Ölkənin elm və təhsil ictimaiyyəti tanınmış fizik, yenilikçi alim, təcrübəli pedaqoq Sadiq Xəlilovun 75 illik yubileyini qədirbilənliklə qeyd edir. Sadiq Xəlilov 1950-ci il aprelin 20-də Ağdam şəhərində müəllim ailəsində anadan olub. Valideynlərinin hər ikisi uzun illər Ağdam şəhəri 2 saylı beynəlmiləl orta məktəbində çalışıb. Atası Xosrov Xəlilov İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra həmin məktəbdə hərbi hazırlıq və idman dəslərini tədris edib. Anası Tərlan Xəlilova isə fizika riyaziyyat müəllimi olub.
S.Xəlilov 1966-cı ildə Ağdam şəhəri 2 saylı beynəlmiləl orta məktəbi bitirib. Anasının fizika-riyaziyyat müəllimi olması onda dəqiq elmlərə maraq oyadıb. Bu səbəbdən də o, ali təhsilini də məhz elmin bu sahəsində almaq qərarına gəlib. 1966-cı ilin yayında sənədlərini o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə verib. Qəbul imtahanlarından yüksək qiymətlər alan gənc Sadiq arzusuna qovuşub.
Universitet həyatı, sevdiyi ixtisas üzrə təhsil alması onu fakültənin ən fəal tələbələrindən birinə çevirib. Dərslərinə səylə hazırlaşan gələcəyin alimi universitetin ictimai işlərində də yaxından iştirak edib, fakültə komsomol təşkilatının rəhbəri olub. Çalışqanlığı, ictimai fəallığı, eləcə də yüksək ünsiyyət bacarığı və səmimiliyi onu müəllim və tələbə yoldaşlarının sevimlisinə çevirib. Respublikamızın tanınmış alimləri Eldar Məsimov, Niftalı Qocayev, Kəriş Köçərli və başqalarının sayəsində fizika elminin ayrı-ayrı sahələrinə dərindən bələd olub.
1971-ci ildə ali məktəbi müvəffəqiyətlə bitirən Sadiq Xəlilov təyinatla Ağcabədi rayonunun Boyad kənd məktəbinə göndərilib. Burada çalışdığı müddətdə fizika və riyaziyyat dərslərini tədris etməklə yanaşı, öz üzərində çalışır, elmi-nəzəri biliklərini artırmağa daim səy göstərir. Sevimli müəllimi Kəriş Köçərlinin onu gələcəyin fizika alimi kimi görmək arzusunu, bir an da olsa, unutmur.
Bu istəklə də 1972-ci ildə qiyabi yolla BDU-nun fizika fakültəsinin aspiranturasına daxil olub və 4 illik aspirantura təhsili dövründə fizika sahəsində nəzəri və praktiki biliklərini artırmaq üçün gecə-gündüz, yorulmaq bilmədən çalışır. Elmi rəhbəri K.Köçərlinin tövsiyəsi ilə yarımkeçirici polimerlərin elektrik və dielektrik xassələrinin tədqiqi ilə məşğul olur. Apardığı elmi araşdırmalar və tədqiqat işləri öz müsbət nəticələrini verir.
Gənc tədqiqatçı 1979-cu ilin iyun ayında “Bərk polimer yarımkeçiricilərin elektrik və dielektrik xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yiyələnir. Yeri gəlmişkən, aspirantura təhsili dövründə apardığı elmi araşdırmaların və tədqiqat işlərinin nəticələrinə dair bir sıra aktual mövzularda çoxsaylı elmi məqalələri Almaniya, Hollandiya, Fransa və Rusiyanın tanınmış jurnallarında dərc olunur.
Həmin illərdə elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olan S.Xəlilov fakültədə ixtisası üzrə saat hesabı dərs deyib. Tədqiaqatçı alim və təcrübəli pedaqoq kimi kafedra əməkdaşları, fakültə müəllimləri, eləcə də tələbələr arasında ad-san, nüfuz qazanıb.
O, 1972-ci ilin sentyabrından 1981-ci ilin sentyabrınadək Bakı Dövlət Universitetində ümumi fizika kafedrasında laborant, baş laborant və baş elmi işçi vəzifələrində çalışıb. 1981-ci ildən 2001-ci ilədək isə indiki Azərbaycan Texniki Universitetinin fizika kafedrasında assistent və dosent vəzifələrində işləyib.
2001-ci ildə yenicə yaradılmış Sumqayıt Dövlət Universitetinə tədris hissə müdiri kimi işə dəvət olunan Sadiq müəllim 2013-cü ilədək burada səmərəli elmi-peaqoji fəaliyyət göstərib. Yeri gəlmişkən, yenicə təşkil olunmuş bu ali təhsil müəssisəndə fizikanın tədrisi metodikası ilə məşğul olan ayrıca kafedra olmadığından həmin işin təşkili də məhz ona həvalə edilib. Universitet rəhbərliyinin bu etimadını yüksək səviyyədə doğruldan alim belə bir kafedranı yaradaraq uzun illər ona rəhbərlik edib. Kafedra müdiri kimi tədrisin yüksək səviyyədə təşkil məqsədilə bura savadlı, bacarıqlı kadrları dəvət edib.
2013-2014-cü tədris ilinin əvvəlində yenidən Azərbaycan Texniki Univeritetinə qayıdan Sadiq Xəlilov hazırda bu ali tədris ocağında mühəndis fizikası və elektronika kafedrasının dosenti kimi elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir. Elm və təhsil sahəsində 45 illik uzun bir yol keçən Sadiq müəllim bu gün də təşəbbüskarlığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilir, bu sahədə səmərəli fəaliyyət göstərir. Məhz onun təşəbbüsü və bacarığı sayəsində universitetdə yeni, orijinal işlərdən ibarət daha bir tədris laboratoriyası yaradılıb. Hazırda burada fizika və tətbiqi fizikanın bir sıra vacib məslələri tədqiq olunur. Yeni laboratoriya, həm də tələbələrin ixtiraçılıq keyfiyyətlərinin formalaşdırılmasında, onlarda nəzəri biliklərin uğurla praktikada tətbiqində mühüm rol oynayır.
Tanınmış pedaqoq və yorulmaz tədqiqatçı alim Sadiq Xəlilov fizika elminin ayr-ayrı sahələrinə və onun tədrisinə dair 150-yə yaxın elmi əsərin müəllifidir. Bunların 101 elmi məqalə, 32-si elmi-metodik məqalə, 10-u patent, 7-si isə dərs vəsaitidir.
S.Xəlilovun fizika elmi sahəsində gənc kadrların yetişdirilməsinə verdiyi önəmli töhfələri, səmərəli elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2012-ci ilin noyabr ayında isə Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Mirbağır YAQUBZADƏ
XQ