Bakıda bədii gimnastika üzrə Avropa çempionatı bu gün başa çatacaq

post-img

Bakıda “Ulduz kimi parla” şüarı ilə keçirilən 39-cu Avropa çempionatın­da gimnastların mübarizəsi böyük ruh yüksəkliyi ilə davam edir. Avropanın ən güclü gimnastları gözəl, zərif və eyni zamanda fantastik çevik hərəkətləri ilə azarkeşlərin qəlbini ovsunlamaqda davam edirlər. Milli Gimnastika Arena­sındakı ab-hava yarış iştirakçılarından olan italiyalı gimnast Milena Baldassar­rinin təbirincə desək, Venesiyadakı kino festivalını xatırladır. 

İtaliya təmsilçisi açıqlamasında ya­rışın keçirildiyi arenanın tərtibatının da çox gözəl olduğunu, qırmızı rəngin idmançılara xüsusi enerji ötürdüyünü vurğulayır. Bakını çox sevdiyini deyən idmançı dəfələrlə Milli Gimnastika Are­nasında yüksək səviyyədə təşkil olunan turnirlərdə iştirak etdiyini bildirir. 

Dünya çempionu sonuncu dünya kuboku yarışlarında zədə aldığına görə məşqçisi ilə məsləhətləşərək Avropa çempionatında yalnız bir alət - lentlə çıxış etməyə qərar verib. 

Almaniyadan ölkəmizə gələn ta­nınmış gimnast Darya Varfolomeyevin anası Tatyana Varfolomeyeva tamaşaçı kimi oyunları izləməkdən zövq aldığını deyir. Gimnastika arenasının zalının çox gözəl olduğunu, xalçanın yaxşı işıqlan­dırıldığını qeyd etməklə yanaşı, tama­şaçı tribunalarından çıxışlara baxmağın rahat olduğunu da vurğulayır. Bakıya ilk dəfə gəldiyini deyən T.Varfolomeye­va bələdçinin müşayiəti ilə İçərişəhərə ekskursiya etdiklərini, çoxlu tarixi yer­lərlə tanışlığın onda xoş təəssürat oyat­dığını söyləyir. Əlavə edir ki, yenidən Bakıya səfər etmək imkanı olsa, bunu məmnuniyyətlə edəcək. 

Portuqaliyanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Darina Vasil­yeva Azərbaycanda olmaqdan böyük məmnuniyyət duy­duqlarını, paytax­tımızda yarışların həmişə yüksək sə­viyyədə təşkil edil­diyini deyib. 

“Heç də bütün ölkələrdə gimnast­lar üçün Azərbay­canda olduğu kimi şərait yaradılmır”, - deyə Darina Va­silyeva əlavə edib. Portuqaliya yığma­sının baş məşqçisi azərbaycanlı gim­nastların hazırlıq səviyyəsini yüksək qiymətləndirib. 

Qitə çempionatının dördüncü gü­nündə gimnastlarımız çoxnövçülük üzrə finallarda mübarizə aparıblar. 

Qrup hərəkətlərində 65.400 xal (iki hərəkətlər üzrə nəticələrin cəmi - beş halqa, həmçinin üç lent və iki top) top­layan Azərbaycanın böyüklərdən ibarət yığma komandası çoxnövçülükdə bü­rünc medal qazanıb.

Bolqarıstanın böyüklərdən ibarət ko­mandası qızıl medala layiq görülüb, iki proqramın icrasına görə hakimlər ona 68,050 xal veriblər.

İki hərəkət proqramı üzrə 67.300 xalı olan İsrailin böyüklərdən ibarət ko­mandası gümüş medal qazanıb.

Xatırladaq ki, Azərbaycan yığması­nın heyətində Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Elizaveta Luzan və Daria Sorokina yer alıb.

Azərbaycan gimnastı Zöhrə Ağami­rova 122,400 xalla çoxnövçülük yarışla­rında yeddinci olub.

Bolqarıstan təmsilçisi Boryana Ka­leyn dörd alət üzrə hərəkətlərin cəmində 131 xal toplayaraq qızıl medal qazanıb. İtaliya gimnastı Sofia Raffaeli 129,550 xalla yarışı ikinci, digər Bolqarıstan id­mançısı Stiliana Nikolova isə 129,500 xalla üçüncü pillədə başa vurublar.

Yarışda “Shooting Star” mükafatı təqdim olunub. “SmartScoring” şirkəti tərəfindən xüsusi hazırlanan mükafat macarıstanlı gimnast Fanni Piqniçkiyə verilib.

Azərbaycanın Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə As­lanova, İlahə Bahadırova, Ayan Sadıqo­va və Zəhra Cəfərovadan ibarət gənc­lər komandası isə qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıb.

Qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

 

Leyla QURBANOVA, “Xalq qəzeti”



İdman