İndi dünyanın diqqəti Ukrayna cəbhəsindəkı son vəziyyətə deyil, Rusiyanın daxilində baş verən dramatik xarakter almış silahlı qarşıdurmaya yönəlib. Xeyli müddət idi ki, Rusiyanın “Vaqner” Özəl Hərbi Şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinlə Müdafiə naziri Sergey Şoyqu və Baş qərargah rəisi Valeri Gerasimov arasında qarşıdurma müşahidə olunurdu. Ekspertlərin ümumi qənaətinə görə, ötən gecədən Rusiyada başlanan qanlı olaylar məhz bu qarşıdurmanın nəticəsidir.
Baxmayaraq ki, “vaqnerçilər” silahlı qiyamın səbəbi kimi nizami ordu birləşmələrinin şirkətin arxa düşərgələrinə raket zərbələri etdirməsini və bu zaman bir neçə döyüşçünün öldürülməsini göstərirlər. “Bu vəhşiliyə hansı formada cavab verəcəyimizi qərarlaşdıracağıq. Bundan sonrakı addımı biz atacağıq”. Bu, Priqojinin bombardmana reaksiyası idi.
FTX və “SOBR” döyüşə hazır vəziyyətə gətirilib
Rusiyada Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva Departamentinin əməkdaşları həyəcan siqnalı ilə toplanıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib. Bu barədə “Report” “BBC”nin Rusiya xidmətinə istinadən xəbər verir. Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva–Voronej–Rostov–Don) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib. Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb. Eyni zamanda, Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyəti döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib. Bundan başqa, Moskvada bütün mühüm dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.
Yayılan məlumatlarda Priqojinin əsas hədəfi kimi Müdafiə naziri Şoyqu göstərilir. Amma bu, birmənalı şəkildə Prezident Vladimir Putinə qarşı silahlı qiyama işarədir. Putin isə dərhal hadisələri nəzarətə götürüb. Əvvəlcə Rusiya Milli Antiterror Komitəsi Priqojinin iddialarını əsassız adlandırıb və qanunsuz hərəkətlərin dərhal dayandırılmasını tələb edib. Sonra Federal Təhlükəsizlik Xidməti (FTX) onu silahlı üsyana çağırış maddəsi ilə cinayət işi qaldırıb. FTX bəyanatında “Vaqner” döyüşçülərini Priqojinin cinayətkar əmrlərini yerinə yetirməməyə, həmçinin onun saxlanılması üçün tədbirlər görməyə çağırıb. Rusiya hüquq-mühafizə orqanları da Priqojinin açıqlamalarını rus hərbçilərinin “kürəyinə vurulan bıçaq zərbəsi” adlandırıb. Bu arada sosial şəbəkələrdə “Vaqner”in komandirinin Rostovda Rusiya Müdafiə Nazirliyinin generalları ilə görüşünün videosu yayılıb. Videoda Priqojinin əvvəlcə üzünə şərf dolayıb döyüşçülərin əhatəsində həyətdə gəzdiyi, az sonra skamyada oturub Rusiya Müdafiə nazirinin müavini, general-polkovnik Yunus-Bek Yevkurov və Baş qərargah rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyevlə söhbəti öz əksini tapıb. Günün ikinci yarısında yayılan xəbərlərdə Rusiya ordusunun ölkənin Voronej vilayətində xüsusi döyüş əməliyyatına başladığı deyilirdi. Bu barədə açıqlama verən vilayətin qubernatoru Aleksandr Qusevin sözlərinə görə, ərazidə nizami ordu birləşmələri ilə “Vaqner” silahlıları arasında döyüş gedir.
