“The New York Times”: ABŞ F-16-ların Ukraynaya göndərilməsinə qapı açır

post-img

ABŞ Prezidenti Cozef Bayden cümə günü ölkəsinin müttəfiqlərinə F-16-ların Ukraynaya uçuşlarına icazə verəcəyini söyləyib. Bu barədə “The New York Times” qəzeti yazıb. Məlumatda qeyd edilir ki, ukraynalı pilotlara Amerika istehsalı olan F-16 qırıcı-bombardmançı döyüş təyyarələrində təlim keçiriləcək. Prezident digər ölkələrin də Ukraynaya F-16-ları verməyə hazır olduğunu bildirib. Bu qərarın Ukrayna ordusunun əsaslı təkmilləşməsində və siyasi həyatında kəskin dönüş yaradacağı bildirilib. 

Təyyarələrin nə vaxt göndəriləcəyi hələ tam dəqiqləşdirilməyib. F-16-la­rı olan bəzi Avropa ölkələrinin rəsmiləri də Ukraynaya həmin təyyarələri vermək istədiklərini bildiriblər. Dövlət rəsmiləri, həmçinin ABŞ-ın yaxın aylarda Kiyevi döyüş təyyarələri ilə necə təmin edəcəyi­nin müzakirə olunacağını deyiblər. Pilot təliminin bir neçə ay çəkəcəyi qeyd edilib. 

Qəzet yazır ki, bu xəbəri Böyük Bri­taniyanın Baş naziri Rishi Sunak müsbət qarşılayıb. O, özünün “Twitter” hesabın­da yazıb: “Birləşmiş Krallıq Ukraynaya ehtiyac duyduğu döyüş hava qabiliyyətini əldə etmək üçün ABŞ, Hollandiya, Belçi­ka və Danimarka ilə birlikdə çalışacaq”.

Prezident Baydenin qərarı Yaponi­yanın Xirosima şəhərində “Böyük yed­dilər”in liderləri arasında Ukraynanın gələcək illər ərzində Rusiyanın təcavü­zünün qarşısını almaqla bağlı aparılan müzakirələr zamanı verilib.

Liderlər birgə bəyanatda Rusiyanın təcavüzünə qarşı Ukraynaya təhlükəsiz­lik yardımını davam etdirməyə verilən dəstəyi Ukraynanın ehtiyaclarına uyğun­laşdırmağa sadiq olduqlarını bildiriblər. Qrup “Ukraynanın tələb etdiyi müddət ər­zində maliyyə, humanitar, hərbi və diplo­matik dəstəyi təmin edəcəyinə söz verib. 

Məqalədə qeyd edilir ki, ABŞ Prezi­denti F-16-ların dərhal lazım olmadığını deyərək aylarla çağırışlara müqavimət göstərdi. Lakin o, həmçinin onların Rusi­yanın daxilindəki hədəfləri vurmaq üçün istifadə oluna biləcəyindən və bununla da münaqişənin potensial olaraq gərginləş­məsindən narahat idi. Bu, C.Baydenin Ukraynanı böyük silah sistemi ilə təmin etmək istəmədikdən sonra kursu dəyiş­məsi ilə bağlı son hadisə idi. Birləşmiş Ştatlar Ukraynanı mürəkkəb tanklarla tə­min etməkdə tərəddüd edirdi, lakin Avro­panın təzyiqindən sonra onlara söz verdi. 

Qəzet yazır ki, mövqe dəyişikliyi cə­nab Zelenskinin “Böyük yeddilər”in sam­mitinə qoşulmasından bir neçə saat əv­vəl baş verib.

 

Tərcümə etdi:
Ə.BƏDƏLOV, “Xalq qəzeti”

Siyasət