Azərbaycan bazarında “yaşıl” dövrün avtomobilləri çoxalır

post-img

Yaşadığımız texnologiya əsri dünyanın avtomobil sənayesində də əsl inqilab dövrü kimi xarakterizə olunur. Artıq 15 ilə yaxındır ki, inkişaf etmiş ölkələrdə benzinlə işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrid avtomobillərlə yanaşı, elektromobillərin də istehsalı həyata keçirilir. Dünyanın avtomobil bazarında elektriklə işləyən maşınlara marağın getdikcə artması onun istehsalının da genişlənməsinə səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, 2009-cu ildə dünya üzrə elektromobillərin sayı 6 mindən az idisə, cəmi 10 il sonra bu rəqəm 5,6 milyona çatıb. Bütövlükdə isə 2024-cü ilə qədər elektromobillərin avtomobil bazarındakı payının 57 faizə yüksələcəyi proqnozlaşdırılır. 

Hələlik isə dünya bazarında satılan hər 100 avtomobildən 10-u elektromobil­dir. Çin isə elektriklə işləyən avtomobillə­rin istifadəsinə görə dünya lideridir. Belə ki, hazırda bu ölkədə satılan hər 100 avtomobildən 15-ni elektromobillər təşkil edir. Bu sahədə Avropa ikinci, ABŞ isə üçüncü yerdədir.

Azərbaycanda da bu tip avtomo­billərə maraq ildən-ilə artır. Ölkəmizdə elektromobillərin idxalında baş verən ar­tım tendensiyası 2023-cü ilin ilk ayından etibarən bir qədər də sürətlənib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar–mart aylarında Azərbay­cana 16,97 milyon ABŞ dolları dəyərində 408 ədəd elektromobil gətirilib. Bu da əv­vəlki ilin eyni dövründəkindən 5,8 dəfə çoxdur. 

Yeri gəlmişkən, Azərbaycan Respub­likası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisa­di inkişafa dair Milli Prioritetlər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəy­yənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra təd­birlər nəzərdə tutulur. Artıq ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülür. 

Məsələn, ötən ay Azərbaycan Res­publikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Avtomobil Fe­derasiyasının təşkilati dəstəyi ilə Bakıda “Auto Eko 2023” adlı sərgi keçirilib. Azər­baycanda ekoloji cəhətdən təmiz nəq­liyyat vasitələrinin təşviqi, elektromobil texnologiyalı ən yeni modellərin nümayi­şi, ətraf mühitin qorunmasına cəmiyyətin diqqətinin cəlb edilməsi, gənclərdə müa­sir texnologiyalara, texniki idman növlə­rinə marağın artırılması kimi məsələləri əhatə edən sərgi paytaxt sakinlərinin marağına səbəb olub.

Hazırda dünya ölkələrində elektro­mobilləri şarj etmək, yəni, batareyaları doldurmaq istiqamətində təkmilləşdir­mələr də ildən-ilə müasirləşdirilir. Belə ki, 2011–2012-ci illərdə istehsal olunmuş modellərdə tam şarj olunmuş batareya ilə 130–150 kilometr məsafə qət etmək mümkün olduğu halda, hazırda bu göstə­rici 400 kilometri ötüb. 

Azərbaycanda hibrid və elektrikli av­tomobil istifadəçilərinin sayının getdikcə artması nəzərə alınaraq Bakının bir neçə yerində elektromobillər üçün enerjidol­durma məntəqələri yaradılıb. Bununla yanaşı, SOCAR-ın bir neçə yanacaqdol­durma məntəqəsində də elektromobilləri şarj etmək mümkündür. 

Eyni zamanda ölkəmizdə hibrid av­tomobillərin və elektromobillərin təmirilə məşğul olan bir neçə servis fəaliyyət göstərir. Mütəxəssislərin və sürücülə­rin sözlərinə görə, ehtiyat hissələrinin tapılması və təmir rahat başa gəlsə də, bu fikri elektromobillərdə yerləşdirilmiş batareyalara aid etmək olmaz. Bununla belə, ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə zəifləyən batareyaların təmiri ölkəmizdə də mümkün olacaq.

 

Eldəniz CƏFƏROV, 
avtomobil nəqliyyatı üzrə ekspert

Cari ilin ilk rübündə ölkəmizə idxal olunan elektromobillərin sayın­da qeydə alınmış artım, əsasən, bu tip maşınların gömrük rüsumlarından tamamilə azad edilməsi və elektrikdol­durma məntəqələrinin sayının çoxal­ması ilə bağlıdır. Bildiyiniz kimi, ölkə­də elektrikdoldurma məntəqələrinin yaradılmasında istifadə olunan cihaz və avadanlıqlar da xaricdən gətirildiyi üçün gömrük rüsumlardan azad edilib. Bu da sahibkarlara belə məntəqələrin sayını artırmağa imkan yaradır. Düşü­nürəm ki, ilin sonunadək ölkəyə idxal olunan elektromobillərin sayında 10 dəfəyədək artım baş verə bilər

Əslində, Azərbaycanda elektromo­billərə maraq çoxdan var idi. Belə ki, 2015-ci ildə IDEA “Greencard Azerba­ijan” və digər təşkilatlarla birlikdə ölkə­mizdə elektrikdoldurma məntəqələri­nin açılması ilə bağlı layihələr həyata keçirmişdilər. Qeyd etmək lazımdır ki, həmin məntəqələr pulsuz fəaliyyət göstərirdi. Elə həmin il Azərbaycan­da keçirilən Birinci Avropa Oyunları çərçivəsində ölkəyə elektriklə çalışan yarış idman avtomobili gətirilərək Ba­kıda sərgilənmişdi. Bu da avtomo­bil həvəskarlarının böyük marağına səbəb olmuşdu. Buna baxmayaraq, elektromobillərin bahalı olması onu vətəndaşlar üçün o qədər də cəlbe­dici etmirdi. Eyni zamanda elektrik­doldurma məntəqələrinin sayı azlıq təşkil edirdi. Elə bu səbəblərdən də 2021-ci ildə Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın alt qrupunda xü­susi bir plan, yol xəritəsi hazırlandı. Həmin plan əsasında elektromobillər və elektrikdoldurma məntəqələri üçün avadanlıqlar rüsumlarından azad edil­di. Bu da elektromobillərin vətəndaş­lar üçün cəlbediciliyini artırıb. Onu da qeyd etmək istəyirəm ki, bu ilin so­nunadək ölkəmizdə elektrikdoldurma məntəqələrinin sayının 100-ə çatdırıl­ması nəzərdə tutulur.

Azərbaycanın avtomobil sənaye­sində də elektromobillərin istehsalı realdır. Bir qədər əvvəl qonşu Gür­cüstan belə bir təşəbbüslə çıxış etsə də, hələlik, bu ölkədə proses ləngiyir. Qardaş Türkiyə isə özünün milli brendi olan elektromobillərin istehsalına baş­layıb. Həmin avtomobillər bağlanmış müqavilələrdən asılı olaraq Avropa ölkələrinə də ixrac olunacaq. Düşü­nürəm ki, qardaş Türkiyənin istehsalı olan elektromobillərin hər hansı kiçik bir seqmentinə aid olan maşınların ölkəmizdə istehsalı və ya yığılması ilə bağlı təkliflər verməyimiz doğru olar. Hələlik, öz milli brendimizi yarada bil­məsək də, ilkin addım kimi bu bizim üçün daha əlverişli, səmərəli olar. Çünki artıq biz bu avtomobillər üçün müştəri axtarmalı olmayacağıq. Bu məsələni “Togg” şirkəti özü həll edə­cək.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”



İqtisadiyyat