“İndi xalqımızın taleyi həll olunur”
Rusiya Prezidenti Vladimir Putin yaranmış vəziyyətlə bağlı silahlı qüvvələrə və vətəndaşlara telemüraciət edib. Dövlət başçısının çıxışı Kremlin rəsmi Telegram-kanalı vasitəsilə yayımlanıb. Rusiya lideri hadisələri xəyanət kimi qiymətləndirib: “Mən Rusiya vətəndaşlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xüsusi xidmət orqanlarının şəxsi heyətinə, döyüş bölgələrində vuruşan, düşmənin həmlələrini dəf edən qəhrəman əsgər və komandirlərə müraciət edirəm. Mən hiylə və avantüraya uyub kriminal hərəkətlərə, ağır cinayətə, silahlı qiyama sövq edilənlərə də üzümü tuturam. Bu gün Rusiya neonasistlərin və onların ağalarının təcavüzünü dəf edərək, öz gələcəyi üçün çətin mübarizə aparır. Qərbin, faktiki olaraq, bütün iqtisadi, hərbi, informasiya maşını bizə qarşı yönəlib. Biz xalqımızın həyatı və təhlükəsizliyi, suverenliyimiz və müstəqilliyimiz üçün mübarizə aparırıq. Xalqımızın taleyinin həll olunduğu bu döyüş bütün qüvvələrin birləşməsini və məsuliyyətini tələb edir. Bizi zəiflədən hər şeyi kənara atmalı, xarici düşmənlərin bizi daxildən sarsıtmaq üçün istifadə edə biləcəyi fitnələrə uymamalıyıq”. Çıxışının sonunda bu gün ölkədə yaranmış durumu 1917-ci il inqilabı ilə müqayisə edən V.Putin Birinci Dünya müharibəsində qələbənin Rusiyadan oğurlandığını, daxili çəkişmələrin, ordunun və xalqın arxasından aparılan siyasətin ən böyük sarsıntıya çevrildiyini, ordunun məhvi və dövlətin dağılması ilə müşayiət olunan geniş ərazilərin itirilməsi ilə nəticələndiyini bildirib. “Məhz bunların nəticəsində vətəndaş müharibəsi faciəsi baş verdi”, – deyə Putin xəbərdarlıq edib.
Rusiya və Belarus liderləri son durumu müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putinlə onun belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Bu barədə Putinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Onlar ölkədəki son durum barədə fikir mübadiləsi aparıblar.
“Ölkənin parçalanmasına yol verməyəcəyik”
Bunu Rusiyanın sabiq prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, əhalini Rusiyanın dövlət başçısı Vladimir Putin ətrafında birləşməyə çağırıb: “Vaqner” silahlılarının ehtimal edilən qələbəsi Rusiyanı fəlakətə apara bilər. Qələbə isə Rusiyanın olacaq”.
Voronejdə neft zavodu yanır
Yanğının səbəbi açıqlanmayıb. Daha əvvəl bildirilmişdi ki, burada Rusiya Silahlı Qüvvələri ilə “Vaqner” Özəl Hərbi Şirkəti arasında döyüşlər gedir. Bu, təsdiqlənməmiş məlumatdır.
“Putin Kremldə iş başındadır”
Bu, Moskva vaxtı ilə saat 16:20-yə olan xəbərdir. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov göyərtəsində Vladimir Putinin olduğu iddia edilən təyyarənin Sankt-Peterburqa uçması ilə bağlı iddiaları təkzib edib. “Report” TASS-a istinadən xəbər verir ki, daha əvvəl bəzi teleqram kanalları belə bir iddia ilə çıxış etmişdilər. “Putin Kremldə iş başındadır”, – D.Peskov TASS-a bildirib.
Polislər “Vaqner” tərəfə keçiblər?
Rusiya Federasiyasında artıq onlarca təhlükəsizlik işçisi ölkənin hərbi rəhbərliyinə qarşı silahlı qiyam qaldıran “Vaqner” Özəl Hərbi Şirkətinin üzvlərini dəstəkləyib. Bunu Rusiyanın hərbi rəhbərliyinə qarşı qiyama başlayan “Vaqner” muzdlu döyüşçülərinin başçısı bildirib. Y. Priqojin deyib ki, artıq 60-70 asayiş keşikçisi “Vaqner” tərəfinə keçib. Onun sözlərinə görə, Rusiya ordusunun yarısı “Vaqner”i dəstəkləməyə hazırdır. “Hərbi rəhbərliyin döyüşçülərə yalan məlumat verdiyi yerlərdə döyüşlər gedir və buna görə də atışmalar baş verir. Əsgərlər bizi milli qvardiya və polislər qarşılayan yerdə sevinclə əllərini yelləyirlər. Deyirlər ki, sizinlə bir yerdə olmaq istəyirik. Artıq 60-70 nəfər bizə qoşulub. Baxmayaraq ki, biz yolun azını qət etmişik”,– deyə Priqojin bildirib. Xəbərlərdə bildirilir ki, Priqojin tərəfindən üsyana təhrik faktı ilə bağlı vəziyyətin ciddiliyi və Rusiya Federasiyasında qarşıdurmanın genişlənməsi təhlükəsi ilə əlaqədar ehtiyat tədbirlərin görülməsinə başlanıb.
