Bayraq nifrət hədəfi olursa...

post-img

Erməni stilistin bayrağımıza qarşı etdiyi məlum hərəkəti dələduzluq kimi qələmə verən rəsmi İrəvan, əslində, bu həqarətə görə Azərbaycandan, eləcə də siyasi vandalizmə şahidlik etmiş beynəlxalq ictimaiyyətdən üzr istəməlidir. 

Beynəlxalq idman qurumları idman adına və missiyasına ləkə gətirən belə vandalizm aktlarına ən kəskin qiyməti verməklə yanaşı, günahkarı, indiki halda, Ermənistanı mötəbər yarışlara evsahib­liyi hüququndan məhrum etməlidirlər. O ki qaldı, məsələnin siyasi tərəfinə, yəni dövlət atributunun bu formada təhqir olunmasına görə, burada söhbət təşki­latçı ölkənin – Ermənistanın milli və döv­lət rəmzinə həqarət olunmuş tərəfdən –Azərbaycandan üzr diləməsindən get­məlidir. Bunu beynəlxalq hüquqla yanaşı, siyasi etiket və BMT-nin müvafiq konven­siyasının şərtləri tələb edir. Amma bunun üçün günahkar tərəfdə siyasi iradə ilə bə­rabər, ləyaqət də olmalıdır. 

Düşüncəsiz “qəhrəmanlıq”

Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və can­lı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan Bayrağı turnirin təşkilatçıla­rından olan şəxs tərəfindən nümayişka­ranə şəkildə yandırıldı. Özünü sivillərin sırasında görən ölkənin başçısının da qa­tıldığı tədbirdə törədilən bu siyasi təxriba­tın üstündən bir gün keçmiş Azərbaycan və Türkiyənin bayraqlarına qarşı növbəti vandalizm aktı təşkil olunub. Beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin Dövlət Bayraqları kəsilmiş, bir neçə hissəyə parçalanmış şəkildə asılıb. Bu, bir daha Ermənistanda yüz il əvvəl olduğu kimi, daşnak-şovinist dü­şüncəsinin, etnik nifrət, milli ayrı-seçkilik siyasətinin davam etdiyini göstərir. 

Bəli, İrəvanda Azərbaycan Bayra­ğının yandırılmasını radikal millətçilər, daşnaklar və mövcud iqtidara müxalifətin tərəfdarları “qəhrəmanlıq”, tək-tük haylar isə bu insidenti acizlik və Ermənistanın beynəlxalq imicinə və maraqlarına ciddi zərbə kimi dəyərləndirdilər. Belə etiraf­lardan biri baş nazir aparatının rəhbəri, Ağır Atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyun­yana məxsusdur. O, özünün “Facebook” səhifəsində bunları yazıb: “Ermənistanda bu cür düşüncəsiz “qəhrəmanlıq” addımı xoşagəlməz nəticələrə səbəb ola bilər. Bu, tərəqqi yolunda uğursuzluğa işarə­dir”. 

Kral və Qazi

Aşağıda bayrağa münasibətin ibrəta­miz və unudulmaz nümunəsi kimi diqqə­tinizə təqdim etdiyimiz parça tarixin yad­daşına əbədi həkk olunmağa layiqdir.

1922-ci ilin sentyabrında Qazi Mus­tafa Kamal Atatürk işğalçı yunanlardan təmizlənmiş İzmirə daxil olur. Avtomobil məxsusi olaraq onun üçün ayrılmış sa­raya yaxınlaşanda, o, giriş pilləkənlərin üstünə sərilmiş yunan bayrağını görür. Bundan təəccüblənən Atatürkə məlumat verirlər ki, vaxtilə kral Konstantin məhz bu binaya daxil olanda onun ayaqlarının altına Türkiyənin bayrağını səriblər. İndi qisas anı yetişib... 

Bunu dinləyən Mustafa Kamal pil­ləkənlərə yaxınlaşır və ətrafdakıların hamısında heyrət doğuran hərəkəti edir. O, aşağı əyilir, düşmən bayrağını qaldı­rır, onun tozunu çırpır, səliqə ilə qatlayır və üzünü toplaşanlara tutub deyir: “Kral çox alçaq hərəkət edib, mən onu təkrar etmərəm. Bayraq hər bir millətin qüruru, şərəfi və rəmzidir. Hətta vuruşduğun düş­mənin belə! Bayrağı yerə atmaq və tap­damaq olmaz! Bunu edən düşmənin bay­rağını deyil, öz ləyaqətini tapdamış olur”. 

Qondarma dövlətə malik hayların bö­yük Atatürkün bu hərəkətini dərk və qə­bul edəcəklərinə tam inanmasaq da, yüz il əvvəlki tarixə nəzər salmaları və onun bir sıra səhifələrindən ibrət götürmələri onlara fayda verər. 

 

Telman NÜSRƏTOĞLU,
tarix üzrə elmlər doktoru

Bayrağımıza qarşı vandalizm hərəkəti ermənilərin əsl mahiyyətini ortaya qoymaq baxımından dünya ictimaiyyətinə çox mühüm mesaj oldu. Bu hadisə etnik təmizləmə si­yasəti apararaq monoetnik ölkəyə çevrilən, digər mədəniyyətlərə, bayraqlara dözümsüz olan ermə­nilərin özlərindən başqa heç bir mil­lətin varlığını qəbul etmədiklərini və sülh üçün nə qədər təhlükə mənbə­yi olduqlarını da göstərdi.

Erməniləri himayə edərək on­ların türk-müsəlman varlığına qar­şı apardıqları soyqırımı siyasətini görməzlikdən gələn UNESCO, həmçinin digər qurumlar da artıq görməlidirlər ki, ermənilər beyin­ləri bu qədər nifrət və düşmənçilik hissləri ilə zəhərlənmiş bir millətdir. Azərbaycan regiona sülhün gəlmə­si üçün çox çalışıb. Baxmayaraq ki, bu 30 illik dövr ərzində ermənilər işğal altındakı torpaqlarımızda daşı daş üstə qoymayıblar, Azərbaycan xalqına tarixin görmədiyi dərəcədə böyük ziyan vurublar. Amma biz yenə sülhpərvər millət olduğumuzu göstərərək sülh üçün çalışdıq və bu gün də çalışırıq.

Əlbəttə, bu cür mötəbər bey­nəlxalq tədbirlərin Ermənistanda keçirilməməsi üçün məsələ qaldırıl­malıdır. Biz beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, Ermənistan nifrət siyasətini artıq dövlət siyasətinə çevirmiş bir ölkədir. (AzərTac)

İ.HƏSƏNQALA,
“Xalq qəzeti”



Siyasət