Siyasi məntiq, inandırıcı söz Ustadı

post-img

Azərbaycanda siyasi natiqlik məktəbinin formalaşmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndərin nitqinin səmimiliyi, zənginliyi və auditoriyaya təsiredici qüvvəsi dünyanın tanınmış siyasi xadimlərinin çıxışları ilə müqayisə oluna bilər. Ana dilimizin zəngin lüğət tərkibindən yayarlanan, dəqiq məntiqi vurğusu ilə seçilən nitq qabiliyyəti heç də dövlət başçılarının hamısına xas olan cəhət deyil.  Əminliklə deyə bilərik ki, Heydər Əliyevin çoxşaxəli siyasi, iqtisadi və mədəni fəaliyyətində natiqlik sənəti özünün yeni mərhələsinə qədəm qoydu. Ümummilli liderin proqram xarakterli çıxışları, onun oratorluq məharəti dərin elmi məntiqə söykənən hərtərəfli təhlil qabiliyyətinin və xalq dilinin bütün incəliklərinin mükəmməl sintezindən ibarət idi. 

Heydər Əliyev hər bir çıxışında auditoriyanın həmin məqamdakı psixoloji durumunu, istək və arzusunu dərindən duyurdu. Ümummilli liderin nitqlərinin zənginliyi və mükəmməlliyi istifadə etdiyi müdrik kəlamlarda da öz əksini tapırdı. O dövr üçün səciyyəvi sayılan ən çətin, dolaşıq siyasi prosesləri hamı üçün aydın, anlaşıqlı ritorikada, eyni zamanda, akademik dürüstlüklə ifadə etməyi bacaran Ulu öndərin sonradan kəlama çevriləcək “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” nidası milli mənlik şüurunun, kimlik qürurunun dirçəlişində təməl prinsip, aparıcı sütun rolunu oynadı. Heydər Əliyevin həm bu, həm də iqtisadi, mədəni sahələrlə bağlı söylədiyi strateji fikirlərinin gücü hər bir kəlməsinin arxasında dayanan sarsılmaz iradədən və xalqına olan sonsuz sevgisindən qaynaqlanırdı.

Siyasi publisistikanın ən parlaq nümunələri hesab olunmağa layiq bu çıxışlar dövlət idarəçiliyində “siyasi nitq” anlayışının yeni aspektlərini müəyyənləşdirdi. Heydər Əliyev beynəlxalq kürsülərdə Azərbaycanın haqq səsini dünyaya çatdırarkən diplomatik ritoruka ilə milli maraqların xəlqi üslubunu böyük ustalıqla birləşdirir, bu yolla həqiqəti və ədaləti hamı üçün əlçatan edirdi. Onun çıxışlarının ritorikasında heç bir süni bəzək olmamışdır. Hər bir fikir daxili inamın və zəngin həyat təcrübəsinin məhsulu kimi ortaya çıxırdı.

Bu gün tam əminliklə deyə bilərik ki, Heydər Əliyev həm də bu xüsusiyyətlərinə görə dünya miqyaslı siyasi liderlər sırasında özünəməxsusluğu ilə seçilir. O, nitqi ilə təkcə sözünü ünvanladığı müasirlərini deyil, həm də gələcək nəsilləri milli ideologiya, mənəvi və bəşəri dəyərlər  ətrafında birləşdirməyi bacaran nadir şəxsiyyətlərdən idi. Ümummilli liderin ana dilimizin dərin qatlarından boy verən zəngin nitqi bu gün və sabah onun dövlətçilik fəlsəfəsinin öyrənilməsində tutarlı elmi-nəzəri mənbə funksiyasını yerinə yetirir – desək, səhvə yol vermiş olmarıq.

Heydər Əliyevin nitqləri yalnız informasiya ötürmək məqsədi daşımırdı, eyni zamanda, ictimai rəyin formalaşdırılmasına, milli ideologiyanın möhkəmləndirilməsinə və ana dilinin saflığının qorunmasına xidmət edirdi. O, bütün çıxışlarında dilimizin zənginliyinin qorunmasının vacibliyini vurğulayır, cəmiyyətin düşünən beyinlərini ana dilinin inkişafı missiyasına səfərbər edirdi.

Sənədli video-xronikalarda onun ən müxtəlif şəraitlərdə və nüfuzlu tribunalarda dilə gətirdiklərini izləyəndə və dinləyəndə hər kəlməsinin müstəqil Azərbaycanın keçdiyi çətin və şərəfli yolun salnaməsinə çevrildiyinə şübhə yeri qalmır. 

Müasir dövrümüzdə natiqlik sənəti və onun tədqiqi ilə məşğul olan sahənin mütəxəssisləri Heydər Əliyev üslubiyyat məktəbini siyasi ünsiyyətin ən yüksək zirvəsi, xalq diplomatiyasının parlaq təzahürü kimi qiymətləndirirlər. 

Bu gün Ümumilli liderin çox dəyərli miraslarından biri – milli ruhdan qaynaqlanan siyasi-diplomatik dili Azərbaycanın həm bölgədə, həm də beynəlxalq arenadakı əldə etdiyi qələbələrinin intellektual təməlini təşkil edən amillərdəndir. Məhz bu amilin sayəsində onun layilqi varisi – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusilə 44 günlük müharibənin gedişində Zəfər müjdəli məlumatları, eləcə də dünyanın nüfuzlu media qurumlarına verdiyi çoxsaylı müsahibələrində hərbi- diplomatik qələbəmizin ifadəsinə çevrildi. 

 

Səbinə Muxtarova

Bakı Dövlət Universiteti

“Azərbaycan dilinin tətbiqi məsələləri” ETL –in əməkdaşı

 

 

Siyasət