İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neft ehtiyatı azalıb

post-img

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin mart ayında 56,3 milyon barel azalıb. Bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında OECD ölkələrində neft məhsullarının kommersiya ehtiyatları mart ayının yekunlarına görə 2,753 milyard barel təşkil edib, bu da son beşillik ortalama göstəricidən 88,7 milyon barel azdır.

Qlobal neft və neft məhsullarının kom­mersiya ehtiyatlarının orta beşillik səviy­yəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələ­ri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyənləşdirilib. Qeyd edək ki, neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmaya əsasən, öhdəlikləri olan “OPEC+” ölkələri aprel ayında neft hasilatını sutkada 400 min barel azal­dıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına əsasən, kvotası olan 19 “OPEC+” sövdələşmə iştirakçısının gündəlik hasilatı fevralda 400 min barel azalaraq, 37,6 milyon barelə enib. 

Eyni zamanda, OPEC+ ölkələrinin aprel ayı üçün hasilatın hədəf səviyyə­si sutkada 40,1 milyon barel təşkil edib. Beləliklə, plandan geri qalma, təxminən, 2,5 milyon barel səviyyəsində olub. “OPEC+” 2020-ci ilin may ayında korona­virus pandemiyasının səbəb olduğu neftə tələbatın azalması səbəbindən gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb. Ötən ilin avqust ayından etibarən alyans bu ixtisarlardan çıxmaq üçün son mər­hələyə keçib, noyabr ayından isə hasilatı yenidən aşağı salıb. Məsələn, “OPEC+” avqust ayı üçün mümkün olan maksi­mum səviyyədən gündəlik 2 milyon barel azaldıb. Bu qərar cari ilin sonuna qədər qüvvədə saxlanılıb. Bundan əlavə, may ayından etibarən “OPEC+” razılaşması ölkələrinin bəziləri tərəfindən də gündəlik neft hasilatının əlavə olaraq 1,66 milyon barel azaldılması qərarına gəlinib. 

Yeri gəlmişkən, bu ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensat­la birlikdə) hasilatı 632 min barel olub. Hasil olunan 632 min barel neftin 515 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib. OPEC+ əməkdaş­lığı çərçivəsində mart ayında Azərbayca­nın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Cari ilin ötən ayında isə Azərbaycan­da gündəlik neft (kondensatla birlikdə) hasilatı 626 min barel olub. Energetika Nazirliyinin məlumatına əsasən, bunun 512 min barelini xam neft, 114 min bare­lini isə kondensat təşkil edib.

Yuxarıda adıçəkilən OECD-nin ya­ranması ilə bağlı bəzi məqamlara da aydınlıq gətirmək istərdik. Xatırladaq ki, bu təşkilatın fəaliyyətə başlaması ikinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. Belə ki, 1948-ci ildə mü­haribədən sonrakı Avropanın yenidən qurulması ilə bağlı ABŞ hökumətinin qə­bul etdiyi “Marşal planı”nın icrası məqsə­dilə OECD-in əsası qoyulub. Qurumun rəsmiləşdirilməsi isə1960-cı il dekabrın 14-də Kanada və ABŞ tərəfindən yeni OECD Konvensiyasının imzalanması ilə gerçəkləşib. Beləliklə, həmin vaxtdan eti­barən OECD dünyada insanların iqtisa­di və sosial rifahını yaxşılaşdırmaq kimi məqsədi reallaşdırmaq siyasəti yürüdüb. 

Onu da vurğulayaq ki, hazırda 36 dövləti təmsil edən OECD qlobal iqtisa­diyyatın artmaqda olan çətinliklərlə üz-üzə qaldığını bildirir. Təşkilatın “Qlobal iqtisadi görünüş” hesabatına görə, qlobal iqtisadiyyatın artım tempi aşağı düşüb, inflyasiya uzun müddətdir ki, yüksək ola­raq qalır, inam zəifləyib və qeyri-müəy­yənlik özünü qabarıq büruzə verir. Ru­siyanın Ukraynaya qarşı müharibəsi isə xüsusilə enerji qiymətlərini əhəmiyyətli dərəcədə bahalaşdırıb, eyni zamanda, inflyasiya təzyiqlərini artırıb. Bu pers­pektivlərə əsasən, OECD qlobal ÜDM artımının bu il 3,1 faiz, gələn il isə daha da yavaşlayaraq 2,2 faiz olacağını proq­nozlaşdırıb.

Təşkilat inkişaf etmiş aparıcı iqtisa­diyyatlarda əsas inflyasiyanın bu il 4,25 faiz geriləyəcəyini, 2024-cü ildə isə 2,5 faizə düşəcəyini proqnozlaşdırır. 

OECD öz fəaliyyətində Azərbaycan­da hazırda həyata keçirilən sosial-iqtisa­di layihələri yüksək dəyərləndirir. Təşkilat tərəfindən “Azərbaycanda iqtisadi isla­hatların idarəedilməsi modeli” nümunə­vi innovativ təcrübə kimi qəbul edilib və rəsmi platformasında göstərilib. Bu isə respublikamızın iqtisadi modelinə verilən yüksək qiymət kimi ölkəmizin beynəlxalq imicini daha da yaxşılaşdırıb, investor inamını artırıb, beynəlxalq və regional miqyaslı layihələrin həyata keçirilmə­sində mövqelərimizi gücləndirib. Başqa sözlə, OECD-nin “Azərbaycanda iqtisadi islahatların idarəedilməsi modeli”nə xü­susi diqqət yetirməsi Azərbaycanda is­lahatların davamlı xarakter daşımasına, post-konflikt quruculuğuna və regional inkişafa əlavə stimul verib. 

Beləliklə, OECD-nin “Azərbaycanda iqtisadi islahatların idarəedilməsi modeli” ölkəmizin innovasiya sahəsində çevik­liyi, məsuliyyətliliyi, inklüzivliyi diqqətdə saxladığını, proqnozlaşdırma və qlobal istifadəyə üstünlük verdiyini dünyaya nümayiş etdirir. Bu baxımdan, respubli­kamızda iqtisadi islahatların ən nüfuzlu təşkilatlardan biri olan sözügedən qurum tərəfindən innovativ təcrübə kimi dəyər­ləndirilməsi ölkəmizin getdikcə yüksələn nüfuzunun daha da artmasını şərtləndirir. 

“Xalq qəzeti”

İqtisadiyyat