Şərəfli keçmişi, mənəviyyatı və mədəniyyəti olan xalqlar hər zaman bayraq simvoluna böyük dəyər veriblər. Bu toplumlar bayrağı milli ləyaqət, şan və şərəf kimi qiymətləndiriblər, onun uğrunda canlarından keçməyi bacarıblar, fəxrlə başlarının üzərinə qaldırıblar.
Azərbaycan xalqı məhz belə şərəfli və ləyaqətli xalqlardandır. Bizim üçün bayraq Vətən, azadlıq, torpaq anlayışları qədər əziz və dəyərlidir. Böyük türk şairi Arif Nihat Asya nə qədər gözəl və təsirli deyibdir:
“Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əğər uğrunda ölən varsa, Vətəndır!”.
Təəssüf ki, nə özünün, nə də başqalarının bayraqlarına hörmət etməyi bacarmayan toplumlar da var. Onlardan biri isə məhz Ermənistandır. Xoşbəxtlikdən, Yer üzündə belə toplumlar azdır ki, çox deyil.
Bu günlərdə Ermənistan paytaxtında keçirilən beynəlxalq idman tədbirində Azərbaycan bayrağını yandıran xain Aram Nikolyan adlı birisi bu ağır cinayət əməlinə görə ən ağır cəzaya layiqdir. Dünya bunun fərqindədir.
Lakin qonşu ölkədə bu bədnam hərəkətə yol verən şəxsi kəskin qınamaq əvəzinə ona haqq qazandıranlar tapılır. Bu zaman bu şəxslər ən adi insani hiss olan utanmaq və xəcalət hissini unudurlar.
Ən pisi isə odur ki, qonşu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında da cinayətkarı himayə edənlər var. Onlardan biri də A.Nikolyanın vəkili Aleksandr Koçubəyovdur. Onun hansı millətdən olduğunu ayırd etmək çətindir. Görünən budur ki, vəkil ağa qara deməyi bacaranlardandır.
Bizdə deyirlər ki, ağası gülüm olanın, başına külüm olar. Bayraq yandıran adamın vəkili də özünün tayı olmalı idi. Başabəla vəkil “Aysor.am” saytına müsahibəsində zərrə qədər də abır-həya etmədən bildirib ki, İrəvan şəhər prokurorluğunun müstəntiqinin A.Nikolyana qarşı cinayət işi qaldırmaq hüququ yoxdur. Onu həbsdən azad etmək, telefonunu və açarlarını da özünə qaytarmaq lazımdır.
Vəkil insidentlə bağlı onu da bəyan edib ki, A.Nikolyan cəmiyyətdə hər hansı bir hüquqi status daşımır və guya onu haqsız olaraq uydurulmuş bəhanə nəticəsində həbs ediblər. Bu hadisə isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. Vəkil əmindir ki, A.Nikolyanı ölkə ictimaiyyətinin təzyiqi ilə tezliklə həbsdən azad edəcəklər.
Koçubəyov bundan sonra təkcə beynəlxalq hüququ deyil, özünün sahib olmadığı mənəvi dəyərləri də ayaqları altına ataraq söyləyir ki. “bu insidenti cəmiyyətdə hörmətsizlik kimi dəyərləndirmək çox çətindir. Əksinə, ictimaiyyət bu hadisəni ayaqüstə alqışlayıb. Bu addım Ermənistan cəmiyyətində milli ləyaqət hissinin bərpa olunmasına yönəlib. Çox cahil olmalısan ki, buna görə insanı cinayətə cəlb edəsən”.
Koçubayev həmçinin deyir ki, hazırda Ermənistan cəmiyyətində Türkiyə və türklərə rəğbət bəsləyən qüvvələr var. Onların bayraqla bağlı yaşanan insidentdən xoşları gəlməyə bilər. Koçubəyov düşünür ki, cinayətkarın həbsi bir çox xarici ölkələri, eləcə də Azərbaycan və Türkiyə auditoriyalarını sakitləşdirmək üçündür.
A.Nikolyanın İctimai televiziyadan qovulması faktına münasibət bildirərkən isə vəkil vurğulayıb ki, o, bu faktı nə təsdiq, nə də inkar edir. Onun fikrincə, Nikolyanı buna görə işdən çıxara bilərlər: “Ola bilər ki, hansısa repressiv cəhdlər olsun, lakin bu, baş versə, biz əlimizi yanımıza salıb otura bilmərik”.
Azərbaycan bayrağını beynəlxalq tədbirdə xaincəsinə yandıran A.Nikolyanın bədnam hərəkəti sivil dünyada ciddi qınağa səbəb olub. Bu, qorxaqlıq və xainlikdən doğan rəzillikdir! Cinayətkarı müdafiə etməyə cəhd edən vəkilin sözləri isə gülünc və mənasızdır. Onun heç bir arqumenti yoxdur və ola da bilməz! Cinayət cəzasız qalmamalıdır. Ermənistan hakimiyyəti və ictimaiyyəti, nəhayət, bu həqiqəti dərk etməlidir!
Rahim MƏMMƏDOV,
BDU-nun hüquq fakültəsinin dekan müavini, dosent:
Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Ermənistan tərəfdən tədbirdə akreditasiya olunmuş şəxs Azərbaycan Respublikasının bayrağını nümayişkarcasına yandırmışdır. Bu əməl Ermənistanın hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Ermənistan Azərbaycandan rəsmi şəkildə üzr istəməli, baş vermiş hüquq pozuntusunu etiraf etməli, əməli törətmiş şəxsi cəzalandırmalıdır.
Bayrağın yandırılması əməlinə görə Ermənistan birbaşa beynəlxalq məsuliyyət daşıyır. Burada Ermənistanın qanunvericiliyində məsuliyyətin necə müəyyən olunmasından asılı olmayaraq məsuliyyət var. Nəzərə alınmalıdır ki, bu, Avropa çempionatıdır, beynəlxalq yarışdır.
Buradan da aydın görürük ki, Ermənistan beynəlxalq öhdəliyini də yerinə yetirə bilmir, bu gücdə deyil. Gedişatlar onu göstərir ki, ssenari əvvəlcədən planlaşdırılıb. Bayrağın yandırılması qabaqcadan ölçülüb-biçilib, planlaşdırılıb. Bayrağımızın təhqir olunması planlaşdırılmış məqsəd olub.
Haqlı olaraq, məsələ ilə əlaqədar Azərbaycan Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 283 və 324-cü maddələrinin müvafiq bəndlərinə uyğun cinayət işi başladılıb. Bu zaman Cinayət Məcəlləsinin ümumi hissəsinin 12.2-ci maddəsinə istinad edilir. Bu bənd onu ehtiva edir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan vətəndaşlarına, maraqlarına qarşı cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda törətdiyi cinayətə görə məhkum olunmadığı hallarda məhz Azərbaycanın qanunvericiliyinə uyğun cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılır. Əməl Ermənistan ərazisində törədilsə də, Azərbaycan Respublikasının birbaşa dövlət maraqlarına ciddi zərbələr vurulur. Bu da Azərbaycanın qanunları ilə cinayət məsuliyyəti yaradır.
Emənistan demokratik dövlət olsaydı, siyasi mədəniyyətə sahiblənsəydi, habelə beynəlxalq tədbirə hörmətlə yanaşsaydı, bu şəxsi cinayət məsuliyyətinə cəlb edib cəzalandırar, satifikasiya formasında Azərbaycan dövlətindən rəsmi üzr istəyərdi. Əfsuslar olsun ki, bu, əvvəlcədən müəyyənləşdirilmiş təxribat idi.
Məsaim ABDULLAYEV,
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

