Daşaltı şəhidinin şair-publisist atası

post-img

Doxsanıncı illərin əvvəlləri idi. Onda mən hələ radioda tam ştatda deyildim. Televiziyanın rəhbər texniki işçilərindən olan Həmid müəllimin (onun soyadını unutmuşam) oğlunun şəhid xəbəri gəlmişdi. Məsləhət oldu ki, Həmid müəllimlə görüşüm. Görüşdüm və “Dalğa” qəzetində “Şəhid atası ilə söhbət” adlı yığcam bir yazı verdim. Şəhidin qırx məclisi günlərində isə artıq radioda işləyirdim. “Səhər” musiqili informasaiya proqramında Həmid müəllimlə daha bir söhbət verdim və yenə də təqdimatda şəhid atası sözü var idi. 

Ertəsi günü Qaçay Köçərli dəhliz­də mənə dedi ki, İttifaq, o “şəhid atası” ifadəsi Həmidi öldürəcək. Daha o sözü işlətmə. 

Qaçay Köçərli haqqında yazının əvvəlində Həmid müəllimin şəhid oğlu haqqında danışmağımın səbəbi odur ki, Qaçay müəllimi də Həmid müəl­lim kimi məhz “şəhid atası” ifadəsi öldürdü. Oğlu Elcan Şirinov Daşaltı əməliyyatında mühasirəyə salına­raq öldürülən gənclərimizdən idi. Bir dəfə sızıldaya-sızıldaya demişdi ki, mən övladı şəhid olan valideynlərin heç birindən fərqli deyiləm. Fərq on­dadır ki, mən oğlumu əsgərliyə yola salmamışdım. Anası onun alnından öpüb arxasınca su atmamışdı. Elcan öz tay-tuşlarına, dostlarına qoşularaq bizdən xəbərsiz, gecənin qaranlığında cəbhəyə getmişdi. 

Bir dəfə Qaçay müəllimlə Şəhidlər xiyabanında görüşdük. Məni dəhşət götürdü. Əvvəldən də görmə problemi yaşayan Qaçay müəllimin gözlərinə baxmaq olmurdu. Ağlamaq onu nə günə salmışdı, İlahi! Təsəlli verməyə söz var idimi? Dedi, burda Elcan Şiri­nov adında üç şəhid var. İkisinin atası­nın adı Qaçaydır. Ona görə gəldim ki, mənim oğlumun baş daşına “Şirinov Elcan Qaçay Köçərli oğlu” yazsınlar. 

...Həmin illəri xatırlayaraq neçə yazı hazırlamışamsa, bilmirəm. Amma həmkarım Qüdrət Piriyev deyir ki, radi­odakı iş yoldaşların haqqında otuzdan çox yazı qələmə alsan da, hələ mə­lum deyil ki, oradakı ən yaxın həmsöh­bətin kim olub. 

Həmkarımın fikirləri arqument kimi maraqlı idi. Ancaq mən kiminlə daha yaxın həmsöhbət olduğumu deyə bil­mirəm. Hamı ilə sözüm tutur, həmsöh­bət olurdum. Bir dəfə Qaçay müəllimə demişdim ki, sizinlə daha çox ünsiyyət­də olmağımın bir səbəbi babamın ada­şı olmağınızdırsa, digər səbəbləri də hər ikimizin vaxtilə neft mədənlərində çalışmağımız ( o Suraxanıda, mən isə Bayılda), hər ikimizin ali təhsil alandan sonra Bakıda peşə məktəbində işləmə­yimiz, (o, Binədə, mən isə Bayılda), hər ikimizin həmin məktəbdə direktor müavini işləməyimiz (o, tədris-istehsa­lat işləri üzrə, mən təlim-tərbiyə işləri üzrə), hər ikimizin ali təhsili institutun qiyabi şöbəsində almağımızdır. Dedi, ora başqa məqamları da əlavə elə. Hər ikimizin respublika mətbuatındakı ilk şeirlərimiz neftçi şair imzası ilə veri­lib və tale hər ikimizi Dövlət radiosunun eyni mərtəbəsində çalışmaq üçün ha­zırlayıb. (O, uşaq verilişləri redaksiya­sında şöbə müdiri idi, mən isə Xəbərlər baş redaksiyasında). 

Bir dəfə Qaçay müəllim dedi: – Dünən Oqtaydan eşitdim ki, (Oqtay Rza­nı nəzərdə tuturdu) İttifaq da dördlüklər yazır. Onlardan bir–ikisini oxu, görüm. 

Yadıma düşən ilk şeiri demək istə­dim və təbii ki, əvvəlcə şeirin adını xa­tırlatdım: “Oktyabr”. 

Şair sanki nədənsə iyrənmiş adam kimi geri çəkildi: – Yox, yox, lazım deyil. Oktyabrı mənə demə. Lazım deyil. 

Yaxşı, dedim. Amma, məhz həmin şeiri oxudum: 

Girir yatağına saralan Günəş, 

Yatmağa tələsən xəstə qız kimi. 

Onun qızıl rəngli hörüklərini 

Payız qayçılayıb, insafsız kimi. 

Gözləri güldü: – Bu, başqa məsələ. Yaxşıdır. Yoxsa deyirsən ki, Oktyabr, nə bilim nə...

Dedim, bu şeir inqilab, filan haqqın­da deyil, payızın orta ayı olan oktyabr haqqındadır. Bir daha gülümsündü: – Öpürəm. 

Onun çox qəribə, bəlkə də heç kəs­də görmədiyim təbəssümü var idi. 

Sonralar eşitdim ki, oğlu şəhid olandan sonra Köçərliyə (o, 1936-cı ildə Tərtər rayonunun Köçərli kəndində dünyaya gəlmişdi), anasını görməyə gedibmiş. Anasının gözləri görmür­müş. Qaçayın gəldiyini eşidən ana əllərini göyə qaldıraraq... fələkdən so­ruşub: “Balam gəldi. Bəs balası hanı?” 

Deyəsən, bu xatirələr bir az kədər­li oldu. Ona görə də sonda bir az nik­bin əhval-ruhiyyəyə qayıtmaq istədim. Həmin məqsəddə də Qaçay müəllimin özünə istinad var. Belə ki, əməkda­şımız İlqar Həsənov Qaçay Köçərli haqqında xatirə yazdığımı eşidəndə dedi ki, onun çöx gözəl şeirləri var. Hə­min şeirlərdən birində deyir: 

Göygöldə göy gözlü bir gözəl gördüm, 

Az qaldı Göygölü gözümdən sala. 

Allah sənə rəhmət eləsin, dünyanın çox ağır yüklərini daşımış həmkarımız!

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Mədəniyyət