Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə, hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur.
Yeri gəlmişkən, 2016-cı ildə Paris İqlim Sazişinə qoşulan Azərbaycan Respublikası 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını qarşıya mühüm hədəf kimi qoyub. Bu məqsədə çatmağın yollarından biri isə, heç şübhəsiz, ölkənin nəqliyyat parkının yenilənməsi, ekoloji cəhətdən təmiz avtomobillərin sayının artırılmasına nail olmaqdan ibarətdir. Bundan əlavə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsi qeyd olunur. Bu baxımdan ölkəmizdə köhnə avtomobillərin utilizasiyası da xüsusi aktuallıq kəsb edir.
Artıq Azərbaycanda köhnə, istismara yararsız nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı şərtlər müəyyən edilib. Həmin şərtlər Milli Məclisin dünən keçirilən iclasında təsdiqlənmiş “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqının bəyannaməçilər tərəfındən ödənilməsi gömrük orqanları tərəfindən təmin edilir.
Dövlət texniki baxışı üzrə utilizasiya haqqı isə nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödənilir.
Dəyişikliyə görə, utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir.
Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini bu Qanunun 14-4-cü və 14-5-ci maddələrində nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər, yəni utilizatorlar və digər şəxslər həyata keçirə bilər.
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı bu Qanunun 14-7-ci və 14-8-ci maddələrinin tələbləri nəzərə alınmaqla, utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir.
Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir.
Qeyd edək ki, köhnə avtomobillərin utilizasiyası ilə bağlı şərtlər 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. Bu isə o deməkdir ki, gələn ildən etibarən ölkəmizin nəqliyyat parkı köhnə avtomobillərdən tədricən xilas olmağa başlayacaq.
Eldəniz CƏFƏROV,
avtomobil nəqliyyatı üzrə ekspert
Qanuna edilən dəyişiklikdən göründüyü kimi, utilizasiya haqqı yeni avtomobillərə aid deyil. Bu, əsasən, istehsal tarixi 4 ildən artıq olan avtomobillərə şamil edilir. Burda bir məqam da diqqəti cəlb edir ki, utilizasiya haqqı utilizasiya fondu üçün yığılır. Yaxın vaxtlarda sözügedən fond təşkil olunaraq onun tərkibi, nizamnaməsi təsdiq edilməlidir ki, utilizasiya haqqını toplamaq mümkün olsun. Həm də fondun bir statusu, hansı formada fəaliyyət göstərəcəyi, yığılan vəsaitlərin hansı istiqamətdə xərclənəcəyi də müəyyən olunmalıdır.
Düşünürəm ki, bütün bu proseslərlə yanaşı, ölkəmizdə utilizasiya sənayesi də yaradılacaq. Utilizasiya proqramı Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafa dair strategiya çərçivəsində həyata keçiriləcək. Bu isə 2022-2026-cı illəri əhatə edir. Bəzən vətəndaşlarda çaşqınlıq yaranır ki, artıq dəyişikliklər təsdiqlənən kimi dərhal utilizasiya prosesinə başlanılacaq. Amma bu belə deyil. Qeyd etdiyimiz kimi, proses fondun təşkili, utilizasiya sənayesinin yaradılmasından sonra həyata keçiriləcək.
Dövlət utilizasiya layihəsinin həyata keçirilməsinə biznesi də cəlb edəcək. Yəni, biznes avtomobillərin utilizasiyasını həyata keçirən bir qurum kimi iştirak edəcək. Bundan əlavə, dövlət ölkəmizdə rəsmi diler və distibutorlar tərəfindən avtomobilini könüllü olaraq utilizasiyaya verən vətəndaşlar üçün müəyyən endirimlərin də alınmasını qarşıya məcburi şəkildə qoyur. Belə ki, diler və distibutorlar avtomobilini utilizasiyaya verən vətəndaşa yeni avtomobil alarkən endirim etməlidir. Buna əməl etməyənlər isə cərimələnəcəklər. Bununla yanaşı, qeyd etmək lazımdır ki, dəyişikliklərdə avtomobil almaq istəyən vətəndaşa distibutor tərəfindən ediləcək güzəştin və endirimin məbləği və faizi göstərilmir. Biz təklif edərdik ki, ölkəyə idxal olunan yeni avtomobillər (mühərrik həcmi 2 min kubsantimetrə qədər olan avtomobillər) gömrükdə əlavə dəyər vergisindən azad edilə və ya avtomobilin mühərrik həcminə görə alınan aksiz vergiləri ləğv oluna bilər. Bu da rəsmi dilerə bunun müqabilində yeni avtomobil almaq istəyən vətəndaşa həmin məbləğ dəyərində güzəşt etməyə imkan verəcək. Yəni dövlət yeni avtomobillərin idxalı zamanı öz payına düşən, ona gələn əlavə dəyər vergisindən imtina edir. Bunun müqabilində isə həmin o faiz ekvivalentində endirimi rəsmi diler vətəndaşa güzəştə gedir.
Dünya ölkələrində utilizasiya prosesi fərqli şəkildə aparılır. Bəzi ölkələrdə avtomobil idxal olunan zaman utilizasiya haqqı tutulursa, digərlərində vətəndaş utilizasiya zamanı ödəniş edir. Azərbaycanda isə avtomobil ölkəyə idxal olunduqda və texniki baxışdan keçdikdə utilizasiya haqqı yığılacaq. Buna görə də vətəndaş avtomobilini utilizasiyaya göndərən zaman hər hansı vəsait ödəməyəcək.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”