Muxtar respublikada daxili bazarın yerli məhsullarla təmin olunması, idxaldan asılılığın azaldılması, həmçinin ixrac potensialının artırılması qarşıda duran əsas məsələlərdəndir. Naxçıvanın təbii iqlim şəraiti müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli olduğundan bu sahə xarici investorların da diqqətini çəkir.
Hazırda İsveçrənin “iCsquared GmbH” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarında yerfıstığı əkini aparılır. Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, şirkət əkin apardığı ərazilərdə sudan səmərəli və qənaətlə istifadənin təşkili üçün müasir suvarma sistemlərinin tətbiqi istiqamətində işlərə də başlayıb. Yerfıstığı istiyə davamlı bitki olsa da, bitkinin mövsümi su ehtiyacı 500-700 mm arasındadır. Buna görə də, müasir suvarma sistemlərinin yaradılması həm suya qənaət baxımından, həm də əkilən sahələrin aqrotexniki qaydalara uygun olaraq suvarılmasına imkan verir.
Məlumatda qeyd olunur ki, şirkət yerfıstığı ilə yanaşı, bu il kartof və qarğıdalı əkinləri də həyata keçirib. Növbəti mərhələdə isə qulançar əkininin aparılmasını planlaşdırılır. Belə layihələrin həyata keçirilməsi yerli sakinlərin də mövsümi işlərə cəlb olunmasına, özünüməşğulluğun təmin edilməsinə şərait yaradır.
Səbuhi HƏSƏNOV
“Xalq qəzeti”