Moskvada antiterror əməliyyatı rejimi
Rusiya paytaxtında təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Bu barədə Moskva şəhər meri Sergey Sobyanin bəyan edib: “Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırıla bilər. Xahiş edirəm, qəbul edilmiş tədbirlərə anlayışla yanaşın”. Son məlumatlara görə, Moskva çayı üzərində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Bununla bağlı yanlış xəbərlərə diqqəti çəkən S.Sobyanin bildirib: “Şəhərin giriş və çıxışlarında hərəkətin dayandırılması ilə bağlı bizə də məlumatlar daxil olur. Amma bu məlumatlar həqiqətə uyğun deyil. Yoxlamaların həyata keçirilməsi üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəqliyyatın hərəkətində çətinliklər yarana bilər. Amma şəhərə giriş və çıxışda heç bir məhdudiyyət yoxdur”. “Caucasian Live” Teleqram kanalının məlumatında deyilir: “Moskvada artıq “Vaqner”lə döyüşə hazırlıq gedir, paytaxt ətrafında səngərlər qazılır”. Telekanal bununla bağlı video-kadrlar da paylaşıb.
Priqojinin Putinə cavabı
“Vaqner” Özəl Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya Prezidenti Vladimir Putinin video-müraciətinə reaksiya verib. “Heç kim Federal Təhlükəsizlik Xidmətinin başçısının təslim olmasını tələb etmir. Biz ölkənin korrupsiya içində yaşamasını istəmirik”, – deyən Y.Priqojin əlavə edib ki, Ukrayna ilə müharibə aparıldığı açıqlananda onlar vuruşublar: “Ancaq belə çıxır ki, hər şey oğurlanıb. İndi onlar mülki vətəndaşları vururlar, çünki içəri girə bilmirlər”. O, Rusiya Prezidentinin vətənə xəyanətlə bağlı fikrində yanıldığını söyləyib: “Biz öz vətənimizin vətənpərvərləriyik. İstəmirik ki, ölkədə hiylə, korrupsiya və bürokratiya hökm sürsün”. Priqojin Putinin təslim olmaq tələbini rədd edib: “Biz tabe olmayacağıq”.
Hər 10 dəqiqədən bir Prezidentə məruzə edilir
“Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Qvardiyası Prezident Vladimir Putinə silahlı üsyan cəhdinə qarşı görülən tədbirlər barədə on dəqiqədən bir məruzə edirlər”. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib. Eyni zamanda, Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm – dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.
“25 minlik ordu ilə Moskvaya doğru hərəkət edirik. Rostovda bizi qarşılayıb, qucaqladılar. Sona qədər gedirik. Biz uşaq qatili deyilik. Uşaq qatili Şoyqudur. O, 18 yaşlı uşaqları döyüş meydanına atır”. Bu açıqlamanı verən “Vaqner” Özəl Hərbi Şirkətinin başçısı Priqojin vurğulayıb ki, Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov təyyarələri havaya qaldırmaq və mülki əhali arasında hərəkət edən kolona atəş açmaq əmrini verib: “Pilotlar əmrə tabe olmaqdan imtina ediblər. Ordu rəhbərliyi üçün mülki vətəndaşları öldürmək heç nədir”. Bu arada ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinin açıqlaması yayılıb: “Hazırda vətəndaş müharibəsi başlatmaq cəhdləri iflasa uğrayır”.
Ərdoğan Putini dəstəklədi
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Kremlin yaydığı rəsmi məlumatda bildirilib ki, Rusiya Prezidenti ölkədə silahlı qiyama cəhdlə bağlı Türkiyə Prezidentini məlumatlandırıb. Telefon danışığında Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbərliyinə tam dəstək verdiyini bildirib.
Moskva–Rostov yolu “betonlanıb”
TASS-ın yaydığı məlumata görə, “Vaqner”in hərbi texnikasından ibarət karvan Lipetsk vilayətinin ərazisində hərəkət edir. Vilayətin qubernatoru İqor Artamonov faktı təsdiqləyib. Onun sözlərinə görə, hüquq-mühafizə və regional hakimiyyət orqanları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür. “Report”un Rusiya bürosu xəbər verir ki, Moskvanın girişində Rostov istiqamətinə uzanan M-4 avtomobil yolunda hərbi texnika yerləşdirilib, beton maneələr quraşdırılıb. Hərbçilər və polis Rusiya paytaxtına gedən avtomobillərə baxış keçirir.
