Heydər Əliyev və Azərbaycanın su təchizatı

post-img

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini göz önünə gətirərkən onun müstəsna bacarığına heyran qalmaya bilmirsən: Bütün parametrlərdə çox böyük problemləri olan Azərbaycan Respublikasını bu keşməkeşlərdən, həm də uzun müddətli perspektivləri nəzərə alaraq necə çıxarda bilmişdir. Onun hələ Sovetlər Birliyi dövründə sənaye və kənd təsərrüfatı istiqamətində atdığı addımlar, tikdirdiyi fabrik və zavodlar məhz bu günlər üçün nəzərdə tutulmuşdur. Heydər Əliyevin respublikamız üçün gördüyü fundamental işlərdən biri də istər şəhər və qəsəbələrimizin, istərsə də kənd təsərrüfatının inkişafı üçün çox böyük ehtiyac duyduğu su probleminin həlli istiqamətində atdığı addımlardır. 

Azərbaycanda, o cümlədən, region­da su qıtlığı Naxçıvan Muxtar Respubli­kasında həmişə üzdə olmuşdur. Yerli su ehtiyatına görə respublikamızın Cənubi Qafqazda axırıncı yerdə olması, yəni il­lik su balansının cəmi 30 faizinin öz əra­zimizdə formalaşması, 70 faizinin isə tranzit xarakter daşımasına görə, yeni suvarılacaq sahələrin dövriyyəyə veril­məsi zamanı əlavə suvarma mənbələ­rinin aşkar edilməsi və ya yaradılması problemləri ortaya çıxmışdır. 

Tipik dağlıq ərazi olan Naxçıvan MR-in yaşayış məntəqələrində vaxtı ilə çəkilmiş möhtəşəm kəhriz və kanallar əhalinin suya olan təlabatını qismən ödəmişdir. Bunlara Şərur rayonunda ”Şahin Gəray” (Şangirey) suvarma ka­nallarını, Naxçıvan, Ordubad və digər şəhər və kəndlərdəki kəhrizləri göstər­mək olar. Lakin torpaqların su çatış­mazlığından dəmyə əkilməsi, xüsusən yayın ortalarında əhalinin içməli suya artan təlabatının ödənilməməsi, yenə də problem olaraq qalırdı. Bura əhalinin əkin sahələrinin, kommunal- iaşə müəs­sisələrinin, müxtəlif sənaye sahələrinin artımını da əlavə etsək, həm ölkədə, həm də muxtar respublikada suya olan təlabatın aktuallığı bir daha aydın olar.

Heydər Əliyevin Azərbaycan Res­publikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində onun bu aktual problem sahəsindəki fəaliyyətini təhlil etsək, onda ölkəmizdə ekoloji vəziyyətin yax­şılaşdırılması, təbiətin mühafizəsi və tə­bii ehtiyatlardan səmərəli istifadə olun­ması sahəsində ardıcıl, məqsədyönlü strategiyanın hazırlanması və həyata keçirilməsi istiqamətində fundamental işlərin görüldüyünün şahidi olarıq. Ulu öndərin planlı və elmi əsaslara istinad olunan ekoloji siyasəti nəticəsində ye­ni-yeni su anbarları, irriqasiya və me­liorasiya sistemləri yaradıldı, minlərlə hektar şorlaşmış torpaqlarda, bataqlıq­laşmış və aşınmış ərazilərdə kultivasiya işləri aparıldı, yeni-yeni meşə zolaqları salındı, eyni zamanda, qoruq və yasaq­lıqların sayı artırıldı. 

Heydər Əliyevin rəhbərliyi ilə 1969–1982-ci illərdə Azərbaycanın su təla­batının ödənilməsi üçün geniş həcmli dövlət əhəmiyyətli işlər yerinə yetirildi: 1969-cu ildə “Ağstafaçay”, 1970-ci ildə “Araz su qovşağı”, 1976-cı ildə “Sər­səng”, 1976-cı ildə “Yuxarı Xanbulan­çay”, 1977-ci ildə “Arpaçay”, 1980-cı ildə “Sirab”, 1981-ci ildə “Şəmkir” və “Cəhriçay” və s. kimi su anbarları tiki­lib istifadəyə verilmişdir. Bu qısa zaman kəsiyində respublikamızda eləcə də muxtar respublikada inşa edilən sutu­tarların ümumi həcmi 5,047 milyard ku­bmetr olmuşdur.

