“Araz Vadisi İqtisadi Zonası”nın dövlət başçısının 2021-ci ilin 4 oktyabr tarixli fərmanı ilə 200 hektarlıq ərazidə qurulmasına başlanılıb. Artıq bu sənaye parkında xeyli iş görülüb.
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədr müavini Elkiyar Ziyadovun sözlərinə görə, qurumun tabe müəssisələrində indiyədək çalışacaq işçilər üçün şəhərcikdə 60 nəfərlik yataqxana, 36 nəfərlik yeməkxana, ofis, tibb məntəqəsi, 630 kv-luq transformator quraşdırılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Bundan başqa, inzibati binanın tikintisi və parkın ərazisində dəmir yolunun layihələndirilməsi işlərinə başlanılıb.
“Araz Vadisi İqtisadi Zonası” sənaye parkının logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin yollara birbaşa giriş-çıxışı reallaşdırmaqla parkın əhəmiyyətini artırır.
Sənaye parkına 32,7 milyon manat investisiya yatırılacağı, 420-dən çox daimi iş yeri yaradılacağı nəzərdə tutulub. Artıq 5 sahibkarlıq subyekti parkın rezidenti statusunu əldə edib, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına 5,6 milyon manatdan çox investisiya yatırılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Tviter” səhifəsində parkda investisiya dəyəri 7,3 milyon manatdan çox olacaq minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı müəssisəsinin də tezliklə fəaliyyətə başlayacağını, burada 124 nəfərin işlə təmin ediləcəyini vurğulayıb. O, belə bir zavodun yaradılması ilə işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesinə əhəmiyyətli töhfə veriləcəyini və bununla da insanların doğma yurd-yuvalarına qayıdışının sürətlənəcəyini bildirib.
Yeri gəlmişkən, xatırladaq ki, bu il mayın 4-də Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub.
Mərasimdə dövlətimizin başçısına verilən məlumatda Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən sənaye parkının 3 hektar ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi mərkəzinin yaradılacağı və onun 2023-cü ildə fəaliyyətə başlayacağının nəzərdə tutulduğu qeyd edilib.
Bundan savayı, sənaye parkının 5 hektar ərazisində “Holcim Azərbaycan” ASC tərəfindən müasir texnologiyalar əsasında əmtəə beton və quru yapışdırıcı istehsalı üzrə zavod da inşa olunacaq. Bununla bərabər, sement satışı üçün terminal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisədə Avropanın qabaqcıl texnologiyalarından istifadə ediləcək. Layihənin həyata keçirilməsi ilə 25 nəfər daimi işlə təmin olunacaq.
Prezident İlham Əliyev təməlqoyma mərasimində deyib: “Mən həmişə deyirəm, çalışmaq lazımdır ki, burada daha çox yerli insanlar işə cəlb edilsinlər. Mənim nümayəndəmlə, nazirliklə də sıx təmasda olmaq lazımdır. Birinci mərhələdə təbii ki, sizin təcrübə toplamış işçilər çalışacaq, amma bir neçə ildən sonra onları yetişdirilmiş sırf yerli kadrlar əvəz etməlidir.
“Holcim”in buraya gəlməsinin tarixçəsini mən yaxşı bilirəm. Yadımdadır, Davosda “Holcim”in ovaxtkı rəhbəri mənə yaxınlaşaraq belə bir təklif irəli sürdü. Mən də dərhal razılıq verdim və qısa müddət ərzində o zavod inşa edildi. Ondan sonra Azərbaycanda sement istehsalına maraq artdı. O vaxta qədər biz sementi idxal edirdik. İndi rəqabət də var, o da çox yaxşıdır. Amma “Holcim” hər halda öz keyfiyyət markasını saxlayır”.
Sonda qeyd edək ki, Vətən müharibəsində ölkəmizin əldə etdiyi parlaq qələbə işğaldan azad edilən torpaqların ölkə iqtisadiyyatına reinteqrasiyası, regionda mövcud yeni reallıqlar və əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resurslar, təbii ehtiyatlar, enerji mənbələr, yeraltı metal filizi yataqları, termal sular, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. düşməndən təmizlənən torpaqların cəlbediciliyini artırır. “Araz Vadisi İqtisadi Zonası”nın təşkil olunmasına investorların böyük maraq göstərmələri də bunun bariz ifadəsidir.
Nihat QORQUD ƏLİYEV,
iqtisadçı-ekspert
Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, sənaye parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edir. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və qardaş ölkədən respublikamıza, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır.
Bu gün “Araz Vadisi İqtisadi Zonası”na sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sənaye parkı 200 hektar ərazini əhatə edir. Zonanın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin və s. təşkili nəzərdə tutulur.
“Araz Vadisi İqtisadi Zonası”nda sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır, hər bir iş adamı dövlət vəsaiti hesabına hazır infrastrukturla (qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s.) təmin olunur. Cari il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə güzəştlər də daxildir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”