“Kitabsız bir ömrün nə mənası var?”

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı, Heydər Əliyevdən – İlham Əliyevə” monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr olunan nəşr institutun Elmi şurasının qərarı ilə işıq üzü görüb. Kitabda ulu öndərin bədii ədəbiyyatda parlaq obrazının yaradıl­ması, müstəqil dövlətçilik ideallarının tərənnümü məsələlərindən bəhs olu­nur. Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabda yer alan ilk yazı da akademikin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” tədqiqatıdır. Nəşrin elmi redak­toru AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktoru filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda T.Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, L.Həsənovanın “Beynəlmiləl məfkurə­dən milli ideyaya doğru: müasir nəsr­də Heydər Əliyev obrazı (bədii-sənədli nəsr və publisistika)”, A.Bağırlının “Uşaq ədəbiyyatında və dramaturgi­yada Heydər Əliyevin bədii obrazı”, Ə.Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, E.Aki­movanın “Vətən və dövlət məfkurəsi­nin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” məqalələri yer alıb.

***

Azərbaycan Ağsaqqallar Şurası uzun illərdən bəri bu qurumda çalı­şan, Şuranın sədr müavini Bayram Yusifovun 60 illik yubileyi münasi­bətilə kitab nəşr edib.

“Bir ömrün missiyası: Vətənə, xalqa, dövlətə sədaqət” adlı bu kitabda tanınmış ictimai-siyasi, elm, mədəniy­yət və incəsənət xadimlərinin, nüfuzlu ağsaqqalların, o cümlədən yubilyara yaxın insanların ürək sözləri, təbriklə­ri, o cümlədən Bayram Yusifovun icti­mai-siyasi fəaliyyəti ilə bağlı müəyyən məqamlar, tədbirlərdəki çıxışları və bəzi şeirləri öz əksini tapıb.

Şeirlərin arasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım” adlı şeiri də var. Azərbaycanın 44 günlük Vətən müharibəsində dillərdən düşməyən və bu gün də sevilən mah­nılardan olan, Əməkdar artist, müğən­ni Abbas Bağırovun ifa etdiyi “Zəfər marşı”nın sözləri Bayram Yusifovun bu şeirindən götürülüb. Kitabda topla­nan dəyərli qələm nümunələrinin hər bir sətrində yubilyara tükənməz sevgi və hörmət hissi duyulur. Kitab boyu mətnləri yubilyarın həyat və fəaliyyətini tarixiləşdirən müxtəlif fotolar müşayiət edir. 

***

Rusiya Federasiyasının Sankt-Peter­burq şəhərində “Azərbaycan nəsri anto­logiyası”nın birinci hissəsi nəşr edilib. 

Antologiyanın ideya müəllifi Bakı DövlətUniversitetinin professoru Vaqif Sultanlı, redaktoru və ön söz müəllifi Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, türkoloq-yazıçı Şahnaz Ka­maldır. Kitab UNESCO üzrə Azər­baycan Milli Komissiyasının maliyyə dəstəyi ilə işıq üzü görüb.

Antologiyada Azərbaycan yazarları Seyran Səxavət, Firuz Mustafa, Kam­ran Nəzirli, Natiq Rəsulzadə, Vaqif Sultanlı, Zahid Sarıtorpaq, Rafiq Tağı, Fəxri Uğurlu, Sənan İsmayılov, Nüşabə Əsəd Məmmədli, Mübariz Ərən, Emin Pirinin hekayə və esseləri yer alıb.

***

Şair, esseist Şahnaz Şahinin Vətən Müharibəsindən bəhs edən “Zəfər nəğ­mələri” kitabı Türkiyədə “FERFİR” nəşriy­yatı tərəfindən nəfis tərtibatla çap edilib.

Kitabın redaktoru şair, tərcüməçi Sə­lim Babullaoğlu, tərcüməçisi Ömər Kü­çükmehmetoğludur.

Şahnaz Şahinin vətənpərvərlik şe­irləri və lirik poemasından ibarət kitabı qardaş ölkənin geniş oxucu auditoriya­sı üçün nəzərdə tutulub. Mütaliəsi xoş hisslər yaradan bədii nümunələr, əslində şairin poetik etiraflarlarıdır. Bu şeirləri tənqidçi Rüstrəm Kamal özünəməxsus şəkildə ömrü boyu dialoq arzusunda olan bir insanın monoloqu adlandırıb. “Şah­naz Şahinin yazdıqları hər gün, hər saat davam edən “dialoqun ilğımı”dır. Ona görə də bu şeirlər sonuncu susqunluğa qədər söyləniləcək...”

Hazırladı: Əli NƏCƏFXANLI, “Xalq qəzeti”







Sosial həyat