1969–1982-ci illərdə Azərbaycanda içməli su təchizatı sahəsində də böyük işlər görülmüşdür. 1970-ci ildə birinci növbə Kür–Abşeron su xətti, 1966–1978-ci illərdə isə Samur–Abşeron ka­nalı və “Ceyranbatan” su anbarı tikilib istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı, rayon mərkəzinə və kəndlərə 500 km uzunluğunda daxili su xətləri çəkilmişdir ki, bunun da 76,3 kilomet­ri Naxçıvan MR ərazisində olmuşdur. Azərbaycan Respublikasında təbii eh­tiyatlardan, xüsusilə tükənən və bərpa olunan ehtiyatlardan daha səmərəli istifadə olunması üçün yeni qanun və qərarlar qəbul edildi, onların icrasına nəzarət gücləndirildi. Bu illərdə görülən irimiqyaslı işləri həyata keçirmək üçün hüquqi baza yaradılmalı idi. Həmin döv­rdə təbiətdən səmərəli istifadə və ətraf mühitin qorunması haqqında 8 mühüm qanun və 32 qərar qəbul edildi. 

1977-ci ildə Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və kompleks istifadəsi ilə əlaqədar qəbul olunmuş qərar 1979-cu ildə üç yeni protokolla möhkəmləndirildi.

Ölkə rəhbərliyini düşündürən əsas problemlərdən biri də sututarların həc­minin artırılması və yeni daha böyük tu­tumlu su anbarlarının tikintisi idi. Prob­lemi həll etmək məqsədi ilə 1969-cu ildə su tutumuna görə respublikamızın dördüncü ən böyük, həcmi 565 mln.m3 olan “Tərtər” və həcmi 52 mln.m3 olan ”Xanbulançay” su anbarlarının ti­kintisinə başlandı. Daha bir il keçməmiş sahəsinə görə ikinci və su tutumuna görə üçüncü böyük ”Araz su qovşağı” su anbarının tikintisi başa çatdı. Araz çayı üzərində tikilən həcmi 1350 mln.m3-lik yeni su anbarı 100 min hektar susuz torpaqları suvarmaqla yanaşı, Naxçıvan MR-də elektrik enerjisinə olan təlabatının da müəyyən hissəsini ödəməyə imkan verdi. 42 min. kVt. saat elektrik hasil edən su anbarında Azər­baycanın ən böyük balıqçılıq vətəgələ­rindən biri fəaliyyətə başladı. 

Su anbarı, eyni zamanda, çayın orta və aşağı axarlarında Ermənista­nın sənaye, məişət, xüsusilə Metsamor Atom Elektrik Stansiyasının tullantıları hesabına yaranmış ekoloji gərginliyin qarşısını tullantıları özündə saxlamaq­la almış oldu. Cəmi bir il sonra Arpaçay üzərində layihə həcmi 180 mln.m3 olan su anbarının inşası başa çatdırıldı və bir neçə il sonra, muxtar respublikada 30 min hektar torpaq əkin sahələrinə çev­rildi. Eyni zamanda, 25 min hektardan artıq sahə yaşıllaşdırılma və lazımi miq­darda suvarılma imkanları qazandı. Hə­min il “Akstafaçay” su anbarının inşası başa çatdırıldı və su anbarından ümumi uzunluğu 75,5 km-lik iki suvarma kanalı çəkildi.

1971-ci il ölkəmizi ”Su intibahı” döv­rü də adlandırmaq olar. Həmin il Araz çayının aşağı axarında “Bəhramtəpə” hidrotexniki qurğusu və uzunluğu 123 km olan Əzizbəyov suvarma kanalı Tərtər çayı üzərində eyni adlı su anba­rından 25 km aşağıda, nisbətən kiçik “Madagiz” dəryaçası inşa edildi. Bakı şəhərinə Samur–Dəvəçi ovalığından üçüncü su kəməri çəkilməyə başlandı.

1973-cü ildə respublika rəhbərliyinin qərarları və birbaşa nəzarəti ilə Xan­lar, Beyləqan, Ordubad, Şuşa, Zəngi­lan şəhərləri yeni su kəmərləri ilə təc­hiz edildi. “Ceyranbatan” su anbarının həcmini artırmaq üçün işlərə başlandı. 1974-cü ildə Naxçıvan və Laçın şəhər­lərinə əlavə su kəməri çəkildi.

Keçən əsrin 70-ci illərinin mühüm hidrotexniki qurğularına 12 artezian quyusunun suyu ilə istifadəyə verilən Quba, dünyada indi də analoqu olma­yan 32 km-lik Turşsu–Şuşa mineral su kəməri, üçpilləli Ceyrançöl nasos stan­siyası, “Qahab” su anbarı, Girdiman­çay–Ağsu, Xaçmaz su magistralları istifadəyə verildi. Heydər Əliyevin rəh­bərliyi altında Azərbaycan KP MK-nın həyata keçirdiyi tədbirlər nəticəsində 1970–1980-ci illər arasında, cəmi on il ərzində su anbarlarının ümumi tutu­mu 20 mld.m3-ə, suvarma kanallarının uzunluğu – 50 min km-ə, kollektor–dre­naj şəbəkəsinin uzunluğu 18 min km-ə, su–nasos stansiyalarının sayı 700-ə çatdırıldı.

Ulu öndərin Azərbaycanda hakimiy­yətinin ikinci dövründə – 1993-2003-cü illərdə su problemlərinin həlli məqsə­dilə görülən işlər yenidən geniş vüsət aldı. Paytaxtın su təhcizatı sisteminin yenidən qurulmasına start verildi. İlk növbədə Böyükşor gölünə tökülən çir­kabın qarşısı alındı, Kür çayında ekoloji gərginliyin azaldılması məqsədi ilə Mil­li proqram hazırlandı, Xəzər dənizinin mühafizəsi üçün “Xəzər fondu” yaradıl­dı, qədim və ənənəvi su təhcizat sistemi olan kəhrizlərdə bərpa işləri başlandı, bəndi dağılmış “Qızılnohur” su anbarı bərpa edildi, Kürün daşması və su bo­rularının dağılması nəticəsində su təmi­natını itirmiş Zərdab şəhərinin su kəmə­ri yenidən quruldu, Yevlax rayonunda Bozdağ otlaqlarına su çıxarıldı, Azər­baycan Respublikasında “Su fondu” yaradıldı. Şərur şəhərinə yeni su xətti çəkildi, erməni işğalçıları tərəfindən da­ğıdılmış Horadiz su sistemi təzələndi...

Heydər Əliyevin hakimiyyətdə oldu­ğu dövrdə 270 min hektar yeni suvarılan torpaqlar hesabına kənd təsərrüfatına yararlı sahələr 1 milyon 450 min hek­tara çatdırıldı və 460 min hektar otlaq sahəsi su ilə təmin edildi. Bu dövrdə su problemlərinin həlli üçün su təsərrüfatı və meliorasiya sisteminə qoyulan pul vəsaitinin miqdarı Sovet hakimiyyətinin 50 ili ərzində respublikamıza qoyulan vəsaitdən 2 dəfə çox olmuşdur.

Ümummilli lider Heydər Əliyev tərə­findən müəyyənləşdirilən iqtisadi-siyasi xətt hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni sututarlar, suvarma kanalları, ən başlıcası isə əhalinin içmə­li suya olan tələbatı ödənilir.

Tariyel TALIBOV,
biologiya elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü,
Əməkdar elm xadimi

Sosial həyat