Ölkəmizdə ÜDM-in bu il 2,5 faiz, gələn il isə 2,7 faiz artacağı gözlənilir

post-img

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Regional iqtisadi perspektivlər” hesabatında son iki il ərzində respublikamızda güclü iqtisadi artıma nail olunduğu bildirilir və 2022-ci ildə istehsalın həcminin 4,6 faiz artdığı, qeyri-neft-qaz sektorunda isə artımın 9 faizə çatdığı vurğulanır. Hesabatda, həmçinin ÜDM-in 2023-cü ildə 2,5 faiz, 2024-cü ildə isə 2,7 faiz artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bütün bu proqnoz göstəriciləri ölkə iqtisadiyyatının inkişaf dinamikasını ifadə edir. Keçən il ərzində ÜDM-in 2021-ci ilə nisbətən 4,6 faiz ar­taraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz ar­taraq 69 milyard 826 milyon manat təşkil etməsi də bunun bariz ifadəsidir. 

Yeri gəlmişkən, Dünya Bankının cari il üçün “Qlobal iqtisadi perspektivlər” adlı hesabatında ölkəmiz üzrə verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq saxlanılır. Cari il ərzində isə Azərbaycan iqtisadiyyatında artımın dünya ölkələri ilə müqayisədə 1,1 faiz, ECA regionu ilə müqayisədə isə 2,7 faiz daha yüksək olacağı proqnozlaşdırılır. Bu inkişaf tempi artıq Azərbaycanın orta yüksəkgəlirli statuslu ölkələr sırasında olacağını və milli iqtisadi strategiyasını öz gücü və imkanları hesabına reallaşdı­rılacağını deməyə əsas verir. 

Dövlət Statistika Komitəsinin məlu­matlarına əsasən, ölkənin ÜDM-i 2023-cü ilin yanvar-aprel aylarında 2022-ci ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz artaraq 39,986 milyard manata çatıb. Ko­mitənin məlumatına görə, bu ilin hesabat dövründə 2022-ci ilin analoji dövrü ilə müqayisədə qeyri-neft sektorunda əlavə dəyər 3,1 faiz, neft-qaz sektorunda isə 2,9 faiz artıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xalqımıza müraciətində ötən 20 ildə ölkənin sürətli tərəqqisindən danışarkən bu müddətdə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci dövlətin olmadığını, iqtisadiyyatın 3 dəfədən çox artdığını xüsusi vurğula­yıb. Ölkə rəhbəri daha sonra valyuta eh­tiyatlarının 65 milyard dollara çatdığını, bu rəqəmin isə 2003-cü illə müqayisədə 41 dəfə çox olduğunu və nəhayət, hə­min göstəricinin xarici borcu təxminən 10 dəfə üstələdiyini söyləyib. 

Bu məqamda qeyd edək ki, hazırda respublikamızın xarici dövlət borcu dün­yada ən aşağı səviyyədədir. Bu göstəri­ciyə görə Azərbaycan dünyada 9-cu yer­dədir. Neft ixrac edən dövlətlər arasında ən az xarici dövlət borcu olan Azərbay­candır. 

Beləliklə:

– son 20 il ərzində ölkə üzrə ÜDM-in nominal həcmi 22 dəfə artaraq 133,8 milyard manata çatıb;

– həmin dövrdə əhalinin gəlirləri 13,7 dəfə artıb. Bu müddətdə respub­lika iqtisadiyyatına 260 milyard dollar­dan çox sərmayə yatırılıb;

– Azərbaycan “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb, yox­sulluq 49 faizdən 5 faizə enib;

– ölkə iqtisadiyyatı hazırda alıcılıq qabiliyyətinə görə Cənubi Qafqaz re­gionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir;

– iqtisadiyyata qoyulan investisi­yalar dörd dəfə artıb;

– başlanğıcda 270 milyon dollara malik olan Dövlət Neft Fondunun he­sabı indi 50 milyarda dollara yüksəlib. Azərbaycan gəlirlərin ədalətli bölgü­sünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdə qərarlaşıb. 

Azərbaycan iqtisadiyyatını şərtlən­dirən amillər sırasında neft-qaz sekto­runda əldə edilən uğurlar mühüm önəm daşıyır. Qeyd edək ki, hazırda respubli­kamız TANAP və TAP vasitəsilə Avropa­ya qaz ixrac edir, Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmər­ləri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu kimi beynəlxalq iqtisadi layihələrin müəllifidir və bu gerçəkləşən təşəbbüslər sayəsində büdcəmizə valyu­ta axınını təmin edir. 

Gələcəkdə Zəngəzur dəhlizinin işə salınması isə Naxçıvan ilə Azərbaycanın digər regionlarının, eləcə də Türkiyə ilə Orta Asiya respublikalarının nəqliyyat baxımından birləşməsini təmin etməklə yanaşı, ölkəmizə həm iqtisadi, həm də siyasi dividend cəhətdən böyük uğur qa­zandıracaq. Milyardlarla dollar həcmində ticarət dövriyyəsi məhz bu dəhlizlə real­laşacaq ki, bu da ölkəmizə əlavə valyuta axınını gerçəkləşdirəcək.

Sonda onu da qeyd edək ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiq­yaslı bərpa-quruculuq layihələri həyata keçirilir. Düşməndən təmizlənən bu əra­zilərdə heç bir beynəlxalq kredit təşkilatı­nın yardımı olmadan erməni faşizmi tərə­findən vandalizmə məruz qalan yaşayış məntəqələri öz gücümüzlə bərpa edilir, alternativ enerji istehsalı üçün stansiya­lar yaradılır, yollar salınır, infrastruktur layihələri həyata keçirilir. Ümumilikdə, Azərbaycan bugünədək Qarabağın bər­pasına 9 milyard manata yaxın vəsait sərf edib.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Son 20 il ərzində ölkəmiz sürətli in­kişaf yolu keçib, sosial-iqtisadi sahələr­də müsbət göstəricilər əldə edilib. Lakin bununla kifayətlənilməməli, yüksək­gəlirli dövlətlər qrupuna daxil olmaq üçün uzunmüddətli dövrdə iqtisadiyyat sürətli və davamlı artmalıdır. Dünyada 13 ölkənin iqtisadiyyatı 25 il ərzində hər il orta hesabla 7 faizi üstələyən artım nümayiş etdirib. Bu dövlətlərdə iqtisa­diyyatlar sürətli, dayanıqlı və inklüziv şəkildə artaraq yüksəkgəlirli ölkələrlə məsafənin azalmasına nail olunub. Ha­zırda milli iqtisadiyyatımız yüksəkgəlirli ölkələr sırasına daxil olmağı hədəfləyir. Bunun üçün dayanıqlıq və inklüzivlik keyfiyyətlərini özündə cəmləyən yeni iqtisadi artım olmalıdır. Bu isə hər bir vətəndaşımızın gəlirlərinin davamlı art­ması üçün zəmin yarada bilər.

Azərbaycanda hazırda iqtisadi ar­tımın dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansı göz­lənilir. Kəndlərdə də şəhərlərdəki kimi, müasir sosial-iqtisadi infrastrukturun vacib elementləri olan təhsil ocaqları, tibb müəssisələri, mədəniyyət evləri, mühüm kommunal və inkişaf xidmətləri rəqəmsal texnologiyalar əsasında yara­dılır. Bütün bunlar şəhər və kənd yer­ləri arasında həyat standartlarında fərqi əhəmiyyətli dərəcədə azaldır. Kəndlərin planlanması və əhalinin məskunlaşma­sı zamanı regionun iqtisadi dəyər zənci­rində mövcud və potensial rolu nəzərə alınır.

Qloballaşma proseslərinin sürətlən­məsi və maliyyə böhranlarının başver­mə tezliyinin artması makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına diqqəti artırır. Makroiqtisadi sabitlik və dayanıqlıq uzunmüddətli dövrdə da­vamlı iqtisadi artımın başlıca şərtləri­dir. Aşağı və sabit inflyasiya, dayanıqlı məzənnə, habelə maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir.

Qlobal birbaşa investisiyaların cəlbi üzrə rəqabət kəskinləşir. Bu investisi­yalar sağlam və şəffaf biznes mühitinin mövcudluğunu, makroiqtisadi və maliy­yə sabitliyi tələb edir. Qeyd olunan şərt­lər mövcud olmadığı halda, ölkəyə yük­sək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınına maneə yarana bilər. Təcrübə göstərir ki, sürətli inkişafın əsas drayveri olan birbaşa xa­rici investisiyalar ölkədə dayanıqlı yeni iş yerləri yaratmaqla yanaşı, yüksək­keyfiyyətli insan kapitalı formalaşdıra bilər.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat