Prezident İlham Əliyev 2012-ci il 4 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən Bakı, Sumqayıt, Naxçıvan, Şimal, Cənub və Qərb gömrük idarələri ləğv olunub, onların əvəzinə Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.
Bundan başqa, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əvəzinə, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, eləcə də ayrıca olaraq Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi təşkil edilib.
Ekspertlər hesab edirlər ki, istər Şərqi Zəngəzur, istərsə də Azad və Xüsusi Zonalar üzrə gömrük idarələrinin yaradılması xüsusi vergi güzəştlərinin tətbiq edildiyi ərazilərdə xarici investorların cəlb olunmasına müsbət təsir göstərəcək. Eyni zamanda, yeni yaradılmış Şərqi Zəngəzur Gömrük İdarəsi ermənilərin qeyri-qanuni Azərbaycan sərhədlərinə daxil olaraq mal və xidmətlərdən istifadə etməsini aradan qaldıracaq. Bütün bunlarla bərabər, digər gömrük idarələrində olduğu kimi, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə gömrük rejiminin tətbiqi ölkəmizin büdcəsinə əlavə gəlirlərin daxil olmasına səbəb olacaq. Yeni kommunikasiya xətlərinin yaradılması, o cümlədən gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə Şərqi Zəngəzur Gömrük İdarəsindən daha böyük məbləğdə gəlirlərini Azərbaycanın dövlət büdcəsinə daxil olmasını şərtləndirəcək.
“Xalq qəzeti”