“Bütün dünya müharibələri blokların yaranmasından əvvəl olub, bu gün biz bu mərhələni yaşayırıq. 1990-cı illərdə yaradılmış dünya nizamı dağılıb, oyun qaydaları pozulub, əvvəllər əhəmiyyətsiz rol oynayan beynəlxalq təşkilatlar indi, ümumiyyətlə, faktor olmaqdan çıxıblar. Hazırda yeni qütblərin və birliklərin formalaşması mərhələsidir. ABŞ və bütövlükdə, Qərb bir qütbdür, Çin ikincidir, Rusiyanın təmsil etdiyi üçüncü zəif qütb də var. Belə blokların yaranması həm Birinci, həm də İkinci dünya müharibəsindən əvvəl də olub. Yəni, əslində, indi biz 1910-cu və ya 1930-cu ili yenidən yaşayırıq...” Bu fikirlər Stenford Universitetinin siyasi elmlər doktoru, politoloq Artur Xaçikyana məxsusdur.
Erməni alim bildirib ki, hazırkı proseslər fonunda Qərb blokunun maraqları Ermənistanla deyil, onun rəqibləri ilə üst-üstə düşür və bu, getdikcə daha aydın görünür. “Son dövr ərzində bizim üçün çox təhlükəli olan bir sıra proseslərin şahidi olduq”, – deyən Xaçikyan fikrini əsaslandırmaq üçün Azərbaycan və Türkiyənin hərbi inteqrasiyasını, Türk Dövlətləri Təşkilatının fəallaşmasını, Azərbaycan və İsrail arasında yaxınlaşmanı önə çəkib. “Blinkenin bəyanatları, Azərbaycan və ABŞ-ın yüksək rütbəli hərbi rəsmilərinin son görüşləri göstərir ki, ABŞ orada öz strateji maraqlarını güdür. Yəni, Azərbaycan–Türkiyə–İsrail–ABŞ strateji birliyi yaranır. Yəni, Qərb hər gün bizə öz maraqlarını rəqibimizdə gördüyünü çox aydın və praktiki şəkildə nümayiş etdirir”, – deyə erməni alim vurğulayıb. Onun fikrincə, hazırkı situasiyada müstəqil Ermənistan dövlətinin varlığı ilə yoxluğunun heç bir əhəmiyyəti qalmayıb.
Qeyd edək ki, Xaçikyan bu ilin yanvarında da oxşar fikirlərlə gündəmə gəlmişdi. O bildirmişdi ki, erməni cəmiyyətinin hazırkı şəraitdəki davranışını izah etmək çətindir: “Biz yeni müharibə təhlükəsi, yeni qurbanlar, vətənimizin bir hissəsini, hətta bütün Ermənistanı itirmək təhlükəsi ilə üz-üzəyik. Amma insanlar elə davranırlar ki, elə bil, bunun onlara dəxli yoxdur. Düşünürəm ki, burada güclü və yaxşı maliyyələşən bir piar qrupu işləyir, o, cəmiyyəti manipulyasiya ilə aldatmaqdadır. Bu qrup keçmişdə olanlar və korrupsiya əməlləri haqqında danışır, insanlarda ağrılı xatirələr oyadır, onlara Qarabağ və Sünik (Zəngəzur) itkisindən sonra nə yaşayacaqlarını təklif edir”.
Politoloq Artur Xaçikyan bu ilin fevralında “Sputnik Armeniya”ya müsahibəsi ilə də diqqət mərkəzində olmuşdu. Türkiyə–Ermənistan normallaşması ilə bağlı məsələlərdən bəhs edən politoloq bildirmişdi ki, İrəvanla münasibətlərin yaxşılaşması belə, Ankaranı Zəngəzur dəhlizi ideyasından kənarlaşdırmayacaqdır. Çünki bu ideya Böyük Turan ideyasının vacib tərkib hissəsidir.
Onu da bildirək ki, həmin müsahibəsində A.Xaçikyan Paşinyanın bir neçə gün öncəki açıqlamasında səslənmiş məqamlara da bir növ aydınlıq gətirməsi ilə yadda qalmışdır. Erməni baş nazirin mövqeyinə gəlincə, o, Ermənistanın öz qoşunlarının 1991-ci il sərhədlərinədək geri çəkməyə hazır olduğunu vurğulamışdı. Təbii, Azərbaycan da buna razılıq verəcəyi təqdirdə. Bu, o deməkdir ki, Paşinyan, bilavasitə adını çəkməsə də, 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzərində dayanır. Xaçikyan isə haqqında söz açdığımız fevral müsahibəsində bildirmişdi ki, Ermənistan Alma-Ata Bəyannaməsini qeyd-şərtlə imzalayıb. “Abxaziya və Cənubi Osetiya artıq Gürcüstan olmadığı halda, SSRİ-nin daxili sərhədlərini beynəlxalq kimi tanıyan 1991-ci il sənədindən danışmaq nə dərəcədə düzgündür. Bəyannamə artıq pozulub. Həm də ona görə ki, hazırda Krım və Donbas Rusiyanın bir hissəsidir. O zaman bu dəyişiklikləri necə izah etmək olar?” – deyə Xaçikyan fikrinə aydınlıq gətirmişdi.
R.AMİN

