir əsərin əsas qayəsini təşkil edir. Sənətkarın Heydər Əliyev Fondunun 20 illiyinə həsr etdiyi xalça da gözəl kompozisiyaya malikdir və zəngin milli ornamentlərlərlə bəzədilıb.
Taryer Bəşirovun ən gözəl əsərlərindən biri “Türkün inancı, tarixin qazancı’’ xalçasıdır. Xalçada süjet baxımından bir qanunauyğunluq var. Ara sahəni təşkil edən zolaqlarda 6 müstəqil Türk respulikasının ərazisində aşkarlanan qayaüstü rəsmlər, bu rəsmlərin üstündə həmin xalqın ənənəvi xalçalarından bir nümunə və ən üst hissədə Pazırıx gülü elementi təsvir olunub. Xalçanın sol tərəfdən birinci zolağının aşağı hissəsində Azərbaycanın qədim Qobustan və Gəmiqaya qayaüstü rəsmləri təsvir olunub.
Xalçaçı-rəssamın “Müqəddəs üçlük” əsəri türklüyün qədim dövrünə həsr olunub. Üçlüyün məğzi “insan ruhunun Tanrıya – göyə, əməlinin yer üzərindəki həyata, cisminin isə torpağa aid olması” kimi qiymətləndirilib.
Taryer Bəşirov Xalq rəssamı Tahir Salahovun bir sıra əsərlərini uğurla xalçaya köçürüb. Bu əsərlər həm Tahir Salahov, həm də sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Dahi bəstəkar Üzeyir Hacıbəyova həsr olunmuş xalça dəyərli sənət əsəridir. “Mstislav Rostropoviç” xalçası da bu qəbildəndir.
T. Bəşirov xalq sənəti növlərindən olan çətənin yaşadılması və inkişaf etdirilməsi yönündə də böyük əmək sərf edir. O, uzun illərin axtarışları nəticəsində çətənçilikdə özünəməxsus cığır açıb və “Bakısilsiləsi”ndən dəyərli əsərlər yaradıb. Onlardan biri də “İçərişəhər” adlanır. Onun işlədiyi ornamental və süjetli çətənlər bu fikri təsdiq edir.
Rəssam dostumla Xalçaçı Günü ərəfəsində söhbətimiz zamanı öyrəndim ki, yenə də daim axtarışda, yeni mövzularda eskizlər yaratmaqdadır. Onun dedikləri:
– Bu, elə bir sənət sahəsidir ki, bir gün də ayrı durmaq olmur. Son işlərimi də Vətənin ayrı-ayrı guşələrinin gözəlliklərinə həsr etmişəm. İki gün sonra Xalça muzeyində mənim eskizlərim əsasında işlənmiş “Naxçıvan” xalçasının kəsimi olacaq. Bu əsərdə təsvirlər “Mömünə xatun” türbəsinin fonunda işlənib. Düşünürəm ki, sənətsevərlər bəyənərlər.
Xalçaçıların peşə bayramı günündə rəssam dostuma bundan sonra da ürəyinin odu ilə çəkdiyi eskizlərin əriş-arğac ilmələr işığında yeni gözəl əsərlərə çevrilməsini və yaşarı olmasını arzulayıram!
Səməd MƏLİKZADƏ