Silahlı qiyamın hansı sonluqla bitəcəyindən asılı olmayaraq, indidən birmənalı şəkildə deyə bilərik ki, bu, birbaşa Prezident Putinə qarşı yönəlib. Verilən son məlumatlardan belə nəticə hasil olur ki, artıq xəyanətkarların siyahısına düşən “Vaqner”in komandiri Priqojinin həbsinə və ya fiziki məhvinə hazırlıq görülür.
* * *
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Bu barədə Belarus liderinin mətbuat xidmətinin “Telegram” kanalı məlumat yayıb. Xəbər verilir ki, Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Lukaşenkonun gərginliyi azaltmaq üçün addım atmaq təklifini də Priqojin müsbət qarşılayıb.
Həmçinin, bildirilib ki, Lukaşenko Rusiya Prezidentinin razılığı ilə Priqojinlə danışıqlar aparıb.
Dünyanın gözü Rusiyadadır
Ağ ev vəziyyəti diqqətlə izləyir
ABŞ hakimiyyəti “Vaqner” Özəl Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin bəyanatlarından sonra Rusiyadakı vəziyyəti diqqətlə izləyir. Dövlət katibi Antoni Blinken durumu “Böyük yeddilər”in xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə telefonla müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıqların yekunlarına dair yazılı açıqlama verib: “Dövlət katibi Blinken Rusiyadakı mövcud vəziyyəti müzakirə etmək üçün bu gün Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə telefon danışıqları aparıb”.
Londondan reaksiya
Böyük Britaniyanın Baş naziri Rişi Sunak da Rusiyada “Vaqner”in qiyamından danışıb. O, sözügedən məsələni gün ərzində müttəfiqlərlə müzakirə edəcəyini söyləyib. Böyük Britaniya Müdafiə Nazirliyi isə “Vaqner”in qiyamını Rusiya hakimiyyətinin ən ciddi problemi kimi qiymətləndirib. Bu barədə nazirlik kəşfiyyat məlumatlarına əsasən bildirib. “Vaqner”lə Rusiya Müdafiə Nazirliyi arasındakı gərginlik açıq hərbi qarşıdurmaya çevrilib: “Mövcud böhranın nəticəsi Rusiya təhlükəsizlik qüvvələrinin, o cümlədən Rusiya Milli Qvardiyasının fəaliyyətinin nəticəsindən asılıdır”.
“Bu, ölkənin daxili işidir”
“Avropa İttifaqı Rusiyada baş verənləri diqqətlə izləyir”. Rusiyadakı silahlı qiyama münasibət bildirən Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tviterdə bu sözləri yazıb. Rusiyada baş verən hadisələrin bu ölkənin daxili işi olduğunu vurğulayan cənab Mişel Kiyevlə bağlı fikrilərini belə ifadə edib: “Ukraynaya dəstəyimiz sarsılmazdır”.
Astana da eyni mövqedədir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyadakı olayları baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb. “Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə qanunun və asayişin qorunması üçün zəruri şərtdir, cəmiyyətin təhlükəsizliyinin və onun uğurlu inkişafının əsasıdır”. Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bundan bir qədər əvvəl Rusiya Prezidenti Vladimir Putin Tokayevlə telefon danışığı aparıb və ona ölkədəki vəziyyət barədə məlumat verib.
Narahatedici ssenari ilə üz-üzəyik
“Rusiyada qeyri-sabitlik artır. Bu, bütün region üçün təhlükədir”. Bu sözləri İsveçin sabiq xarici işlər naziri Ann Linde özünün tviter səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiyada vəziyyət narahatedici ssenari üzrə inkişaf edir.
“Vaqner”in şansı yoxdur”
“Priqojinin bəzi yerlərdə məhdud qüvvəsi və gücü var. Kreml bu məhdud qüvvəyə qarşı birləşsə, məncə, “Vaqner”in şansı olmayacaq. Bu, sadəcə daxili siyasi böhran deyil, həm də Rusiya ərazisində hərbi əməliyyatlara səbəb ola biləcək böhrandır”. Bunu Bolqarıstan Prezidenti Rumen Radev deyib. O, həmçinin daxil olan məlumatların məhdudluğu səbəbindən baş verənlərin miqyasını müəyyən etməyin çətin olduğunu qeyd edib.
Hazırladı: İmran BƏDİRXANLI, “Xalq qəzeti”