Unudulmaz Ələsgər müəllim

post-img

Bugünlərdə anadan olmasının 90 illiyi tamam olan tanınmış jurnalist dostumuz Ələsgər Cabbarov xatirələrimizin “şah” budağında qərar tutan unudulmaz insanlardandır. O, 1933-cü il may ayının 16-da Qəbələ rayonunda anadan olub və 83 illik şərəfli bir ömür yaşayıb. Azərbaycan Sənaye İnstitutunu (indiki Neft və Sənaye Universitetinin) bitirən gənc mühəndis bir müddət Keşlə maşınqayrıma zavodunda çalışsa da, jurnalistikaya olan həvəsi onu mətbuata gətirib. 7 il əvvəl dünyasını dəyişsə də unudulmaz Ələsgər müəllimi tez-tez yad edirik.

Ələsgər Cabbarov imzası ilk vaxtlar respublika radiosundakı çıxışları, re­portajları ilə tanınıb. “Bakı” və “Baku”, “Azərbaycan gəncləri” qəzetlərində dərin məzmunlu təhlili yazıları, oçerk­ləri, rus dilindən tərcümələri ilə diqqət çəkib. "Elm və həyat" jurnalında şöbə müdiri olub.1966-cı ildə Ələsgər müəl­limin yaradıcılığı Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru Rə­sul Rzanın nəzərindən yayınmayıb və onu bu nəşrin texnika redaksiyası­na müdir təyin edib. Həmin illərdə bu nəşrdə çalışanlar Milli Ensiklopediya­mızın ilk 10 cildinin hazırlanmasında Ələsgər Cabbarovun müstəsna xid­mətlərini yaxşı xatırlayırlar. “Səhər” qəzetində Azərbaycan ictimaiyyətini 20 Yanvarla bağlı ilk məlumatlandıran in­sanlardan biri də o olub.

1992-ci ildən sonra Ələsgər müəl­lim "Xalq qəzeti"ndə çalışıb. Burada işləyərkən özünün yaradıcılıq əzmi, səmimiliyi və fədakarlığı ilə kollektivin hörmətini qazanıb.2016-cı ildə dünya­sını dəyişsə də, gözəl insan və peşə­kar jurnalist kimi dostlarının, haqqında yazdığı qəhrəmanlarının və el-obası­nın ürəklərində yaşayır. Mərhum Fikrət Qoca, Aqşin Babayev, Yusif Kərimov, Məzahir Süleymanzadə, həmçinin qələm yoldaşları – Əməkdar jurnalist­lər Flora Xəlilzadə, Tahir Aydınoğlu və başqaları onun yaradıcılığına, ziyalılı­ğına yüksək qiymət verib və bu barədə ürək sözlərini qələmə alıblar.

Unudulmaz dostumuzun obrazını tamamlamaq üçün Tahir Aydınoğlunun onun haqqında xatirələrindən bəzi qeydləri oxucuların diqqətinə çatdırırıq: “Ələsgər Cabbarov “Xalq qəzeti”nə redaksiyamız üçün ağır bir dövrdə – 1992-ci ilin təlatümlü günlərində gəlmişdi. O vaxt qəzetin üzləşdiyi çətin mənəvi və maliyyə böhranı zamanı bir sıra əməkdaşlar redaksiyanı tərk edəndə təcrübəli həmkarımız 70 il fəaliyyət göstərmiş əsas anadilli qəzetimizin öz fəaliyyətini dayandırmaması üçün redaksiyaya gəldi və öz köməyini təklif etdi. Gərəkli fəaliyyəti ilə kollektivə yardımçı olan təcrübəli jurnalist tezliklə işə qəbul olundu, sonrakı illərdə bilik və bacarığını əsirgəmədən çalışdı.

Ümummilli liderimiz Heydər Əliyevin xoş məramı ilə 1995-ci ilin noyabrında “Xalq qəzeti” yeni mötəbər ststusla fəaliyyətə başlayanda Ələsgər Cabbarov əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi redaksi­yanın yeni yolda uğurla irəliləməsinə samballı kömək göstərdi. Ömrünün ahıllıq çağında Ələsgər müəllim redak­siyanı tərk etsə də, kollektivlə son gün­lərinədək sıx əlaqə saxladı”.

Əlavə edək ki, dərin elmi biliyi, ge­niş dünyagörüşü, xalqına və ölkəsinə sonsuz sevgisi ilə seçilən Ələsgər Cab­barovu həyatın çətinlikləri və özünü təsdiqləmək əzmi vaxtından əvvəl yet­kinləşdirmişdi. İnsanlarla münasibətdə həddindən artıq səmimi, mehriban və qayğıkeş idi. O çətinlikdən qorxmur, bir qayda olaraq, ağır vəziyyətdən asan çıxış yolu tapırdı. Xeyirxahlığı, sabitqə­dəmliyi onun ağsaqqallığına xüsusi sambal gətirirdi. Hər yerdə hörmətlə qəbul olunur, hər işdə öz yerini bilirdi.

Ələsgər Cabbarov milli jurnalisti­kamızın ən yaxşı ənənələrinə bağlı idi və gəncləri də həmişə qələmi ilə xalqa gərəkli olmağa çağırırdı. Ömrünün son illərində yaşadığı Yasamal rayonunun və respublikanın Ağsaqqallar Şurası­nın, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tədbirlərində yaxından iştirak edir, sözünün sambalı, mövqeyinin mötəbərliyi ilə seçilirdi.

Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan Ələsgər Cabbarovun zəngin, mə­nalı ömür yolu yeni nəsil yazarlar üçün daha bir örnəkdir. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”

Sosial həyat