Tovuzun Kohnəqala kəndində anadan olan Elnurə 2015-ci ildə sərbəst güləş idman növü ilə məşğul olmağa başlayanda 13 yaşı var idi. Amma 3 il sonra, tovuzlu qız ilk dəfə olaraq Türkiyənin Qəbzə şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etdi və 3-cü yerə çıxdı.
Sonralar iştirak etdiyi bütün yarışlarda uğurlu çıxışı ilə fərqlənən güləşçi 2019-cu ildə Türkiyə və Ukraynada keçirilən beynəlxalq yarışlarda ikinci yerə, İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında üçüncü yerə, Bakı şəhərində təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında isə ikinci yerə layiq görülür. O, 2022-ci ilin martında Bolqarıstanda keçirilmiş güləş üzrə VII Avropa çempionatında uğurla iştirak edərək gümüş medal qazanır. Elnurə deyir: “O yarış xatirimdə daha böyük iz buraxıb. Çünki həmin yarışlardan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə idmançıların görüşündə mən də iştirak etdim. Cənab Prezidentimizin bizi təbrik etməsi, maraqlı və yaddaqalan söhbəti, tövsiyələri məni daha da ruhlandırdı.Təsadüfi deyil ki, 2024-cü ildə Avropa çempionatında 2-ci yeri, Bakıda hərbiçilər arasında isə birinci yeri tutaraq dünya çempionu oldum...”
Cari ilin mart ayında Elnurə Məmmədovanın həyatında daha bir unudulmaz hadisə baş verib. O, Albaniyanın paytaxtı Tirana şəhərində keşirilən sərbəst güləşçilərin yarışında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Bugünlərdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov güləşçi Elnurə Məmmədova ilə görüşüb. RİH başçısı görüş zamanı E.Məmmədovanı qələbə münasibəti ilə təbrik edib, ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Rayon rəhbəri qeyd edib ki, “tovuzlu idmançının Avropa çempionatında qələbə qazanması çox qürurverici bir haldır. Bu, həm də cənab Prezidentimizin ölkəmizdə idmana və idmanın inkişafına göstərdiyi hədsiz diqqət və qayğının nəticəsidir”. O, bundan sonra da güləşçimizə işlərində və idman sahəsindəki fəaliyyətində uğurlar arzulayıb.
E.Məmmədova dövlət başçımızın idmana və gənclərə ayırdığı diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, bundan sonra da ölkəmizin və Tovuzun adını daim zirvələrə qaldıracağına söz verib.
Görüşün sonunda Elnurə Məmmədovaya Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyə təqdim olunub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri