Azərbaycan Özbəkistanla energetika sektorunda da əməkdaşlıq edəcək

post-img

Son illər Azərbaycanın dost və qardaş ölkə Özbəkistanla münasibətləri yüksələn xətlə inkişaf edir. Hazırda ölkələrimiz müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq edirlər. Bununla yanaşı, son illər dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına, strateji münasibətlərin daha da dərinləşməsinə təkan verir. 

Təkcə onu qeyd etmək kifayət­dir ki, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dolla­radək yüksəlib. Eyni zamanda, 2020-ci illə müqayisədə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb. Yaxın 5 il ərzin­də isə qarşılıqlı ticarətin həcminin 1 milyard dollara çatdırılması nəzərdə tutulur. Yeri gəlmişkən, hazırda Özbə­kistandan Azərbaycana əsasən toxu­culuq, maşınqayırma və ərzaq məh­sulları ixrac edilir. Azərbaycandan isə Özbəkistana xam neft, neft məhsulla­rı, alüminum və s. göndərilir.

Hazırda Azərbaycanla Özbəkistan iqtisadiyyatın müxtəlif sahələrində –kənd təsərrüfatı, nəqliyyat, logistika ilə yanaşı, birgə sərmayə qoyuluşları istiqamətində də fəal əməkdaşlıq edir­lər. Yaxın vaxtlarda isə ölkələrimiz arasında energetika sahəsində birgə layihələrin icrası planlaşdırılır. Xa­tırladaq ki, bu sahədə ilkin razılaşma 2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı əldə olunub. Ötən müd­dətdə səfər çərçivəsində imzalanmış sənədlərin icrasını sürətləndirmək məqsədilə hökumətlərarası komissiya və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər intensiv xarakter alıb. Həmin görüşlərin nəticəsi olaraq dövlət başçıları tərəfindən qəbul olu­nan qərarların və verilən tapşırıqların icrası istiqamətində mühüm addımlar atılıb. Ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” Səhmdar Cəmiy­yəti arasında əməkdaşlığın genişlən­dirilməsinə dair imzalanmış “Yol xə­ritəsi” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 

Yol xəritəsinə uyğun olaraq ha­zırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Özbəkneftqaz” şirkə­ti arasında “SOCAR Trading” birgə müəssisəsinin yaradılması məsələsi nəzərdən keçirilir. Bu barədə Daş­kənddə keçirilən “Özbəkistanın Neft və Qazı–OGU 2023” 25-ci bey­nəlxalq sərgi zamanı SOCAR prezi­denti Rövşən Nəcəfin başçılıq etdiyi nümayəndə heyətinin “Özbəkneftqaz” şirkəti arasında keçirilən görüşündə bildirilib. Görüş zamanı “Upstream” və “Downstream” istiqamətlərində əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsinin vacibliyi vur­ğulanıb.

Görüşdə, həmçinin “Buxara Neft Emalı Zavodunun modernləşdirilmə­si” layihəsində iştiraka, eləcə də Öz­bəkistanın və Azərbaycanın neft-qaz yataqlarında birgə işlənməyə xüsusi maraq ifadə olunub. Eyni zamanda, SOCAR rəhbərliyi Özbəkistan əra­zisində operator kimi xidmət müqa­vilələrində də iştirak etməyə hazır olduğunu bəyan edib. 

Özbəkistan tərəfi SOCAR nü­mayəndələrinə şirkətlər arasında potensial əməkdaşlığın inkişaf etdi­rilməsində maraqlı olduqlarına görə təşəkkür edib. Həmçinin bərpa olunan enerji sahələrinin ekoloji standartlara uyğun inkişafının vacibliyi vurğula­nıb, bu sahənin inkişafı istiqamətində Azərbaycan şirkətinə sıx əməkdaşlıq təklif olunub. Görüşün nəticəsi olaraq bütün sahələrdə əməkdaşlıq perspek­tivlərinin daha da öyrənilməsi im­kanları və bütün birgə layihələrin iş səviyyəsində inkişafının davam etdi­rilməsi barədə razılıqlar əldə olunub.

Yeri gəlmişkən, hər iki ölkənin energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün potensialı yüksəkdir. Daxili resursları hesabına özünün enerji təhlükəsizliyini tam tə­min edən Azərbaycan hazırda Avropa­nın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Dost ölkə və strateji tərəfdaşımız olan Özbəkistanın da bu baxımdan imkanları genişdir. Belə ki, son illər neft-qaz sektoru Özbəkistan iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Bu ölkədə neftçıxar­manın əsası 1937-ci ildə “Əndican” yatağının istismara verilməsi ilə qo­yulub. Məlumat üçün bildirirk ki, Öz­bəkistanın neftlə zəngin “Əndican”, “Boston” və “İzbaskənd” yataqları Fərqanə vadisində yerləşir. Ötən illər ərzində bu ölkənin ərazisində onlarca neft və qaz yatağı aşkar olunub. Bu yataqların bəziləri uzun illər istismar edilsə də, yerli və xarici mütəxəssis­lərin iştirakı ilə kəşf olunmuş yeni ya­taqlar da az deyil. 

2015-ci ildə Özbəkistanda 2,2 milyon ton neft çıxarılıb. 2016-cı ilin əvvəlinə ölkənin təsdiq olunmuş neft ehtiyatları 81 milyon ton təşkil etsə də, son illər açılmış yeni yataqlar hesabına bu rəqəmin artacağı istisna olunmur. Yeri gəlmişkən, OPEC-in neft hasilatı ilə bağlı tərtib etdiyi və 96 ölkənin yer aldığı siyahıda Özbə­kistan 50-ci yerdə qərarlaşıb. Belə ki, 2019-cu ildə bu ölkədə gündəlik neft hasilatı 52,9 min barel təşkil edib. Ümumilikdə isə, Özbəkistanın neft yataqları, əsasən, Qaraqalpaq Muxtar Respublikasının, eləcə də Əndican, Buxara, Qaşqadərya, Nəmənqan, Surxandərya və Fərqanə vilayətlə­rinin ərazisində yerləşir. Ölkənin cənub-qərb regionlarındakı yataqlar zənginliyi ilə seçilsə də, digər rayon­larda neft-qaz ehtiyatları o qədər də çox deyil. 

Bununla yanaşı, Özbəkistanda zəngin qaz yataqları da mövcuddur. BP şirkətinin dünya ölkələrinin təs­diq olunmuş qaz ehtiyatları ilə bağlı 2014-cü ildə açıqladığı siyahıda Öz­bəkistan 24-cü yerdə qərarlaşıb. Belə ki, bu ölkənin qaz ehtiyatları 1,1 tril­yon kubmetr həcmində qiymətləndiri­lib. Hazırda ölkənin ən zəngin “mavi yanacaq” mənbəyi “Qazlı” yatağı sayılır. Yatağın qaz ehtiyatları 470 milyard kubmetr həcmində qiymət­ləndirilir. Ötən əsrin 60-cı illərinin əv­vəllərindən istismar olunan yataqdan çıxarılan qaz Qazaxıstan, Qırğızıstan və Rusiyaya ixrac edilir. Bununla yanaşı, Özbəkistanda “Qandım” və “Təvəkkəl” kimi zəngin qaz yataqları da mövcuddur. 

Göründüyü kimi, Azərbaycan və Özbəkistan iqtisadiyyatları inkişaf istiqamətlərinə görə oxşar cəhətlərə malikdir. Energetika sahəsində əmək­daşlıq isə gələcəkdə ölkələrimiz ara­sında iqtisadi münasibətlərin yeni müstəvidə davam etməsinə gətirib çıxaracaq. Eyni zamanda, “Azər­baycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökumə­ti arasında Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanmış sazi­şin təsdiq edilməsi iqtisadiyyatın bir çox sahələrində, eləcə də investisiya­ların təşviqi istiqmətində əməkdaşlı­ğın genişləndirilməsinə səbəb olacaq. 

 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”

İqtisadiyyat