Qlobal bərpaolunan enerji layihələrinə maraq getdikcə artır

post-img

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera tərəfindən beynəlxalq mediada yayılan məlumata əsasən, qlobal miqyasda bərpaolunan enerji mənbələrin 40 faizinin reallaşdırılmasına nail olunub. Lakin buna baxmayaraq hazırda qlobal istiləşmənin 1,5 selsi səviyyəsindən aşağı saxlanılması üçün transmissiyanın həcminin 3 giqavatdan (GW) 2030-cu ildə 10 GW-dək artırılması zərurəti ilə üzləşilib. 

Baş direktorun sözlərinə görə, qarşı­da duran vəzifəni gerçəkləşdirmək üçün genişhəcmli investisiya tələb edilir. Bu­nun üçün isə sərmayələrin daha ədalətli şəkildə ölkələrə yönəldilməsi dövlət sek­torunun müdaxiləsindən asılıdır. 

Françesko La Kameran, eyni zaman­da, bərpaolunan enerji mənbələrinin re­allaşdırılması məqsədilə inkişaf etməkdə olan ölkələrə daha çox vəsait yönəltmək üçün kollektiv səylər tələb etdiyini vur­ğulayıb. Onun fikrincə, həmin ölkələrə dəstəyin əsaslı şəkildə yaxşılığa doğru dəyişməsi isə təmiz enerjiyə çıxışa və iqlimə uyğunlaşmaya daha çox fayda verə bilər. Bu prosesdə isə maliyyə ins­titutları tərəfindən daha yaxşı şərtlərlə daha çox vəsait enerji keçidi layihələrinə yönəldilməli və yeni enerji sisteminin in­kişafını reallaşdırmaq üçün lazımi fiziki infrastruktur qurulmalıdır.

İndi isə bir sıra ölkələrin bu sahədəki fəaliyyətinə qısa nəzər salmaq istərdik. Məsələn, Almaniya hazırda dünyada bər­paolunan enerji mənbələrinin inkişafında və tətbiqində haqlı olaraq lider sayılır. Bu dövlət hərtərəfli düşünülmüş enerji si­yasəti və sözügedən sektorun inkişafının onilliklər boyu dəstəklənməsi sayəsində bərpaolunan enerjinin təbliğində, nəzəri texnologiyaların iqtisadiyyatda tətbiqində mühüm rol oynayır.

Almaniyada 2030-cu ilə qədər elektrik enerjisi tədarükünün yarıdan çoxu­nun və bütün enerjinin təqribən üçdəbir hissəsinin məhz bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi plan­laşdırılır. Ekspertlər tərəfindən bu sahədə aparılan təhlillər göstərir ki, qarşıya qoyu­lan məqsədə çatmaq üçün ölkədə böyük potensial var. 

Xatırladaq ki, COVID-19 pandemiyası ilə yadda qalan 2020-ci ildə Almaniya kö­mürdən istifadənin azaldılmasını, külək, günəş və bioqaz enerjisinin rolunun artı­rılmasını elan edib. Məhz həmin dövrdə bu ölkədə istehsal edilən elektrik enerjisi­nin yarıdan çoxu, daha dəqiq desək, 51,2 faizi sözügedən mənbə hesabına yara­nıb və bu, böyük göstərici kimi qeydə alı­nıb. Şübhəsiz ki, burada COVID – 19-un iqtisadiyyata təsiri də özünü aydın göstə­rib, lakin pandemiyanın təsirinin getdikcə zəifləməsinə baxmayaraq bərpaolunan enerjiyə meyil dəyişməyib.

Onu da deyək ki, Almaniyada elektrik stansiyalarının bir qismi hələ də kömürlə işləyir. Bu ölkədə daş kömür çıxarılması 2018-ci ilin sonunda dayandırılıb. Həmin vaxtdan daş kömür yalnız idxal edilib. Almaniya bazarına daş kömürün əsas tədarükçüsü Rusiya olub, bütün idxalın təqribən yarısı onun payına düşüb. La­kin Ukraynada müharibə və Moskvanın Rusiya qazına görə ödənişin yalnız rubl ilə aparılması barədə tələbləri ilə bağlı münaqişə “yaşıl enerji”yə keçidin sürət­ləndirilməsi məsələsini daha da aktual­laşdırıb.

Almaniyanın elektrik energetikasında kömürlə işləyən elektrik stansiyaların pa­yının azaldılması ilə əlaqədar çox ehtimal ki, daş kömür alınması daha da azala­caq. Bu, həm də qonur kömürə tələbatın azalmasına gətirib çıxaracaq. 

Beləliklə, nəticə etibarilə Almaniya elektrik energetikasında ən çirkli enerji daşıyıcısı kimi kömürdən istifadə edilmə­sindən 2038-ci ildən tez imtina edə bilər.

