Azərbaycanda baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, son illər ölkəmizin adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.
Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkəmizin xarici ticarət dövriyyəsi 12 milyard 269,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8 milyard 239,4 milyon dollar, idxalın dəyəri 4 milyard 29,9 milyon dollar təşkil edib, nəticədə 4 milyard 209,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Belə bir göstəricinin əldə olunmasını bir sıra amillər şərtləndirib. Xüsusilə respublikamızın tranzit potensialının reallaşdırılması istiqamətində icra olunan layihələr bu məsələdə mühüm rol oynayıb. Başqa sözlə, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı gerçəkləşdirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər sosial-iqtisadi inkişafı sürətləndirməklə Azərbaycanı mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. Avtomobil yolları və dəmir yolu xətlərinin beynəlxalq standartlar əsasında yenidən qurulması, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynayıb, ölkəmizin tranzit potensialını daha da gücləndirib.
Yuxarıda qeyd edilən yüksək statistik göstəricilərin əldə olunmasında biznes əlaqələrinin təşviqi də mühüm rol oynayıb. Belə ki, son 20 ildə Azərbaycanın iqtisadi potensialının güclənməsi, reallaşdırılan diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyətə başlaması da, təbii ki, respublikamızın xarici iqtisadi-ticari əlaqələrinin genişlənməsini şərtləndirib. Bu, Statistika Komitəsinin idxal-ixracla bağlı digər göstəricilərində də vurğulanıb. Məsələn, məlumatda 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin müvafiq dövründə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 0,1 faiz, real ifadədə 5,1 faiz, o cümlədən idxalın 13,7 faiz, ixracın isə 2,4 faiz artması diqqətə çatdırılıb.
Xarici ticarət dövriyyəsinin 90 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, İsrail, İspaniya, Yunanıstan, Hindistan, Rumıniya, Çexiya, Fransa, Gürcüstan, Türkmənistan, Avstriya, İran, Qazaxıstan, Vyetnam, ABŞ, İndoneziya və İrlandiya ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. Bu dövrdə Rusiya, Çin və Türkiyə tərəfindən idxal olunan malların 62,1 faizi avtomobil, 15,3 faizi dəmir yolu, 9,9 faizi hava, 8,7 faizi dəniz nəqliyyatı ilə gətirilib, 4 faizi isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilib.
İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin payı üstün olub. Cari ilin yanvar-mart aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2022-ci ilin yanvar–mart ayları ilə müqayisədə faktiki qiymətlərlə 23,2 faiz, real ifadədə isə 19,2 faiz artaraq 912,2 milyon dollara bərabər olub. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (37,3 faiz), Rusiyaya (22 faizgöndərilmiş malların payı üstünlük təşkil edib.
Son illərdə beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş də Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərib. Nəticədə, ötən müddət ərzində Azərbaycanın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib.
Respublikamızın xarici iqtisadi əlaqələrinin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik də təkmilləşdirilib, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan yeni Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar qəbul edilib.
Göründüyü kimi, Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafı daim diqqətdə olan məsələlərdən biridir. Məhz bunun nəticəsidir ki, yerli məhsulların xaricə, o cümlədən, qeyri-ənənəvi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər görülür. Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıqlarına uyğun olaraq, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradılması üzrə tədbirlər reallaşdırılır. Bununla yanaşı, qarşılıqlı investisiya fəaliyyətinin təşviq edilməsi istiqamətində işlər də getdikcə gücləndirilir. Bu, ilk növbədə, investorlar üçün mühüm əhəmiyyət kəsb edən investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması layihələrində özünü qabarıq büruzə verir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”

