Əsas məqsədi qlobal inkişafa və iqtisadi sabitliyə kömək etməkdən ibarət olan Beynəlxalq Valyuta Fondu (BVF) iqtisadi çətinliklərlə üzləşən üzv dövlətlərə siyasət məsələləri üzrə məsləhət verir, onları maliyyələşdirir, həmçinin inkişaf etməkdə olan ölkələrlə işləyərək makroiqtisadi sabitliyə nail olmaq və yoxsulluğu azaltmaq üçün onlara kömək edir. 1945-ci ilin dekabr ayında yaradılan BVF iki il sonra fəaliyyətə başlayıb. Hazırda fond 186 ölkədən ibarət qlobal üzvlüyə malikdir.
Azərbaycan 1992-ci il sentyabr ayının 18-də Beynəlxalq Valyuta Fonduna üzvlüyə qəbul edilib. Ötən müddətdə fond ölkəmizdə bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması, vergi-gömrük siyasəti və onun idarə olunması, bank nəzarəti, mərkəzi bankçılıq, pul siyasəti və statistika sahələrində texniki yardım göstərib. Bu qurumla əməkdaşlığın əsasında uzunmüddətli neft strategiyasının nəticələrinin təhlili dayanır. Eyni zamanda, BVF ölkənin iqtisadi artım tempi barədə rəy bildirir, büdcəni proqnozlaşdırır, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin gələcək illərdə nə qədər artım tempinə malik olacağı barədə proqnoz verir.
Bu günlərdə isə Beynəlxalq Valyuta Fondu 2023-cü ilin iyun ayının sonunda Azərbaycandakı ofisini bağlamaq qərarına gəlib. Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentindən Azərbaycanın Maliyyə Nazirliyinə ünvanlanmış məktubda belə bir qərarın verilməsinin səbəbi kimi ölkəmizin güclü iqtisadiyyata və maliyyə ehtiyatlarına malik olması, yaxın gələcəkdə respublikamızla BVF arasında proqram xarakterli əməkdaşlığın gözlənilməməsidir. Məktubda, həmçinin qeyd olunur ki, ofisin bağlanması BVF-nin Azərbaycanla əlaqələrini zəiflətməyəcək. Fond ölkəmizin inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini müzakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək, zərurət yarandıqda texniki yardım göstərəcək.
Əslində, bu gün özünün davamlı iqtisadi inkişafını təmin edən Azərbaycan maliyyə cəhətdən heç bir beynəlxalq qurumdan asılı deyil. Ötən müddətdə ölkəmiz iqtisadi potensialından, xüsusən də enerji resurslarından sərbəst şəkildə istifadə edərək maliyyə sabitliyinə nail olmağı bacarıb. Təkcə onu demək kifayətdir ki, 2020-ci il üzrə “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb. Ümumi daxili məhsul 3 dəfə artıb, Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə enib. Daha bir müsbət məqam ondan ibarətdir ki, Azərbaycan xarici dövlət borcuna görə dünyada 9-cu yerdədir. Bu da neft ixrac edən dövlətlər arasında ən yaxşı göstəricidir. Eyni zamanda, ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çoxdur. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mayın 10-da xalqa müraciətində deyib: “İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bizim valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Yəni, bizim valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, biz heç kimdən asılı deyilik.”
Hazırda istənilən layihəni maliyyələşdirmək iqtidarında olan Azərbaycan artıq müxtəlif ölkələrin iqtisadiyyatına sərmayə yönəldir. Elə pandemiya dövründə Azərbaycanın fərdi qaydada 14 ölkəyə, eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstərməsi də bunun bariz nümunəsidir. Göründüyü kimi, Azərbaycanın artıq Beynəlxalq Valyuta Fondu kimi quruma ehtiyacı yoxdur. Bu faktın özü isə adıçəkilən qurumda ölkəmizlə bağlı münasibətdə bir əminlik yaradır.
Eyyub KƏRİMLİ,
iqtisadçı ekspert
Son illər Azərbaycanda həyata keçirilən uğurlu siyasət, iqtisadiyyatın dinamik inkişafı, onun davamlı artımı, maliyyə ehtiyatlarımızın çoxalması və digər pozitiv meyillər dünyanın nüfuzlu analitik nəşrləri və beynəlxalq iqtisadi mərkəzləri tərəfindən təqdir olunmaqdadır. Qeyd olunan nüfuzlu təşkilatlar Azərbaycanı sistemli islahatlar həyata keçirən, əlverişli biznes mühitinin yaxşılaşdırılması sahəsində qətiyyətli addımlar atan və dünya iqtisadiyyatına inteqrasiya prosesində yüksək aktivlik nümayiş etdirən ölkə kimi səciyyələndirirlər.
Eyni zamanda, respublikamızın dünyanın enerji təminatında aparıcı ölkəyə çevrilməsi, zəngin enerji resurslarının nəqlində şaxələndirmə siyasətini gücləndirməklə enerji bazarına öz töhfəsini verməsi diqqətə çatdırılır. Ayrı-ayrı ölkələr milli iqtisadiyyatlarının inkişafı, infrastruktur quruculuğu, hətta sosial məsələlərin həlli üçün nəzərdə tutulan layihələrin icrasına maliyyə vəsaitləri cəlb etməkdən ötrü Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Beynəlxalq Valyuta Fonduna və digər qurumlara çoxsaylı müraciətlər edirlər. Azərbaycanın nümunəsində isə biz artıq tamam fərqli mənzərənin şahidi oluruq. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Hazırda dünyada yaşanan narahatlıqlar fonunda Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması ölkəmizin müsbət reallıqları ilə bağlıdır.
Nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycan iqtisadiyyatı müxtəlif indikatorlar üzrə yüksək qiymətə layiq görülüb. Bəhs olunan hesabatda milli iqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Bu, o deməkdir ki, respublikamız dünya üzrə ən güclü iqtisadiyyata malik 40 ölkə sırasında yer alır və MDB-də lider mövqeyini qoruyub saxlayır.
Hazırda ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Bu gün Azərbaycan banklarının aktivləri 44,8 milyard manatdır, biznes kreditlərinin payına 11 milyard manatdan çox vəsait düşür. Həmçinin vurğulamaq istəyirəm ki, ölkədə dollarlaşma əhəmiyyətli dərəcədə azalıb, xüsusən xarici valyutada kreditlərin sayı kəskin aşağı düşüb.
Bəxtiyar İSMAYILOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti,
iqtisad elmləri üzrə fəlsəfə doktoru
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi islahatlar ölkəmizdə uğurla davam etdirilərək milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasında yüksək nəticələrə yol açıb. Azərbaycanın valyuta ehtiyatları artıq 65 milyard dollara çatıb. Ölkəmizin xarici borcu isə ÜDM-in 9-10 faizi səviyyəsində qiymətləndirilir.
Hazırda Azərbaycan Respublikası Dünya Bankı qrupuna daxil olan beş qurumla əməkdaşlıq edir. Respublikamızda aparılan iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın Mərkəzi Bankı öz fəaliyyətini dünya standartlarına uyğunlaşdıraraq beynəlxalq imicini daha da yüksəldib. 2023-cü il martın 31-nə bankın kredit portfeli 20 milyard 38 milyon 600 min manat təşkil edib ki, bunun da 54,8 faizini biznes kreditləri, 29,6 faizini istehlak kreditləri, 15,6 faizini isə ipoteka kreditləri təşkil edib.
Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi hesabına idxaldan asılılığın azaldılması, iqtisadiyyatın və maliyyə resurslarının güclənməsi, ölkəmizin gələcəkdə “yaşıl eneji” ixrac edən ölkəyə çevriləcəyi dünyanın güc mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir. Statistik mənbələrə əsasən, 2023-cü ilin sonunadək dünya iqtisadiyyatında qlobal iqtisadi artımın 2022-ci ildəki 3,4 faizdən 2,8 faizə enəcəyi proqnozlaşdırılır. Dünya iqtisadiyyatında qlobal iqtisadi artım 2022-ci ilin üçüncü rübündə dayanıqlı olsa da, ilin sonuna doğru azalmaqda davam edib. Bu ilin əvvəlində iqtisadiyyatda bəzi sabitləşmə əlamətləri hiss olunub. Bununla belə, mart ayının ortalarında ABŞ və Avropa ölkələrinin bank sektorunda yaranmış böhranlı vəziyyət, dünya maliyyə bazarının inkişafına mənfi təsir edərək maliyyə sabitliyi üçün riskləri əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, dünya iqtisadiyyatında müşahidə olunacaq iqtisadi böhranlar, ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət sayəsində milli iqtisadiyyatımızdan yan kecəcək.
Yeri gəlmişkən, ölkələrə kreditlər verən, dünya pul sisteminin fəaliyyətinin prinsiplərini inkişaf etdirən, beynəlxalq pul və maliyyə münasibətlərinin dövlətlərarası tənzimlənməsini həyata keçirən Beynəlxalq Valyuta Fondu 2023-cü il iyunun sonunda ölkəmizdəki ofisini bağlamağa dair qərar qəbul edərkən məhz bu amilləri əsas götürüb.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”