Burada maraqlı bir məqamı da xatır­ladaq. Belə ki, ötən ilin əvvəlində qəbul edilən yeni qanuna əsasən, Almaniyada dizel yanacağı, benzin, mazut və təbii qazın yandırılması zamanı əmələ gələn karbon qazının hər tonuna görə 25 avro ödənilməlidir. Bu isə avtomobil yanacağı­nın və mənzillərin qızdırılmasının baha­laşmasına gətirib çıxarır. 

Beləliklə, atmosferə karbon qazı tul­lantılarına görə, ödəniş tədricən artırıla­caq və 2025-ci ilədək karbon qazının hər tonuna ödənişin məbləği 55 avroya çat­dırılacaq. Bu da, öz növbəsində, elektrik avtomobillərindən istifadəyə keçid prose­sini sürətləndirəcək.

ABŞ-da da “Yaşıl enerji” layihəsi çər­çivəsində mühüm uğurlar əldə edilib. Bu ölkənin energetika informasiya idarəsinin ilkin məlumatına əsasən, 2020-ci ildə ABŞ-da ümumi enerji istehlakının təqri­bən 12,6 faizi və ölkə daxilində istehsal edilən elektrik enerjisinin təqribən 19,8 faizi bərpaolunan enerji mənbələrinin pa­yına düşüb.

2019-cu ildən bəri külək energetikası ölkədə bərpaolunan elektrik enerjisinin ən iri istehsalçısıdır. 2020-ci ildə külək enerjisi sayəsində 337,9 teravat-saat elektrik enerjisi istehsal olunub. Bu, ölkə­də elektrik enerjisi istehsalının ümumi həcminin 8,4 faizi və bərpaolunan mən­bələrdən elektrik enerjisi istehsalının ümumi həcminin 43,2 faizi deməkdir. 2021-ci ilin oktyabr ayı üçün olan məlu­mata görə, ABŞ-da külək energetikasının sənədlərdə göstərilən gücü 130 meqava­ta yaxın olub.

ABŞ-da bərpaolunan elektrik enerji­sinin ikinci ən böyük istehsalçısı hidroe­nergetikadır. Belə ki, 2020-ci ildə elektrik enerjisinin ümumi həcminin təqribən 7,3 faizi və bərpaolunan elektrik enerjisi is­tehsalının ümumi həcminin 36,4 faizi bu mənbə hesabına yaranıb. Birləşmiş Ştat­lar dünyada hidroelektrik enerjisinin ən iri istehsalçıları arasında Çin, Kanada və Braziliyadan sonra dördüncü yeri tutur.

Birləşmiş Ştatlarda elektrik enerjisi­nin günəş energetikası hesabına təmin edilən hissəsi artmaqdadır: 2017-ci ildə quraşdırılmış istehsal güclərinin 50 giqa­vatdan çox hissəsi ölkənin elektriklə təchizatının ümumi həcminin təqribən 1,3 faizini istehsal edib. Müqayisə üçün qeyd edək ki, əvvəlki ildə bu göstərici 0,9 faiz olub. 2016-cı il üçün olan məlumata görə, günəş enerjisi sənayesində işləyənlərin sayı 260 min nəfəri ötüb. 43 ştatda isə energetika şirkətləri tərəfindən günəş ba­tareyaları hesabına yaranan əlavə ener­jini almaq üçün xüsusi sayğaclar quraş­dırılıb. 

Dünyada əhali sayına görə birinci, iqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin Xalq Respublikası da bərpaolu­nan enerji sahəsində qısa müddətdə cid­di nailiyyətlər əldə edib. 

Ekspertlərin fikrincə, bərpaolunan enerji sektoru qazıntı və nüvə enerjisi po­tensialına nisbətən daha sürətlə inkişaf edir və yaxın vaxtlarda dünya üzrə bər­paolunan enerji potensialının təxminən 43 faizini məhz Çin təmin edəcək. 

Ötən il ölkənin bərpaolunan mən­bələrdən elektrik enerjisi istehsalı 1000 giqavata çatıb ki, bu da Çinin ümumi generasiya gücü potensialının 43,5 fai­zi deməkdir. Mövcud dinamikaya nəzər yetirəndə Çin hökumətinin 2030-cu ilə­dək günəş və külək mənbələrindən 1200 giqavat enerji əldə etmək, habelə 2060-cı ilədək bütün enerjinin 80 faizini alternativ mənbələrdən təmin etmək hədəfinə çata­cağı real görünür. Çin Dövlət Şurasının hələ 2013-cü ildə qəbul etdiyi fəaliyyət planında ölkənin enerji balansında bər­paolunan enerji mənbələrinin payını ar­tırmaq niyyəti əksini tapıb.

 

V.BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat